Dünyaca məşhur alimlə din, insan, həyatla bağlı SENSASİON MÜSAHİBƏ: Ruh yoxdur, ona görə yaşayırıq ki...

28-11-2019, 09:54           
Dünyaca məşhur alimlə din, insan, həyatla bağlı SENSASİON MÜSAHİBƏ: Ruh yoxdur, ona görə yaşayırıq ki...
Ona sadəcə geologiyanın, tarixin dühası demək bəs edir. Publika.az-ın müsahibi sensasion araşdırmaları ilə dünyanı fəth edən alim Celal Şengördür.
- Hocam, çıxışlarınızın çoxunu sevə-sevə izləyirəm. Bu yaxınlarda dediniz ki, mən öləndən sonra torpağa basdırılmaq istəmirəm.
- Eynən elə demişəm. Tarixdə İmperator Manuel olub. Bu gün məzarı İstanbuldadır. Amma axtarıb tapa bilmirik. Çünki torpağa qarışıb. Məşhur Bizans İmperatoru Yustinianın, Böyük Konstantinin qəbirlərinin harada olduğu bilinmir. Yaxşı mən öləndən sonra torpağa basdırılsam, nə olacaq?! Mənasız prosedurdur. Halbuki cəsədimi elmi araşdırma mərkəzlərinə verə bilərlər. Skeletim üzərində tələbələrə dərs keçərlər.
- Bəs orqanlarınızı bağışlamağı düşünmürsünüz.
- Bununla bağlı fikirlərimi də təhrif edib mediada yaymışdılar. Demişdim ki, ölümümdən sonra oqranlarımı heç vaxt bağışlamaram. Amma kimlərə? Tutaq ki, biri arvadını öldürüb, digəri terrorçudur. Hər önümə gələnə orqan bağışlaya bilmərəm axı. Həmin insan bu fədakarlığa dəyəcək qədər cəmiyyətə, ətrafına faydalı olmalıdır. Mənim sağlığımda tanımağıma ehtiyac yoxdur. Amma həkimlər və doğmalarım bu addımı atanda yüz ölçüb bir biçməlidirlər. Bir sözlə, öləndən sonra bütün bədənimi elm yolunda fəda edəcəm.
- Bəs evtanaziya nə dərəcədə məntiqli qərardır?
- Xanımıma da söyləmişəm. Çarəsiz xəstəliyə yaxalansam, yaxud ağrılarımla ətrafımdakıları bezdirsəm, məni yer üzündən “təmizləyin”. Axı doğmalarım da yazıqdır. Mənə qulluq etmək məcburiyyətləri yoxdur.
- İndi bir mərhələ geri dönək. Həyatın mənası nədir?
- Yoxdur! Nə mənası ola bilər?!
- Bəs nə uğrunda mübarizə aparırıq?
- Yaşamaq, həyatda qalmaq uğrunda... Bəyənmirsən, yıxıl, öl.
(gülürük)
Sən özün həyata nə məna verirsənsə, əsas anlamı da odur. Məsələn, mənim üçün həyatın mənası geologiyadır. Davamlı öyrənmək, öyrətmək istəyirəm. Məndən sonra gələcək insanların dünyanı daha rahat dərk etməsini asanlaşdırmaq istəyirəm. Hər kəs bu zövqü özü təyin edir. İt, yaxud pişik həyatda məna axtarırmı?! Tək fərqimiz odur ki, şüurumuz bir az çox çalışır.

- Kapitalizmin gələcəyi var?
- Təbii ki, var. İnsan oğlu öz mənfəəti üçün yaşayır. Bir adam zənginləşmək fürsətini tapırsa, ona mane olmaq mümkün deyil. Kapitalizmin başqalarına zərər verməməsi üçün dövlət tədbir almalıdır. Adam Smit deyir ki, məktəblərin yüzdə əllisinə dövlət hakim olmalıdır. Əslində kapitalizm bu dövr üçün ən yaxşı iqtisadi sistemdir. Çünki digərləri artıq çöküb. Amma kapitalizmi də Amerikadakı kimi nəzarətsiz deyil, Avropadakı kimi qurmaq lazımdır.
- Amma çıxışlarınızın birində Avropa mədəniyyətinin çökmək üzrə olduğunu demisiniz.
- Mən belə demişəm ki, Avropa mədəniyyəti yavaş-yavaş çökür. Bu da ona görə baş verir ki, Avropa öz kökündən qopur. Dərin düşünsək, çağdaş dünya üçün ən yaxşı mədəniyyət elə Avropadır.
- Bəs tarix boyu ən ideal cəmiyyət hansı olub?
- İstənilən halda bugünkü. Çünki zaman keçdikcə səhiyyə də, elm də inkişaf edir. Daha rahat, daha əmin yaşayırsan. Amma hazırda Avropada mühacirlərlə bağlı problem var. Sənin evinə başqası gəlib öz qanunları ilə yaşasa təbii ki, xoşuna gəlməz.
- O zaman sizcə, iqrçilik və savaşlara meyilliliyi genetik kodumuzdan təmizləməyin pəhrizi var?
- Təəssüf ki, yox. Dediyim kimi, insan üçün ən vacib məqam istədiyini əldə etməkdir. Zaman keçdikcə savaşların şəkli, xarakteri də dəyişir. Silahı əlinə alıb düşmənnin üstünə hücum çəkmək yerinə, iqtisadi, siyasi mühairbələr başlayırlar. Yəni savaşlar da inkişaf edir, yenilənir. Savaşa meyillilik insanın genetik kodundadır. Bu, heyvanlarda da var. Məsələn, meymunlar qəbilələrə ayrılıb bir-birinə hücum çəkirlər. Bunu durdurmaq qeyri-mümkündür.
- Din və elm...
- Bu iki anlayış birgə yaşaya bilməz. Çünki din imana əsaslanır. İman isə sorğulamadan inanmaq deməkdir. Elm isə hər şeyi araşdırır, bir sualdan digəri doğulur. Odur ki, ikisi bir arada olmaz. Məncə, insanlıq tarixinin ən zərərli icadı dindir. Din ucbatından ölənlərin sayı digər səbəblərdən həlak olanlardan qat-qat çoxdur, milyonlarla mədəniyyət məhv olur, təhrif edilir. Məsələn, katolik keşişlər Amerikaya getdilər. Astek, mayya kitabxanalarını yandırıb yox etdilər. Bilirsən, uşaq vaxtı anam mənə Allahın varlığından danışırdı. Bir yandan da oxuduğum alman nağıllarında cadugər obrazından qorxurdum. Anam hər dəfə sakitləşdirirdi ki, bu, nağıldır. Heç cadugər, əccinə görmüsən həyatında? Demək inanmaq olmaz. Beynimdə düşündüm ki, bunlar hər ikisi eyni kateqoriyaya aiddir. Buna inanmıramsa, digərinə də inanmayacam. Ümumiyyətlə, insan doğulduğu gündən bəri ətrafında baş verənlərin izahını axtarıb. Bu, yaşamaq üçün çox önəmlidir. Baş verənləri dərk etməlisən ki, tədbirli olasan, həyatın yüngülləşsin. İstər ildirim çaxsın, istər fırtına qopsun, tarixən bütün suallara bir cavab, məntiq axtarmışıq. Sualların cavabını axtararkən isə yalan uydurmuşuq. Bilginin əsasını da bu yalanlar təşkil edib. Hər şeyi öz şüurumuzla ölçmüşük. Məsələn, ildırım çaxırsa, demək nəyəsə əsəbiləşib. Axı mən də hiddətlənəndə coşuram. Bəs nə vaxt sakitləşirəm? Kompliment eşidəndə, hədiyyə qəbul edəndə. Qədim zamanların ən dəyərli hədiyyəsi isə qida idi. Günlərlə busquda durub ovladığı yemini də gətirib xəyali avtoritetə təqdim edir, ünsiyyət qurmağa çalışırdı. Bir yandan da ovladığı heyvanla savaşda ya qurbana, ya da qatilə çevrilib, ölümü tanıyırdı. Və ağızdan çıxan son nəfəsi ruh zənn edirdi. Düşünürdü ki, ruhdan qorunsam, heyvandan da xilas olaram. Körpəlikdən əsas kömək istiqamətimiz ana və atamızdır. Onlar öləndən sonra ağızlarından çıxan “ruh”dan imdad diləyirik. Odur ki, ovçu qəbilələrində tanrılar yox ruhlar var.
Daha sonra ana tanrılar yarandı. Yəni kök tenqrilər. Çingiz xan bütün savaşlardan öncə üzünü göyə tutub ana tenqri ilə danışardı. Maldar toplumlarında isə vəziyyət qarışıqdır. Bərəkətləri torpaqdan gəldiyi üçün ana tanrını torpağa bərabər tuturdular. Yəni müəyyən dövrədək baş tanrı mütləq Tanrıça-qadın sayılır. Birdən torpağın üstündə vulkan püskürür, şimşək çaxır. Bəzən bir vulkan bütün adanı məhv edir. İnsan vulkanın kənarından tökülən obsidian daşından faydalanmağa başlayır. Silah hazırlayır. Bir gün deyir ki, bu məni döyür, əlimə silah verir, anam kimi doyurmur. Demək atamdır. Beləcə tanrı ataya çevrilir. Bu yolla dinlər də geniş vüsət alır. İnsanları özlərinə qurban edir.
- Bəs bu gözqırpımı ömrümüzdə nədən fayda umaq?
- Elm, elm, elm! Elm səni həqiqətlə təmas nöqtəsinə çatdırır.
- Amma elm də bəzən mərhəmətimizi duyğularımızı soyudur, öldürür.
- Niyə öldürür?! Elm deyir ki, enerji kütlə ilə işıq sürətinin kvadratının hasilinə bərabərdir. Siyasətçilər isə bundan silah hazırlayıb insanları öldürürlər. Elm adamı heç vaxt cani olma bilməz. Elm insalığı qaranlıqdan aydınlığa çıxarır.

- Dünya xalqlarının birləşəcəyi o gün yaxındır?
- Bu, mütləq baş verəcək. Bilirsən nə vaxt? Xarici qüvvələrdən təhlükə gəldiyi gün birləşəcəyik.
- O təhlükəni gözləyirsiniz.
- Əlbəttə. Bu mövzuda minlərlə araşdırma aparılır. Titanda həyat cizgləri tapılıb. Çünki, səthində hidrogen gərəkdiyindən çox azdır. Demək, orada da yaşayan var ki, hidrogen yeyir. Orada bir hüceyrəli heyvanlar timsahla bir ölçüdədir. Əminəm ki, Marsda da həyat var. Tezliklə hamısı üzə çıxacaq.
- Hocam, mübahisəli bir mövzu haqda da danışmağınızı istəyirəm. Müasir insan modeli nə vaxt formalaşmağa başlayıb?
- Nə az, nə çox iki milyard ilə... Lakin homo sapiensin 100 milyon yaşı var.
- Bu zaman çərçivəsində çox dəyişmişik?
- Çooox... Məsələn, qadının sinəsi niyə böyük ölçüdədir? Çünki sənin erkəyin ovçudur. Ovunu ovlayır, özü yeməyib sənə gətirir. Çünki onu sənə bağlayan, cəlb edən bir şeyin olmalıdır. Ayaq barmaqların pəncənin ucundadır. Ona görə ki, qaçırsan. Bədənin niyə kürklə örtülməyib? Çünki sənin yaşadığın mühitdə buna artıq ehtiyac yoxdur.
- Bu təkamül davam edir?
- Hətta bu an da davam edir.
- Təkamül qüsursuzlaşmaq, gözəlləşməkdir?
- Mənə görə, gözəllik simmetriyadır. Məsələn, sənin gözünün biri yanağının yerində olsa, vahiməli görünərsən. Simmetrik olmayan insan düşün, xoş gəlməz axı bizə...
- Ruh, son nəfəsdən əlavə həm də poetik uydurmadır. Eləmi?
- Sənin duyğuların da, fikirlərin də beyninin məhsuludur. Həyatını niyə çətinləşdirirsən?! Ruh deyilən məfhum yoxdur.
- Mənim ən doğma insanım ölür. Son nəfəsi bədənindən ayrılan kimi sevgisi, nifrəti, xatirələri də məhv olur?
- Finito! Son!
- Bəs onda özümüzü nə üçün, kim üçün üzürük, nəyə görə yoruruq, məhv edirik?!
- Yaşamaq üçün. Dedim sənə... Alışqanlıqların, mədəniyyətin var, ətrafından qazandıqların və bioloji vəzifələrin formalaşır. Məsələn, uşağına niyə qayğı göstərirsən? Çünki anan da səni sevib, böyüdüb. Bu, sənin genlərindən gəlir.
- Hocam, belə çıxır ki, doğmalarınız dünyadan köçəndə, onlara yas tutmursunuz.
- Buna ehtiyac yoxdur axı. Bu insan yaşadı, misiyasını tamamladı, və bitdi. Mən valideynlərim dünyasını dəyişəndən sonra onların məzarını ziyarətə getmədim. Yoxdur bu insanlar. Torpağa basdırılmış daşın nəyini ziyarət edim?! Hətta ən sevimli müəllimlərim də öləndə, gözəl müzakirələrimizin, elmi söhbətlərimizin bir daha baş tutmayacağına üzüldüm, amma bir yandan da yolum davam edir. Yasa batıb kimi geri qaytaracam?!
- Məncə, siz bütün elmi fəaliyyətinizi bir kənara qoyub psixoloq kimi çalışın. Fəlsəfəniz çox qəddar və rəhmlidir.
- (gülür) minnətdaram, əzizim.
- Bəs eşqin xarakteristikasını verə bilərsiniz?
- Bax, eşq, sevgi iki yerə bölünür. Birincisi, müəyyən istiqamətə bəslədiyimiz ehtirasdır. Kişi və qadın məhəbbəti isə sekslə başlayır. Çünki təbiət sənin bir kişi ilə cütləşməyini istəyir ki, nəsil davam etsin. Lakin bu mərhələdən sonra sən ərinlə ümumi maraqlara sahibsənsə bu sevgi hörmətə, doğmalığa dönür. Məsələn, bugün xanımımla aramızda intim münasibət yoxdur, amma bir-birimizi əvvəlkindən də çox sevirik. 30 ildən çoxdur eyni həyatı bölüşürük.
- Yaxşı, deyək ki, qadınla kişini nəsil artırmaq missiyası birləşdirir. Bəs iki kişi, yaxud qadının arasında ehtiras, eşq niyə yaransın?
- Bu təbiətin oyunudur. Xromosomlarındakı kiçik bir xəta, üstəlik psixoloji durum orientasiya pozğunluğuna səbəb olur. Bu, xəstəlik deyil. Bir qadının, yaxud kişinin həmcinsinə qarşı intim duyğular bəsləməsinin mənə, yaxud sənə nə aidiyyəti var?!
- Bəs təbiət bunu niyə istəsin?
- Genetik quruluş təsadüfə bağlıdır. Valideynlərin cütləşir, sən doğulursan. Cütləşmə nəticəsində sənin xromosomlarındakı genetik kodun istənilən səbəb ucbatından zədələnirsə, başqa bir orqanizmə sahib olursan. Məsələn, Enşteyn kimi, Mikelancelo kimi fövqəltəbii mutasiyalar doğulur. Həriflər dühadılar, müəzzəm varlıqdırlar.
(gülürük)
- Belə çıxır ki, dahilik məqamına yetişmək üçün genetik kodumuz zədələnməlidir.
- Hardasa buna bənzər bir şey...
Leyla Sarabi,
Foto: Pərviz Həşimi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.