"Çakır"a Bakıda ev hədiyyə etdilər?

30-11-2019, 01:17           
"Çakır"a Bakıda ev hədiyyə etdilər?
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca Bakıya gəlib. Bakıda geyim mağazasının açılışında içtirak edən kino ulduzu böyük izdihamla qarşılaşıb. Bundan dolayı aktyor pərəstişkarları ilə təşkil edilmiş görüşü yarımçıq tərk edib.

Publika.az-a özəl müsahibə verən məşhur qarşılaşdığı izdiham və Bakı təəssüratlarını bölüşüb.

- Oqtay bəy, xoş gəlmisiniz. Bakıda qarşılaşdığınız izdihamdan sonra özünüzü necə hiss edirsiniz?

- Bakıya gəliş səbəbim türk geyim mağazasının açılışı ilə bağlı idi. Azərbaycanda sevildiyimi təxmin edirdim. Təxminlərimdə yanılmadım, həqiqətən inanılmaz izdihamla qarşılaşdım. Əslində, tədbirdə bir az daha qalmalı idim, amma izdihamdan dolayı erkən çıxmalı olduq.

- Bu izdihamı görəndə qorxdunuz?

- Əlbəttə yox, insan sevənlərindən qorxarmı? Sadəcə ciddi izdiham olduğu üçün tədbiri yarımçıq bitirməli olduq. Sözsüz ki, bu sevgi və sayığı qarşısında özünlə çox qürur duyursan... Çox duyğulandım, şərəf verdiniz. Sənətəminə burda verilən qiymət, diqqət və hörmət məni çox xoşbəxt etdi. Həmişə demişəm ki, Bakı mənim üçün ögey şəhər ola bilməz. İnstaqramda izləyici reytinqimə əsasən Bakı 3-4-cü şəhərlər sırasındadır.

Bakı və Azərbaycanın yeri qəlbimizdə həmişə xüsusi olub, bu yeri hər zaman hiss etmişəm. Qarşılaşdığım izdiham bir daha göstərdi ki, yanılmamışam. Könül istər ki, bir neçə gün qalıb şəhəri gəzim, bu gözəlliklərdən zövq alım. İşlərimdən dolayı qayıtmalıyam. İlk dəfə Bakıya 10 il əvvəl gəlmişdim, bu səfərimdə şəhərin dəyişdiyini, sürətlə inkişaf etdiyini gördüm. Avropa paytaxtlarından heç bir fərqi yoxdur. Şəhərin memarlığına önəm verilib, bütün bunlar şəhərin mənzərəsini daha baxımlı edir. İnşallah növbəti dəfə doyunca gəzmək qismət olar.

- Ev almaq arzunuz artıq bütün şəhərə yayılıb.

- Bəli, bununla bağlı zarafat etdim. Dostlarıma dedim ki, bəlkə burdan özümə bir ev alım. Dostum dedi ki, hədiyyə edərəm (gülür).

- Azərbaycan mətbəxi ilə tanışsınızmı?

- Yeməkləriniz çox dadlıdır, önümüzə nə qoysalar onu yeyirik. Adlarını bilməsəm də, çox ləziz olduğu dəqiqdir.

- Oqtay bəy, siz həm çox güclü aktyor, həm də türk kinosunun böyük şəxsiyyətlərindən birisiniz. Öz duruşunuzla sarsılmaz bir obraz yaratmısınız. Reallıqda da kənardan göründüyünüz qədər sarsılmaz və möhkəmsiniz?

- Qəliz sualdır, bunu dost-tanışlarımdan soruşun. Özüm haqqında necə danışım. “Sən kimsən” sualı versəniz, deyərəm ki, heç kiməm. Dürüst, dəqiq, öz dünyasında yaşayan vicdanlı bir insan olmağa çalışıram. Həyatım boyu qarşıma qoyduğum əsas missiyam bu olub. Və işimi yüksək səviyyədə yerinə yetirməyə çalışan aktyoram.

- Oynamağa özünüzü hələ hazır hiss etmədiyiniz bir rolunuz varmı?

- Peşəkar aktyor ona verilən istənilən rolun öhdəsindən gəlməyi bacarmalıdır. Atatürkü oynamaq istəyərəm, ən azından ölmədən əvvəl... Daxilən özümü bu rola hazırlamışam, ağlımda da artıq yaratdığım bir obraz var.

- “Kurtlar vadisi”ndə Çakır, yoxsa “Eşkiya dünyaya hökümdar olmaz” serialındakı Xızır rolu sizin üçün daha dəyərlidir?

- Onyadığım bütün rollar mənim üçün qiymətlidir. Dəyər verməsəydim, oynamazdım.

- Seriallarda və filmlərdə sizi adətən müsbət qəhrəman obrazlarında görürük. Bəs həyatda “oynadığınız ən mənfi rolunuz” nə olub?

- Elə bir rolum olmayıb.

- Niyə türk film və seriallarında bəzi mafiya obrazları qəhrəman kimi təqdim olunur?

- Sizin kimi düşünmürəm. Məsələ ondadır ki, bu rollar digərlərindən daha diqqətçəkicidir. Halbuki o qəhrəmanlar üzərindən cəmiyyətə öyrədilən ailə, sədaqət və dostluq kimi müqəddəs dəyərlər var.

- Azərbaycan mədəniyyəti ilə tanışsınızmı?

- Bizə gəlib çatan şərqiləri dinləyirik, amma peşəkar musiqiçilərlə şəxsən tanışlığım yoxdur. Kimin yaxşı oxuduğun bilmirəm, Azərbaycanda hər kəsin gözəl səsi var, dostum.

- Sənətiniz sizə şöhrət və var-dövlətdən başqa nə qazandırıb?

- Ömür yolunun hər mərhləsində qarşıya qoyulan hədəflərimiz olmalıdır. “İstədiyimə nail oldum” demək ömür yolunun başa çatması deməkdir. Odur ki, həyatınızı mənalı etmək üçün hədəfə doğru yaxınlaşmağa çalışın.

Aytən Məftun

Foto: Pərviz Həşimi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.