AMİP-dən İrana Osmanlı dərsi: “Molla əbasına bürünən fars şovinizmini də eyni tale gözləyir!”
30-11-2019, 08:45
oyabrın 26-da İranda erməni dilində “Gələcək üçün Artsax xatirələri” adlı kitabın təqdimatı keçirilib.
Aznews.tv xəbər verir ki, Vahik Torosianın erməni işğalını legitimləşdirmək, ona haqq qazandırmaq məqsədilə qələmə aldığı ikinci kitabı Tehranda nəşr olunub.
Ermənilərə məxsus “Araks News” xəbər portalının yaydığı məlumata görə, kitabın təqdimatında “Friden alimlər birliyinin üzvləri”, keşiş Məsrup Ratusiyan, Tehran və İranın şimal şəhərlərində yerləşən ermənilərin parlamentdəki deputatı Karen Xanləri, Heraç Safarian, Qaspar Əmirxanian, Melina Manqasariyan və Vahik Torosiandan ibarət erməni lobbisinin üzvləri iştirak ediblər.
Bu hadisə ilə bağlı Ovqat.com-un suallarını cavablandıran AMİP-in sədr əvəzi Arzuxan Əlizadə Azərbaycanın ərazi bütövlüyünə bu hörmətsizliyin arxasında rəsmi Tehranın dayandığına inanır. Onun sözlərinə görə, İran kitab nəşri və mətbuat üzərində ağır senzuraların tətbiq olunduğu ölkələrdəndir: “Odur ki, ilk baxışdan erməni millətçi çevrələrin təşəbbüsü kimi görünən nəşrin əslində rəsmi Tehranın razılığı ilə ərsəyə gəlməsi şübhə doğurmur. Üstəlik, kitabın təqdimatında 5 erməni deputatının iştirakı da bu ehtimalı gücləndirir”.
Partiya yetkilsinin fikrincə, Azərbaycanın ərazi bütövlüyünün ayrılmaz hissəsi olan Qarabağın erməniləşdirilməsinə və tarixin saxtalaşdırılması cəhdinə rəsmi Tehranın laqeydliyi təəssüf doğurmaya bilməz: “Xüsusilə ABŞ və digər Qərb ölkələrinin təzyiqlərinin artdığı, İranın sosial partlayışa sürükləndiyi indiki zamanda rəsmi Tehranın yaxın qonşuları ilə münasibətlərini düzəltməyə çalışmaq əvəzinə, erməni təxribatına göz yumması sağlam ağılla hərəkət etmədiyini göstərir və öz ərazisində yaşayan müxtəlif xalqlar arasında dinc yaşama imkanlarını da getdikcə zəiflədir. Ümidvarıq ki, İran hakimiyyəti ən azı öz sərhədləri daxilində yaşayan soydaşlarımızın maraqlarını nəzərə alıb bu cür erməni təxribatlarının qarşısın alacaq və müxtəlif etnik və dini dəyərləri daşıyan vətəndaşlarının arasında çıxarılmağa çalışan gərginlikləri azaltmaq üzərində düşünəcək. Çünki bu gün erməni təxribatlarından qorunmaq siyasətinə İranın daha çox ehtiyacı var. Rəsmi Tehran unutmamalıdır ki, 100 il bundan əvvəl Osmanlı imperiyası da erməni təbəələrinin separatçı təxribatları sayəsində daxilən sarsıntı keçirmiş və ən zəif anında arxadan bıçaq zərbəsilə yaralanmışdı. Baxmayaraq ki, həmin dövrdə ermənilər Osmanlının da “milləti-sadiqə” (sədaqətli millət) təbəələri sayılır və strateji əhəmiyyətli bir sıra nazirliklərə onlar rəhbərlik edirdilər”.
İran rəsmilərinə Osmanlı tarixini araşdırmağı məsləhət görən A.Əlizadə tərəf-müqabillərinə bəzi ipucları da verdi: “Bu gün dünyanın bir çox ölkələrində “soyqırım” kimi tanınan 1915-ci il hadisələri zamanı ermənilər Osmanlı idarəetmə orqanlarında ən çox təmsil olunan xalqlardandı. Osmanlı siyasi iradəsi kiçik və zəif xalqdan zərər gəlməyəcəyini düşünüb hakimiyyətdəki ən mühüm postları ermənilərə həvalə etmişdi. Məlumatlara görə, Osmanlı ordusunun 29 generalı, hökumət kabinetinin 22 naziri, parlamentnin 33 deputatı erməni idi. Üstəlik, onlar xarici işlər, maliyyə, ticarət və rabitə naziri kimi ən strateji postlarda təmsil olunurdular. Osmanlıların bu xalqa bəslədiyi etimad sonunda öz faciəsi ilə nəticələndi. Dövlət yetkilərindən istifadə edən ermənilər Rusiyanın, Fransanın və başqa Avropa ölkələrinin də təşviqilə daha rahat silahlanaraq Osmanlının digər xalqlarına qarşı silahlı hücuma keçdilər. Osmanlının müdaxiləsilə bu qiyamlar yatırılsa da, ölkənin daxili birliyi sarsıldı və həmin dövlət tarix səhnəsindən silindi”.
Arzuxan bəyin fikrincə, xarici basqılarla get-gedə zəifləyən İranda rəsmi Tehranın nəzarəti altında ermənilərin Azərbaycana qarşı təxribatçı tədbirləri də mahiyyət etibarilə eyni ssenarini xatırladır: “Rəsmi Tehran düşünməsin ki, erməni təxribatlarının hədəfi farslar yox, türklərdir. Osmanlı erməniləri də o dövrdə ilk zərbəni ölkənin qurucu xalqı türklərə deyil, çərkəzlərlə vurmuşdu. Daha sonra türk yaşayış məntəqələri bu cür hücumlara məruz qalmışdı. Əslində Osmanlıların hadisələrə müdaxiləsi də erməni separatizmin canlı qalxana çevrilən sivil erməniləri çərkəzlərin cavab zərbələrindən qorumaq məqsədi daşıyırdı. Bu gün isə türklər hətta həmin humanist mövqelərinə görə erməni lobbilərinin hədəfinə çevriliblər. Erməni kartından bu gün Azərbaycana və dolayısıyla da İranda yaşayan soydaşlarımıza qarşı istifadə edən Tehran unutmasın ki, molla əbasına bürünən fars şovinizmini də sabah eyni aqibət gözləyə bilər”.