Maskasız şəhərdən reportaj: İnsanlar sevinir, üzlər gülür...

2-05-2022, 00:07           
Maskasız şəhərdən reportaj: İnsanlar sevinir, üzlər gülür...
Mayın 1- dən qapalı məkanlarda, o cümlədən metroda maskadan məcburi istifadənin ləğv olunduğunu eşidəndə inanıram ki, mənim kimi, çoxları sevinmişdi. Axı, demək olar, üç il idi tibbi maska gündəlik istifadə etdiyimiz aksesuara çevrilmişdi. Əlbəttə, ilk vaxtlar çətin olmuşdu. Lakin tədricən birtəhər öyrəşmişdik. Bunun ən böyük səbəbi isə nə vaxtsa- tez- gec sözügedən məcburiyyətdan canımızın qurtarması ümidi idi.

Ağ və qara maskalar bütün dünyatək, paytaxt Bakımızı da birrəng etmişdi sanki...
İndi- üç ildən sonra maska rejiminin ləğv olunduğu ilk gün paytaxt küçələrində gəzirəm. "Tarqovu" deyilən ərazidəyəm. İnsanlar sevinclidirlər. Demək olar, heç kimin üzündə maska yoxdur. Hər kəs təmiz havadan zövq almağa çalışır. Uzun müddətdir bu havanı ciyərdolusu udmağın intizarını çəkirdik.
Gəzə- gəzə yan- yörədəki mağazalara, kafelərə, restoranlara baxıram. Oradakı insanlar, o cümlədən satıcılar və müştərilər də maskasızdırlar. Üzərindəki təbəssüm aydın sezilir. Bəlkə də, ötən illər ərzində cəmiyyətin aqressivləşməyinin bir səbəbi də bu idi: xoş, hənirtili gülüşlərə həsrət qalmışdıq.

Tibbi maska taxmış bir neçə adam gözümə dəyir. "Yəqin, vərdişdir" deyə, düşünürəm. Pandemiya bizə nələri öyrətmədi ki...
Ətrafda polis əməkdaşları var. İctimai asayişi qorumağa çalışırlar. Yəni hər zamankı vəzifələrini yerinə yetirirlər. Amma daha vətəndaşlara əvvəlki kimi tez- tez yaxınlaşmırlar. Onları görən kimi yadıma düşür ki, açıq havada maska taxmaq zərurəti də uzun müddət davam edib. Həmin aylar ərzində insanlar maskanı burunlarından aşağı salmağa peşman olurdular. Dərhal müvafiq qaydada cərimələnə bilərdilər. Hərçənd nə sakinlərimizi qınayıram, nə də polisləri. Görünür, sadəcə səbr etmək lazım imiş...
Yaxınlıqdakı skamyaların birində oturub xatırlayıram: doğrudan da, çətin vaxtlar idi. Bunu təkcə maska ilə gəzdiyimizə görə demirəm. O, bəlkə də, ən asanı idi. Axı, metropoliten də fəaliyyətini dayandırmışdı. Hər yerə ya taksi, ya da avtobusla gedirdik. Bir- birimizlə, hətta əzizlərimizlə də görüşməkdən, onlara yaxın durmaqdan qorxurduq. Evdən çölə icazə ilə çıxırdıq...
Medianın ən prioritet mövzularından biri nə vaxt bitəcəyi məlum olmayan, dünyada hər gün minlərlə insanın ölümünə səbəb olan pandemiya idi. Digər həmkarlarım kimi mən də hər gün həkimlərlə danışırdım. Onların koronavirusun bitəcəyi ilə bağlı dəqiq tarixi söyləmələrini gözləyirdik. Hər dəfə də ümidlərimiz puç olur, oxşar cavabları eşidirdik: "...Vətəndaşlar gərək sosial məsafəni qorusunlar, tibbi maska taxsınlar".
Həmçinin məsələnin ovqata, davranışlarımıza təsiri haqqında psixoloqlarla həmsöhbət olur, onların tövsiyələrini oxuculara çatdırırdıq. Əlbəttə, özümüz də yararlanmağa çalışırdıq.
... Qəfil kiçik bir yaşlı bir uşaq mənə yaxınlaşır. Ağzında rəngli maska, əlində oyuncağı var. Anası bir az arxadadır. Uşağın 5 yaşı olar, yəqin. Əlimi uzadır, ehmalla maskanı aşağı salıram. Gülür. Valideyni də təbəssüm edir. Bu, pandemiya üzərində qələbənin təbəssümüdür.
Məndən bir az irəlidə iki ortayaşlı kisi gəzir. Söhbətlərinə "qulaq misafiri" oluram. Pandemiyadan danışırlar. Biri digərinə deyir:
- Gördün, sənə deyirdim də, hamısı Çinin işidir...
Həmsöhbəti narazılıqla başını bulayır:
- Əşi sən də...Hardan bilirsən e, hələ bir dayan görək, nolur...
Bir anlıq duruxuram. Həqiqətən, görəsən, vaxtından tez sevinmirik ki?..
Aptekin yanından keçirəm. Əslində alınası bir şeyim yoxdur. Amma ayaq saxlayır, içəri daxil oluram.
Profilaktik dərmanlardan birinin adını çəkir, satıcıdan onu verməyini xahiş edirəm. Əslində isə bu, sadəcə bəhanədir. Məqsədim başqadır. Əczaçıya zarafatla deyirəm:
- Yəqin, maska bazarı daha bağlandı...
Orta yaşlı qadın satıcı cavab verir:
- Təki, salamatlıq olsun.
- Gün ərzində çox maska satırdız?- bu dəfə sual verirəm.
- Epidemioloji vəziyyətdən asılı olaraq dəyişirdi. Amma pandemiyanın pik vaxtı çox. Lap çox. Bəzən günə 50 dənə.
Bu vaxt başqa müştəri qapını açır. Şüşədəki "İçəri tibbi maskasız girməyin" yazısını görüb duruxur. Əllərini tələsik ciblərinə salır. Maska axtarır. Satıcı gülə- gülə "Buyurun, gəlin" deyir. Ardınca da əlavə edir: "Daha o yazıya ehtiyac yoxdur. Gərək çıxaraq".
Metroya sarı addımlayıram. Telefonda son xəbərləri oxuyuram. Əvvəlki günlər kimi bu gün də koronavirusdan ölən olmayıb. Aldığı canlar bəsidi...
"İçərişəhər" metrostansiyasına daxil oluram. Nəzarətçi polis əməkdaşı özü də maskasızdır. Yanından keçib gedirəm. Nə maska tələb edir, nə də vaksin pasportu. "Elmlər Akademiyası" metrostansiyasına, Bakı Dövlət Universitetinə gedirəm. Sanki maska taxmağın ləğv olunmağından əmin olmaq istəyirəm. Bu günədək tibbi maskasız bir nəfəri belə içəri buraxmayan mühafizə əməkdaşları indi bir söz demirlər, sadəcə salamıma cavab verməklə kifayətlənirlər. Ürəyimdə "Şükür bu günə" deyirəm. Bayram günü olduğuna görə ətrafda adam elə də çox deyil. Olanlar da maskasız.
Universitetin həyətində bir dövrə vurub yenidən metroya düşürəm. Yenə telefonuma baxıram. Sosial şəbəkələrdə hər kəs "maskaya əlvida" yazıb, fotolar paylaşıb. Bu günü tarixi gün hesab edənlər haqlıdırlar.
Təxminən yarım saat sonra "Xalqlar dostluğu" metrostansiyasından çıxıram. Gözüm üzbəüz binaya sataşır. Birdən yadıma düşür ki, pandemiya yenicə başlayanda bir təhsil ekspertindən müsahibə almışdım. Demişdi ki, şagirdlər sinifdə maska taxmalıdırlar. Həmin vaxt təzə tanış olduğum bir adam bu fikrə etiraz etmişdi. Daha doğrusu, tanışlığımız belə başlamış və ünsiyyətimiz pandemiyanın ən gərgin vaxtı başa çatanadək, təxminən bir il davam etmişdi. Görünür, Allahın, kainatın həmişə bir ümid yeri, təsəllisi olur...
Bir neçə ərzaq məhsulu almaq üçün yolumun üstündəki supermarketə girirəm. Mexaniki olaraq əlimi gödəkcəmin iç cibinə salır, əzilmiş maskamı çıxarıram. 10-15 saniyə əlimdə saxlayır, baxır, sonra da atıram. Külək uzaqlara aparır. Bir daha bizə, planetimizə yaxın gəlməyəcək qədər uzaqlara aparmasını arzu edirəm...

Kənan Novruzov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.