"Bəzi Azərbaycan qadınları haykanuşun uşaqlarının..." - Cümşüd Nuriyev "aləmi bir-birinə qatdı"
1-12-2019, 00:00
“Mənim 26 noyabr 2019-cu ildə Azərbaycan televiziyasının “Əsas məsələ” tok şousundakı çıxışımı konteksdən çıxararaq, özlərinə sərf edən yorumda cəmiyyətə ilk təqdim edən saytı dəqiqləşdirdikdən sonra onlara qarşı təzminat davası açmaqla məhkəməyə müraciət edəcəyəm”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri son günlər açıqlamaları ilə gündəmdən düşməyən sabiq deputat Cümşüd Nuriyev deyib.
Sabiq deputat ona yardım edənlərə təşəkkür edib: “Mənə təmənnasız yardımını təqdim edən vəkillərə şəxsi minnətdarlığımı bildirirəm. Mənim fikirlərim konkret olaraq göstərilən kadrların şərhinə aid olduğu üçün, başqa müstəvidə təqdim edənlərə 5-6 mart və 15 may hadisələri zamanı Parlamentə basqın edən və kişi söyüşləri ilə bizləri təhqir edənlər barədə olduğunu xatırlatmaq istəyirəm. Bunun nə Qarabağla, nə də orada xidməti vəzifəsini yerinə yetirən xanımlara heç bir aidiyyatı yoxdur.
Mənin dediyim “X.Xəlilovanın “qadın batalyonu”” fikri yalnız bir ifadə formasıdır. Qaldı ki, belə bir batalyonun olmasına, apardığım araşdırmalara görə rəsmən nə Müdafiə Nazirliyində, nə də Daxili Qoşunlarda belə bir batalyon mövcud olmayıb. Mənə səsli və yazılı mesaj göndərən qazilər tələb edir ki, cəmiyyətə vuruşan qadın batalyonu kimi təqdim olunan “Qadın bayalyonu” cəbhə bölgəsində şəhid olan və yaralanan Azərbaycanlı kişisinin aşağılanmasına hesablanmış bir gedişdir, odur ki belələrindən üzr istəmək onlara status vermək deməkdir”.
C.Nuriyev X.Xəlilovanın batalyon yaradıb döyüşlərə getməsinə Əbülfəz Elçibəyin kəskin etiraz etdiyini xatırladıb: “Eyni zamanda məlum oldu ki, AXC hakimiyyətə gəldikdən sonra X.Xəlilova döyüşlərin getdiyi bir zamanda övladlarını Türkiyəyə göndərdikdən iki gün sonra, hərbi geyimdə AzTV-yə çıxaraq həmin batalyonun yaradılmasını elan edib. Lakin rəhmətlik Ə.Elçibəy buna kəskin etiraz edib və bildirib ki, “Biz erməni deylik ki qadınlarımızın arxasında gizlənək. Sonuncu Azərbaycan kişisi şəhid olduqdan sonra bu mümkündür”. Bir neçə qadın cəbhə bölgəsində olublar. Göründüyü kimi elan olunan və elə mifik şəkildədə mövcud olan bu “Qadın batalyonu” təxminən 1992-ci ilin avqust ayına təsadüf edir. Mənim fikirlərim isə ondan öncəki tarixlərə aid olduğu üçün, hətta mövcud olsaydı da belə, onları şamil olunmurdu”.
O, bildirib ki, bu bir təxribatdır və hazırlayanlar da harınlamış oliqarxlardır: “Bu təxribatı hazırlayanların arxasında Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı köklü kadr islahatı nəticəsinə kənara atılmış və atılması gözlənilən harınlamış və azğınlaşmış oliqarxlar durur. Cənab Prezidentin dediyi kimi, “Bəziləri mediyadan şantaj vasitəsi kimi istifadə edir”. Mediyanın diqqətini başqa istiqamətə yönəltmək və ölkədə qarışıqlıq yaratmaq istəyənlər bilsinlər ki, onlar buna nail ola bilməyəcəklər”.
Sonda Nuriyev sərt ismarıclar verib: “Mən, yalnışlıq nəticəsində qaraguruha uyaraq sosial şəbəkədə narazılığını bildirən və cəbhə bölgəsində vəzifələrini icra edən hərbi və tibbi personala məxsus xanımlar istisna olmaqla, üzrümü geri çəkirəm. Mediyada və sosial şəbəkələrdə tərbiyəsinə, təhsilinə və əxlaqına görə özlərinin “kimliklərini” təqdim edənlərə bildirirəm ki, nə mənim, nə ailəmin, nə də qohumlarımın belə “təqdimata” ehtiyacları olmadığı üçün geriyə, öz ünvanınıza iadə edirəm. Bəyan edirəm ki, bundan sonra söyləyəcəyiniz hər bir təhqirıə görə qanun qarşısında cavab verəcəksiniz.
Özümə sığışdırmadığım üçün, özünü millətin xilaskarı statusunda təqdim edən yalançı veteranlara bildirirəm ki, hələlik həmin materialları gündəmə gətirmirəm. Çox təəssüf edirəm ki, bəzi Azərbaycan qadınları haykanuşun uşaqlarının yürütdüyü gizli siyasət nəticəsində milli kimliklərini itirmək üzrədir. Yaxşı olar ki, Allahın Sizlərə əmanət etdiklərinə sahiblənin. Əgər kimlərsə özlərini hələ də mifik “qadın batalyonunun” döyüşçüsü hesab edirsə bu onların şəxsi işidir. Mən milli kimliyimizin qara ləkəsi olan qadınlardan üzr istəmirəm.
Bu günlərdə başda AzTV olmaqla telekanallara, mediyaya, dostlara və qohumlara şəxsi minnətdarlığımı bildirirəm. Tanrı Sizləri qorusun. Amin!”.