Səfir Polad Bülbüloğlu:"Vətən müharibəsində iştirak etməyə hazıram"

8-06-2016, 00:52           

"Ermənistan digər dövlətin ərazisini işğal edib, indi də bütün dünyaya izah etməyə cəhd edir ki, belə də olmalıdır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Moskovski Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın onun barəsində dediklərini şərh edən diplomat Ermənistan XİN başçısına acıdığını söyləyib: "Hər şeydən əvvəl mən, Nalbandyana acımaq istəyərdim. Sovet diplomatiyası məktəbini keçən Nalbandyan anlamaya bilməz ki, haqq qazandırmağa çalışdığı mövqe əvvəldən zərərlidir və kökündən BMT Nizamnaməsinə və beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Qaranın ağ olduğunu sübut etmək mümkün deyil. Ermənistan digər dövlətin ərazisini işğal edib, indi də bütün dünyaya izah etməyə cəhd edir ki, belə də olmalıdır. Bu ki, absurddur!

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü mövcud olduğu sərhədlərdə tanıyır. BMT Təhlükəsizlik Şurası, hansı ki, qərarları imperativ xarakter daşıyır, hələ 1993-cü ildə dörd qətnamə qəbul edib: 822, 853, 874, 884. Bu qətnamələrdə BMT TŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi təsdiq olunub, Azərbaycanın işğal altındakı rayonlarından işğalçı qüvvələrin birtərəfli çıxarılması tələb olunub.

2008-ci ildə BMT Baş Assambleyası 62/243 saylı qətnamə qəbul edib. Bu qətnamədə də növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyət barədə dünya ictimaiyyətinin mövqeyi qeyd olunub. Burada necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Hər şey aydındır. Bütün dünya tərəfindən tanınan xəritələr mövcuddur və orada hər şey dəqiqi görünür. Azərbaycan və onun işğal altındakı ərazilər və özgə ərazisini işğal edən təcavüzkar var. Azərbaycan heç bir zaman ona qarşı həyata keçirilən işğal ilə barışmayacaq. Özünümüdafiə – BMT Nizamnaməsinə görə hər bir ölkənin hüququdur. Bu, qədim zamanlardan bu günə qədər hər bir xalqın müqəddəs borcudur.

Mən Azərbaycan vətəndaşı, ata-baba yurdu Şuşada işğal altında olan əslən bir qarabağlı kimi, bir daha bəyan edirəm ki, vətənimin torpaqlarının işğalçılardan azad olunması üçün şəxsən vətən müharibəsində iştirak etməyə hazıram. İşğala məruz qalan ölkənin səfiri kimi, Rusiya və dünya ictimaiyyətinə real vəziyyəti izah etmək üçün bütün imkanlardan istifadə etmişəm, edirəm və bundan sonra da edəcəm".

Münaqişə zonasında vəziyyətin monitorinqini aparan ATƏT missiyasının gücləndirilməsinin perspektivləri barədə sualı cavablandıran səfir P.Bülbüloğlu qeyd edib ki, hər şeydən əvvəl nizamlanma prosesində real irəliləyişə ehtiyac var: "Bu irəliləyiş Ermənistan silahlı qüvvələrinin çıxarılmasının həyata keçirilməsi ilə başlaya bilər. Məhz bu əsasda beynəlxalq monitorinqin gücləndirilməsi mexanizmini müzakirə etmək olar. İlk növbəli tapşırıq münaqişənin mərhələli nizamlanma planı əsasında həll edilməsidir. Bunun nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır. Ancaq bu halda beynəlxalq monitorinqin gücləndirilməsinin vacibliyi yaranacaq. Beynəlxalq vasitəçilərin mandatı da bundan ibarətdir. Qısa müddətdə bu nəticəyə nail olmaq üçün ATƏT-in Minsk Qrupu yardım etməlidir. Sülhməramlı adı altında mövcud status-kvonun möhkəmləndirilməsi mexanizmlərini yaratmaq kökündən səmərəsizdir. Azərbaycan belə yanaşmaya razılıq verə bilməz. Belə ki, bu, bizim ölkəmizin maraqları nöqteyi nəzərindən qəbuledilməzdir və beynəlxalq hüquqa uyğun deyil. Regiona sülh lazımdır. Məhz bu istiqamətdə birgə səylərin atılması lazımdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.