“O pula aktyorluq etməkdənsə, elə gedib daş daşıyaram”
14-11-2019, 18:03
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının (MRTŞ) sədri Nuşirəvan Məhərrəmli seriallarımızla bağlı tənqidi fikirlər səsləndirib.
“Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”.
Mövzu ilə bağlı millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan A.Abbas Azərbaycan seriallarının zamanla inkişaf edəcəyini, daha yaxşı olacağını deyib:
“Mən serialları izləmirəm, hərdən baxıram. Amma Azərbaycanda serial çəkilişi hələ təzə başlayır. Məni qane etmir, nəinki məni heç kəsi qane etmir. Kütlə baxır, bu başqa şeydir. Hələ təzə başlanır, yavaş-yavaş öyrənəcəklər. Serial kinodan fərqlidir, onun rejissoru da, aktyorları da, musiqisi də, operatorları da tam fərqlidir. Serialın tərtibatı da başqadır. O mənada birdən birə istəyirsiniz ki, Braziliya və ya türk serialları çəkilsin? Bu, mümkün deyil.
Hələ ki, bu sahə cavandır. 2-3 ildir bu sahəyə pul ayrılır. Bununla Polad Alemdar (“Kurtlar Vadisi”nin aktyoru – Red.) çəkmək mümkündürmü? Hələ 3-4 il də belə davam edəcək, sonra düzələcək. Vaxtilə Türkiyədə film çəkə bilmirdilər. Amma indi türk serialları bütün dünyanı işğal edib. O cümlədən də Rusiya da. Yavaş-yavaş olacaq, birdən-birə olmur. Həm də pul yoxdur. Aktyora 15-20 manat verirlər. 15 manata aktyorluq etməkdənsə, elə gedib daş daşıyaram. Ona görədə əsl aktyorlar seriallardan qaçırlar. Ulduzların heç biri seriallarımıza çəkilmir. Bu da pis təsir edir. Məsələn, dünən mən bir Hollivud filminə baxdım, film rəqslə bağlı idi, aktyorların da hamısı məşhur ulduzlar idi. Film özü mənasız bir film idi, amma məşhur aktyorlara görə hamı baxır.
Mən Azərbaycan seriallarına baxmıram. Dəqiq deyə bilmərəm ki, onlar gənclərin tərbiyəsini pozur, ya yox. Nuşirəvan müəllimin vəzifəsidir, ona görə baxır. Görünür, onun dediklərində həqiqət var. Serialları deyə bilmərəm, amma elə Azərbaycan televiziyaları gəncləri, cəmiyyəti məhv edir. Xüsusən, özəl televiziyalarda müəyyən verilişlər var ki, biabırçıdırlar. Niyə seriallardan yapışırsan ki? Onlara da heç kim heç nə deyə bilməz, çünki onlara dövlət pul ayırmır, nəticədə onlar pul xatirinə, reytinq xatirinə kimi gəldi televiziyaya buraxmalıdırlar ki, kanalları bağlanmasın. Yoxsa hind filmlərinə baxa-baxa “Space” də bağlanıb gedər”.
Kinoşunas Sevda Sultanova gənclərin tərbiyəsini nəzarətdə saxlamağın absurd olduğunu bildirib:
“Seriallara baxmağa vaxtım yoxdur. Serialların məzmunundan, keyfiyyətindən xəbərsiz olduğumdan onların gənclərə necə təsir etdiyini deyə bilmərəm. Ayrıca bu barədə məlumatım yoxdur ki, seriallar tərbiyəyə təsir edir, ya yox. Ümumiyyətlə, şəxsiyyət vəsiqəsi almış adamın tərbiyəsini nəzarətdə saxlamaq mənə absurd gəlir. Tərbiyə məsələsi kompleks işdir. Yəni, ev mühitinin, təhsilin, cəmiyyətin buna təsiri var. Bir qayda olaraq serialların mövzusunu təyin edəndə tamaşaçı rəyi də nəzərə alınır. Yəni kütləvi tamaşaçı ekranda nəyi görmək istəyir. Çünki serial özü də əmtəədir. Bir tamaşaçı kimi mən komediyaya üstünlük verirəm. Çünki həftə ərzində o qədər ciddi film izləyirəm ki, yorğunlumu çıxarmaq üçün yumora ehtiyacım var”.