Daşnak abidəsi və Daşkəsən hadisəsi.Erməniləri yerində otuzduran Həsən Süleymanov FOTO
Bu gün, 07:04

Daşkəsən rayonunda qədim bir kənd var. Bayan. Kəndin ərazisində Tunc dövrünə aid daş qutu nekropol, Almabağı qalaçası, Son tunc – İlk Dəmir dövrünə aid nekropol, VII əsrə aid Həvari kilsəsi, VII-IX əsrlərə aid Çiçirəvəng alban məbədi, XV əsrə aid məbəd, körpü, XIX əsrdə salınmış körpü, 1823-cü ildə tikilmiş monastr və 1863-cü ildə inşa edilmiş kilsə var. Bura yeganə kənddir ki, canlı muzey sayıla bilər. Qeyd edim ki, Azərbaycanda tapılan qədim latın dilində İncil məhz Bayan kəndində kilsədə saxlanırdı, ermənilər onu oğurlayana qədər..
Bu barədə yazmışam: https://axar.az/news/layiheler/821300.html
Ermənilər uzun illər bu kənddə olan qədim xristian məbədlərini özünküləşdirmək üçün cəhdlər edirlər. 1948-1953-cü illərdə A.Mikoyanın təşəbbüsü ilə Daşkəsən rayonuna yüzlərlə erməni ailəsi köçürülür.

1969-cu il yayının sonunda Daşkəsən rayonunun Bayan kəndində Böyük Vətən müharibəsi əsgərlərinin xatirəsinə abidə hazırlanır. Qeyd edim ki, abidənin xərci 20 min idi ki, onun da əsas hissəsini yerli Azərbaycanlılar verirlər. Lakin abidə hazır olan kimi, ermənilər onun üzərinə Qartal heykəli qoyurlar..
Ermənilər bunun Daşnaklara aid olmasını inkar etsələr də , yerli sakinlər və yaşlı insanlar bu qartalın terrorçu Andranik Ozanyanın xatirəsinə qoyulan bir simvol olduğunu bildirib Daşkəsən rayonunun birinci katibi Həsən Süleymanova bildirirlər.
28 iyul 1969- cu ildə açılışı elan edilən abidənin üzərində bu qartal simvolunu görən Həsən Süleymanov 26-dan 27-nə keçən gecə şəhərin və kəndin bütün məmurlarını toplayaraq Bayana gəlir və abidəni uçurdur. Və kəndə çıxış edərək ermənilərə bildirir ki, nə qədər ki, O, bu vəzifədə qalacaq, Əli yüzlərlə günahsız Azərbaycanlının qanına batan Andronikin simvolu olacaq qartal heykəlinin bu torpaqlarda olmasına izn verməyəcək..
Rayonda və kəndə olan ermənilər aksiyalara başlayırlar, Moskvaya yazırlar ki, bəs birinci katib bütün erməniləri "öldürəcəyini" çıxışı zamanı deyir.

Başda arxitektor Sergey Teryan olmaqla nümayəndə heyəti Moskvaya şikayətə gedirlər. Qərar verilir. Hadisə dərhal araşdırılsın və Ömər Eldarov Bakıdan gələn heyətdə olur. Onun rəyi Həsən Süleymanov deyəni də təsdiq edir. Heykəl Ermənistanda olan daşnaklara qoyulan abidə ilə oxşardır və qartal da terrorçu Andronik Ozanyanı simvolizə edir.
Lakin ermənilər bununla sakitləşmirlər və şikayət o qədər Moskvaya gedir ki, axırda rəsmi qərar verilir:

“Şəxsi işinə yazılmaqla töhmət verilsin və tutduğu vəzifədən azad edilsin”. Hətta onun həbsi belə tələb edilir..
Birinci katib vəzifədən azad edilir, lakin həbs olunmur. İki il işsiz qalan təcrübəli geoloq olan Həsən Süleymanov Xəzər Dəniz Kəşfiyyat İdarəsinin rəis müavini təyin edilir və sonuna qədər də ermənilər ona bata bilmirlər..
Ömrünün son illərində ona sual veriləndə ki, peşiman olmusan ki, heykəli dağıdıb o vəzifədən getmisən ?
Həsən Süleymanov belə cavab verir: “Mən heç nəyə heyfslənmirəm, bu gün olsaydı yenə eyni hərəkəti edərdim”
Dr. Zaur Əliyev