“3 dəfə deputat seçilmişəm, bu dəfə də...” - Aqil Abbas
28-11-2019, 17:09
Mənim bu barədə məlumatım yoxdur. Ancaq aydındır ki, parlamentdə çoxluq Yeni Azərbaycan partiyasındadır. YAP-ın 70-dən çox deputatı var. Prinsipcə, belə qərar qəbul edə bilərlər.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin bitərəf deputatı, yazıçı Aqil Abbas Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında hakim partiyanın parlamentdəki deputatlarının geri çağırılması barədə qərar qəbul olunması haqda yayılan xəbərlərə reaksiya verərkən deyib.
Milli Məclisdə çoxluğun hakim partiyada olduğunu xatırladan Aqil Abbas əlavə edib ki, əgər hakim partiya parlamenti buraxmaq niyyətində olsa, təbii ki, məsələni səsverməyə çıxararaq qalib gələcəklər: “Burada nə var ki? Hər şey qanun çərçivəsində olur”.
Aqil Abbas yeni seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi haqda suala da cavab verib: “Mən Qarabağ bölgəsindən 3 çağırış Milli Məclisə deputat seçilmişəm. Hər dəfə də namizədliyimi irəli sürməzdən əvvəl gedib seçicilərimlə görüşmüşəm, sual etmişəm ki, məndən razısınızmı? “Hə” cavabı eşitmişəm və bundan sonra namizədliyimi irəli sürmüşəm. Yenə də məsləhət biləcəklərsə, namizədliyimi verəcəyəm, bilməsələr, verməyəcəyəm”.