“Sərxan Carçı ermənilərin səfərinə etiraz etdi: 17 noyabrda…”
15-11-2019, 09:46
Yazılanlara görə erməni jurnalistlər Bakıya gəlir. Müzakirələr mövzusunda əsirlərin dəyişdirilməsi məsələsi var deyə, “sən bilmədiyim çox şey var” tənəsindən ehtiyatlanaraq səfərləri barəsində heç nə yazmıram.
Amma səfərin məhz 17 noyabrda, Milli Dirçəliş Günümüzə təsadüf etməsi heç təsadüf deyil məncə.
101 il öncə 17 noyabrda əcdadlarımız təzəcə elan etdiyi bayrağı qaldıraraq dünya güclərini qəbul edib, ölkəmizi dünyaya qəbul etdirdilər.
31 il öncə 17 noyabrda böyüklərimiz həmin bayrağı yenidən qaldıraraq Azadlıq Hərəkatına başladılar.
30 il öncə 17 noyabrda o bayrağı ermənilərin gözü qarşısında Göyəzən dağının zirvəsinə sancdılar.
29 il öncə 17 noyabrda hələ sovetlər dağılmamış tarixi bayrağımız Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi.
İndi 17 noyabrda o bayrağı əlimizə alıb, ermənilərimi qarşılayaq?!
Məncə səfəri 31 Marta salıb, onlara soyqırım abidələrini ziyarət etdirmək lazım idi.
Qeyd edək ki, Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Erməni jurnalistlər bəzi dövlət qurumlarına baş çəkəcəklər və ekspertlərlə görüşəcəklər.
Jurnalistlər arasında səfər mübadiləsi qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub.
Bundan sonra azərbaycanlı jurnalistlərin Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir.
Sərxan Carçı, “CARÇI” Araşdırma Mərkəzinin sədri