“Putin iki dəfə mənə işğalla bağlı sual verdi..." - “Agent” elan olunan jurnalist

26-04-2022, 19:21           
“Putin iki dəfə mənə işğalla bağlı sual verdi..." - “Agent” elan olunan jurnalist
“Ölkə hər mənada geri aparılıb. 40 il geriyə gedib”. Teref.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi səbəbindən bağlanan “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksandr Venediktov deyib.

Məşhur redaktor Putin kimi KQB-də çalışan sovet lideri Yuri Andrapovu xatırlayaraq bu sözləri deyib:

“İndi biz hardasa 1983-cü ildəyik. Əfqanıstanda müharibə davam edir, dissidentlər həbsdədir və ya ölkədən qovulur, Andropov isə Kremldə oturub”.

66 yaşlı Venediktov illərdir Rusiya mediasında tanınmış sima olub və liberal nəşriyyatların flaqmanına başçılıq edir. “Exo Moskva” ilk dəfə 1990-cı ilin avqustunda, sovet ittifaqının son aylarında ortaya çıxıb və Rusiyanın yeni media azadlıqlarının simvoluna çevrilib.

Keçmiş tarix müəllimi olan Aleksandr Venediktov stansiyada müxbir kimi işə başlayıb və 1998-ci ildə baş redaktor olub. Son 20 ildə Rusiyada mediaya təzyiqlər artdıqca və bir çox başqa müstəqil təşkilatlar dövlətin nəzarətinə keçdikcə, “Exo Moskva” Venediktovun Kreml də güclü məmurlarla əlaqələri sayəsində özünü qoruya bilib.

Yüksək yerlərdə zarafatla “içki dostları” adlandırdığı tanışlarının olduğunu gizlətməyən redaktor Rusiyada Putini açıq şəkildə tənqid etməyə davam edən azsaylı jurnalistlərdən biri idi. Venediktov Moskvanın mərkəzindəki restoranlardan birində xarici mediaya deyib ki, Kreml lideri hakimiyyət orqanları stansiyanı bağlamaq istəyəndə belə müdaxilə edib: “Putin üç dəfə “Yox, qoy işləsinlər”, - deyib. Amma 24 fevralda Ukraynaya hücumun radio tərəfindən siyasi xəta kimi təqdim edilməsi ilə hər şey dəyişib. Martın 1-də radio rəsmən bağlanıb.

“Mən (Putinin) məntiqini başa düşürəm. O, bizi daha saxlaya bilməzdi, çünki bu cür əməliyyatlar zamanı təbliğat mütləq olmalıdır”,-Venediktov AFR agentliyinə deyib.

Venediktov indi qonaqlarını yarım milyon abunəçiyə çatan "YouTube" kanalında qarşılayır. Ukrayna münaqişəsi haqqında danışmağa davam etmək istəyən redaktor deyib ki, ruslar bunun niyə baş verdiyini və canlarının niyə yandığını bilməlidirlər.

Venediktov Vladimir Putinlə bu illər ərzində bir neçə dəfə görüşdüyünü, lakin heç vaxt eyni dili danışmadıqlarını və Rusiya liderinin medianın dövlətin aləti olduğuna inandığını söyləyib.

“Mən ona üz-üzə dedim ki, ölkədə əsas problem rəqabətin olmaması, siyasi, ideoloji və iqtisadi mütləqiyyətdir”, - “Exo-Moskva”nın baş redaktoru bildirib. Əlavə edib ki, aralarındakı fikir ayrılıqlarına baxmayaraq, Putin keçmiş müəllimdən tarix kitablarında haranı işğal edəcəyini iki dəfə soruşub. Birincisi, 2008-ci ildə prezidentlik müddətinin başa çatması, ikincisi, 2014-cü ildə Krımın ilhaqından sonra. Biz hələ kitabın ortasındayıq və hələ vərəqini çevirə bilmirik”.

Mart ayında Rusiya qanunlara dəyişiklik edib. Yeni dəyişikliyə əsasən hərbçilərlə bağlı yalan hesab edilən məlumatı dərc etdiyinə görə 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Aprelin sonlarında məşhur jurnalist Venediktov xarici agent elan olunub. Keçən ay onun mənzilinə donuz başı atılıb, qapısına antisemit şüar asılıb. Bir çox jurnalist təhlükəsizlik səbəbindən artıq Rusiyanı tərk edib.

Amma Aleksandr Venediktov Rusiyanı tərk etmək niyyətində deyil: “Əgər mən də eyni çətinliklərdən keçsəm, onlarla eyni küçələri gəzsəm, eyni sanksiyalarla üzləşsəm, insanlar mənə daha çox güvənəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.