“1993-cü ildə AXC Ali məclisindən istefamın səbəbini indiyədək açıqlamamışam...”
2-05-2019, 00:01
Vaqif Əlisoy: “Mənə Qarabağdan başqa heç nə lazım deyil...”
“Məktəbə, müəllimliyə qayıtdım. İstəyirəm ki, bizim mübarizəmizı davam etdirən, Qarabağı azad edəcək gənclik yetişdirəm...”
Bunu tanınmış Qarabağ qazisi, keçmiş tabor komandiri, milli azadlıq hərəkatının fəal iştirakçılarından olan Vaqif Əlisoy bir az öncə təqdim etdiyimiz əməkdaşımız Sultan Laçının “Sözümün canı ondadır ki, Xalq Hərəkatının maddi bəhrəsini oliqarxlar yeyir…” başlıqlı yazısı ilə bağlı Moderator.az-a açıqlamasında bildirib.
“Sultan Laçının yazdıqlarıyla tam razıyam. Əlavə heç nə demək və yazmaq istəmirəm... Onu da deyim ki, mən 1993 –cü ilin oktyabrında AXC - nin ən döyüşkən Cəbrayıl şöbəsinin və Müdafiə Komitəsinin sədrliyindən və AXC Ali Məclisindən istefa vermişəm. Səbəbini bu günə qədər açıqlamamışam və açıqlamaq fikrim də yoxdur. O gündən bu günədək heç bir partiya və qurumda təmsil olunmadım və olunmaq fikrində də deyiləm. Baxmayaraq ki, həm iqtidar, həm müxalifət tərəfindən ən yüksək postlara dəvət almışam...”
Keçmiş döyüşçü və hərəkatçı hazırda həyatının əsas hissəsini ixtisası üzrə pedaqoji fəaliyyətə, mübariz, vətənpərvər, Qarabağsevər gənc nəslin yetişdirilməsinə həsr etdiyini bildirib:
“Məktəbə, müəllimliyə, pedaqoji fəaliyyətə qayıtdım və istəyirəm ki, bizim mübarizəmizı davam etdirən, Qarabağı azad edəcək gənclik yetişdirəm. Mənə Qarabağdan başqa heç nə lazım deyil. Yəqin ki, status və paylaşmalarımdan da bunu hiss edirsiniz. Moderator.az-a və Sultan Laçına keçmişimizi mümkün qədər obyektiv və qərəzsiz təhlil edən bu cür yazılara görə təşəkkür edirəm...”