“Dövlət Aygünə ev verdi, ad verdi, təqaüd verdi, başqa nə verməliydi?!”

9-01-2024, 18:34           
“Dövlət Aygünə ev verdi, ad verdi, təqaüd verdi, başqa nə verməliydi?!”
“Son günlər müzakirələrdə Aygün Bəylərin vəfatı geniş yer alır. Bəziləri deyir ki, əsl sənətkara niyə dəyər verilmir? Aygün Bəylərə zamanında dəyər verilib! Ona Heydər Əliyev ev verib, hər sənətkara Prezident ev bağışlamır. Müalicə xərcini dövlət qarşılayırdı. Aygün Bəylərə bundan artıq nə edilməli idi?”

Bu sözləri “Yeni Sabah”a tanınmış psixoloq Gülnar Orucova deyib. O, mərhum sənətkarın adı ətrafında gedən “ona zamanında dəyər verilmədi” müzakirələrinin haqsız olduğunu bildirib:

Arqument gətirirlər ki, filankəslərin bağ evi, villaları var. Başa düşmürlər ki, onlara həmin villaları məşuqları alır. Hətta məşuqları onları o qədər önə çəkirlər ki, gedib pul verib hansısa mükafatı alırlar. Mən psixoloqam, hətta mənə də deyirlər ki, sizə “İlin psixoloqu” mükafatını verək, məbləği 350-550 manatdır. Bu gün mükafatı almaq üçün belə pul vermək lazımdır. Lakin Aygün Bəylərə dövlət kifayət qədər dəyər verdi. Bircə Xalq artisti adını almamışdı, bu da Mədəniyyət Nazirliyi ilə əlaqəli məsələdir, siyahıda adı yazılmayıb deyə bu fəxri adı almayıb.

İnsanlar o qədər aqressivləşiblər ki, düşünmədən danışırlar. Dövlət başqa nə etməli idi?!

Sadəcə, o xanımın görüntüsü gərək xanım görüntüsü olardı. Bəlkə də imici ilə o, insanların yadında “kepkalı qız” kimi qalmışdı. Bəlkə də qadın obrazında olsaydı, sıradan olacaqdı və seçilməyəcəkdi.

Səhv etmirəmsə, o Prezident təqaüdü də alırmış. Elə yapışıblar ki, ona dəyər verilmədi... Kütlə hər söhbətdə dövləti damğalamağa, hökuməti acılamağa hazırdır”.

Psixoloq Aygün Bəylərin qızı üçün pul yığmaq istəyənlərin bu addımını tənqid edib. O, bunun düzgün olmadığını qeyd edib:

“Sənətçinin 14 yaşlı qızı üçün bank hesabı açıb pul yığmaq təklifini də yersiz hesab edirəm. Sanki o uşağı dilənirmiş vəziyyətinə salmaq istəyirlər. Bu doğru addım deyil.

Hər kəs istəyərdi ki, o, Suraxanı qəbirstanlığında deyil, Fəxri Xiyabanda dəfn olunsun. Təbii ki, buna dövlət özü qərar verə bilər, yaxud lazım olsa, ailəsi dövlətdən bunu istəyərdi. Dövlət onun üçün konsert desəniz təşkil edib, ev desəniz, verib, mükafatlara layiq görülüb.

Sadəcə Aygün Bəylərin imicinə görə, insanların sanki ona yazığı gəlir. Başa düşmürlər ki, insan bəzənmirsə, kepkada gəzirsə, kilosunu azaltmaq istəmirsə, bu o demək deyil ki, onun qayğıya, dəstəyə ehtiyacı var. Dövlət ona yetəri qədər dəstək verib. Dövlətdən əlavə, o, özü də özünə yetəri qədər qiymət verən biri idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.