“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas
28-11-2019, 10:22
Gündəmin əsas polemikalarından biri də azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləridir.
Bu səfər ictimaiyyətdə birmənalı qarşılanmadı. Ardınca erməni qəzetləri yazıb ki, deputatların da eyni formatda səfəri gözlənilir.
Qarabağ ətrafında müzakirələrdən digəri isə ictimai fəal Bəxtiyar Hacıyev və bloger kimi tanınan Ata Abdullayevin Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşaraq sual vermələridir.
Hacıyevin təşəbbüsü bir çoxları tərəfindən müsbət qarşılansa da, Abdullayevin davranışını hər kəs rüsvayçılıq sayır. Bütün bu məsələlərə yazıçı-deputat Aqil Abbasın münasibətini öyrənmişik. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Aqil müəllim, jurnalistlərin qarşılıqlı səfərlərindən əvvəl demişdiniz ki, ora gedən də, gələn də qələt edir. Bu fikrinizdə hələ də qalırsınızmı?
- Son bir neçə gündə məndən bu məsələni dəfələrlə soruşublar və fikrimi bildirmişəm. Demişəm və yenə deyirəm ki, bu cür səfərlər mənasızdır, lazımsızdır. Bunun bizə heç bir xeyri yoxdur.
Əksinə, bizimlə məzələnməkdir. Adama sual verərlər ki, ora niyə getmişdiniz və ermənilər burada nə sülənirdilər? Axı gedib nə iş gördünüz?
İndi də oxuyuram ki, deputatların qarşılıqlı səfərləri təşkil olunacaq. Sonra deyəcəklər ki, “Neftçi” ilə “Ararat” komandaları bir-biri ilə futbol oynasınlar, sonra bizi seçmə mərhələlərdə bir qrupa salacaqlar, bax, belə-belə...
- Sizcə, xalqları barışdırmaq prosesinin tərkib hissəsidir?
- Azərbaycanın torpaqları işğal altındadırsa, ora getməzlər. Hələ deyirlər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşsünlər. Barışdırsınlar da... Göyçə, Zəngəzur unuduldu, sabah da bacı-qardaş kimi olacağıq, gələcək nəsillərin də yadından bu hadisələr çıxacaq. Bu cür hisslərimizlə oynamasınlar.
O gün Dağlıq Qarabağın Azərbaycanlı icmasının bəyanatına baxıram, gülməli açıqlamalar verirlər. Bəyanatda deyirlər ki, jurnalistlərin qarışılıqlı səfərini yüksək qiymətləndirirlər. Bu səfərdə yüksək nə olub ki, qiymət verirsən? Bizimkilər qayıdandan sonra indiyə qədər bir sətir yazmayıblar. Bəs ora niyə getmişdilər? Amma erməni nə yazdı? Yazdı ki, Qarabağ məsələsi qurtarıb.
- Yəni “xalq diplomatiyası”nın bir xeyri yoxdur?
- Bu şəraitdə münaqişənin həllinə heç bir təsiri yoxdur ki, ziyanı var. Bundan əvvəl də Qarabağa gediblər, görüşüblər, nə əhəmiyyəti olub?
“Xalq diplomatiyası” müharibədən, torpaqlarımızı azad edəndən sonra faydalı ola bilər. Jurnalistlər, ziyalılar, yazıçılar görüşərlər, xalqlar arasında barışığa çağırış edərlər.
Bizim torpaqlarımız işğaldadır, doğmalarımızın qəbirləri düşmən əsarətindədir, qarşılıqlı səfərlərin xeyrindən danışırlar.
Əlbəttə ki, müharibə qurtarsa, “xalq diplomatiyası” işə düşə bilər. Necə ki, alman rus müharibə edib, almanla fransız düşmən olub, yəhudilər qırılıb. Amma indi düşmən deyillər ki?!
Əgər Qarabağ münaqişəsi ədalətli şəkildə həllini tapırsa, onda “xalq diplomatiyası”ndan danışmaq olar.
- Aqil müəllim, sizcə, bundan sonra azərbaycanlılarla ermənilər barışa bilər ki?
- Nə vaxtsa barışa bilər. Elə arada barışmışdılar. Sovet vaxtı hərəsinə bir şillə-şapalaq qoydular, barışdırdılar. Sadəcə, bizim yaddaşımız yoxdur.
Bəlkə də böyük millətlərdə unutqanlıq olur, ondandır. Amma barışarıq, sonra onların elədikləri yaddan çıxar, gələcək nəsillər xatırlamaz.
- Yəni sizə heç deputat yox, bir yazıçı, jurnalist kimi Qarabağa, Ermənistana səfər təklif olunsa getməzsiniz?
- Mən nəslimlə, əcdadımla qələt edərəm ora səfər edərəm. Heç vaxt getmərəm! Ona görə də utansınlar, ayıbdır...
Orada nəsli qırılmış, anasının, atasının qəbri dağılmış insanlar var, sinif yoldaşlarım vətən uğrunda döyüşlərdə şəhid olublar. Mən bu vəziyyətdə Ermənistana, Qarabağa necə gedə bilərəm?
Bu günə qədər Qarabağ mövzusunda onlarla əsər yazmışam, əgər getsəydim, qayıdıb yenə o cür yazardım. Amma mən Ağdama, Qarabağa qalib getmək istəyirəm.
- Azərbaycanlı fəalların Paşinyana yaxınlaşmasını, ümumən erməni rəsmiləri tədbirlərdə “yaxalanmaları”nı bəs necə qarşılayırsınız?
- Bəxtiyar Hacıyevi gördüm və çox xoşuma gəldi. Belə təşəbbüslər olmalıdır, bəyənirəm. Amma ağıllı suallar verilməlidir, daha gedib “umalyayu” deyilməli deyil.
Azərbaycanlı dünyaya öz intellektini, savadını göstərməlidir, sualına konkret cavab tələb etməlidir.
Ona görə də bu cür dialoqlara baxır ki, kim və necə gedir. Məsələn, Fuad Abbasov kimi jurnalisti göndərmək olardı. Amma Fuadı sıradan çıxardılar.
Söz yox ki, hər bir azərbaycanlı Almaniyada, yaxud Hollandiyada hansısa tədbirə daxil olub Ermənistan rəhbərliyinə fikrini söyləyə, etirazını bildirə bilər, səfirlik qarşısında bayraq qaldırar. Burada qəbahət yoxdur.
Həmin azərbaycanlının savadı olmaya da bilər. Amma sən dialoqa gedirsənsə, onda savadın, ağlın, intellektin olmalıdır. Çünki özünü yox, ölkəni, millətini orada təmsil edirsən.
- Sizə elə gəlmir ki, Bəxtiyar Hacıyev diaspor təşkilatlarının etmədiyini bir gündə elədi?
- Yox, bu cür fərdi şəxsi təşəbbüslər də olmalıdır. Amma sizə deyim ki, son dövrlərdə diasporumuz güclənib, xeyli işlər görürlər. Mən Hollandiyada bunun şəxsən şahidi olmuşam.
Sadəcə, diaspor təşkilatları yaradıb bir-birinin müxalifi olmağı qəbul etmirəm. Diaspora bəzən elə iş görməlidir ki, heç millət bilməsin.