Çingiz Hüseynovla yarımçıq qalmış son müsahibə: Davamı əvəzinə ölüm xəbəri... - İlk dəfə

10-01-2024, 12:42           
Çingiz Hüseynovla yarımçıq qalmış son müsahibə: Davamı əvəzinə ölüm xəbəri... - İlk dəfə
Çingiz Hüseynovu müasir dövrün Mirzə Fətəli Axundovu hesab edirəm. Azərbaycana sığmayan böyük fikir adamı idi. Azərbaycan onun üçün kiçik idi. Siyasi konyunktura və epatajdan çox uzaq idi. O qədər nəhəng fikir adamı idi ki, illərin jurnalisti olmağıma baxmayaraq, onunla müsahibə almağa risk etmirdim. Baxmayaraq ki, ara-sıra yazışırdıq. Yeni yazılarını göndərirdi. Bəzən yazılarım barədə müsbət sözlər deyirdi. Bir dəfə onu tənqid etmişdim. Baş verənlərə yetərincə münasibət bildirmədiyinə görə qınamışdım. "Dövrümüzün Axundovu" çox sakit qarşılamışdı: "Əziz Azər, haqlısan, amma "Ailə gizlinləri" olmasa da, hər halda... - dostluq naminə və yalnızca tanışlıq üçün bu yazılarımı sənə göndərirəm".

Oxumuşdum və... susmuşdum. Arqument qarşısında çarəsiz qalmışdım. Əslində, mənə dərs keçmişdi, öyrətmişdi - "bax, insanı arqumentlə, mədəni şəkildə belə susdurarlar" mesajını vermişdi.

Bir dəfə bir köşəmə "fəlsəfi esse” demişdi. Azərbaycana sığmayan bir fikir atasından xoş sözlər eşitmək motivə idi, baxmayaraq ki, tərifi heç vaxt sevməmişəm. Axır ki, risk edib, ona suallar göndərdim. Bəzi suallara cavab verdi, amma müsahibə yarımçıq qaldı. Yarımçıq qalmağının da mistik səbəbi olduğuna əminəm.

Çıngiz Hüseynov yeganə simadır ki, onun barəsində yazmağa çəkinirəm. İki əsrin, 20 və 21-ci əsrin ən böyük nümayəndəsi barədə yazmaq məsuliyyətdir. Amma bu barədə yazacağıma söz verirəm.

Bir dəfə böyük alim Rafiq Əliyevə demişdim: "Azərbaycan xalqı "Fətəli fəthi”ni dərk edəndə qurtuluş yolunu tapacaq”.

Onunla sonuncu yazışmamda bəzi suallar göndərdim. Bəzilərini cavablandırdı. Lakin cavabsız suallar da qaldı. Cavabları gözləyirdim ki, ölüm xəbəri gəldi. Əslində, bu suallara Azərbaycan heç vaxt cavab tapa bilməyəcək. Ancaq Çingiz Hüseynovdan son müsahibə alan jurnalist olduğuma görə taleyimə təşəkkür borcum var...

"Əziz Azər, gözəl suallardır, varlığın damarını-nəbzini yaxşı tutmusan, çalıçacağam, hamısını cavablandırım..." - Bu, müsahibəyə razılıq verəndə mənə yazdığı cavab idi.

- Çingiz müəllim, uzun illərdir, Azərbaycandan kənarda yaşayırsınız. Öncə Rusiya, daha sonra İsraildə qərar tutmusunuz. Sanki hicrətdəsiniz. Darıxmırsınız? Allah rəsulu barədə - "Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” əsərinin müəllifisiniz. Elə bil ki, o yolu davam etdirirsiniz. Amma Allah rəsulu da hicrətdən sonra ülvi məhəbbətlə sevdiyi, artıq fəth olunmuş Məkkəyə döndü. Sizin Məkkəniz nə vaxt fəth olunacaq?

- Mənim "Məkkəm” - üçbucaq şəklindədir: Bakı - Moskva - və vahid İlahiyə ən yaxın yer olan Yeruşalaym (Yerusəlim)... Bu haqda çox yazmışam, demişəm.

- Şəxsən, mənim bir oxucu kimi sizi kəşf etməyim "Ailə gizlinləri”ndən başladı. Bu əsər Azərbaycan dilinə tərcümə edilmədi. Özünüz istəmədiniz? Bəlkə hesab edirsiniz ki, Azərbaycandilli oxucu bu əsəri bu gün oxumağa hazır deyil?

- Əsər dərc ediləndə SSRİ KP-nin Siyasi Bürosu susdu, lakin onun əvəzinə Azərbaycan KP MK-nın Birinci katibi Kamran Bağırov "danışdı” və əsəri yasaqladı. Kamran Bağırov məni sərt tənqid etdi, hətta bir növ respublikadan qovdu. Dediyiniz hicrət həyatım başladı. Əlbəttə ki, Bağırov bunu özbaşına etmirdi. Müxalifət isə əsərimi bayrağa çevirdi. Bu gün də bu əsəri həvəslə oxuyurlar.

- Sizin əsərləri hər iki dildə oxumuşam. Məncə, "Fətəli Fəthi”nin rus dilindəki variantı daha sanballıdır, bu nədən irəli gəlir, rusca düşünürsünüz, yoxsa azərbaycandilli oxucu ilə rusdilli oxucu arasında fərqin nəticəsidir?

- Ola bilər... Bu barədə düşünməmişəm...

- "Fətəli fəthi” şübhəsiz ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundov barədədir. Amma mətnaltını oxuduqda orada sizin obrazınız canlanır. Mirzə Fətəlini anlaya bilmədilər zamanında, güman edirsiniz ki, sizi anlayacaqlar?

- Əslində, mən Mirzə Fətəlinin həyatını yaşadım...

- Vaxtilə, bir köşə yazmışdım - "Yaxşı ki Lütfü Zadə Bakıda yaşamadı”. Yazının ana xətti bu idi ki, Zadə Bakıda yaşasaydı, 6 məşhur nəzəriyyəsinin heç birini yaza bilməyəcəkdi, ya istedadsız bir konyunkturçunun əlinin altında işləyib, çörək qazanmaq üçün susmalı olacaqdı və növbəti dəfə o istedadsız rəhbərin danlağını eşidəndə ürəyi dözməyəcəkdi, ya "moyka”da maşın yuyanda utandığından ürəyi partlayacaqdı, ya da bir gün evinin qabağında göyərmiş meyiti tapılacaqdı. Onu nə təntənə ilə dəfn edən, nə də ki, xatırlayan olacaqdı. Əgər, siz Azərbaycanda qalsaydınız, indiki Çingiz Hüseynov ola bilərdinizmi?

- Maraqlıdır: suallariniz elə mənalı, dolğun və şaxəlidir ki, istər-istəməz cavablar da duylur...

- Mən gözümü açandan yazıçı Anarla Əkrəm Əylislinin intriqasını müşahidə edirəm. Atmacalar, təhqirlər. Hər iki yazıçının özünəməxsus yeri var. Nə Anarın "Dantenin yubileyi”ni ədəbiyyat tarixindən silmək mümkün olacaq, nə də ki Əkrəmin "Mənim nəğməkar bibim”i. Bu iki eyni dövrün yazıçısının, iki sabiq dostun davası nə qədər davam edəcək? Bu iki yazıçı nəyi bölə bilmir?

(Bu sual cavabsız qaldı...)

- "Daş yuxular” və ”Möhtəşəm tıxac” necə əsərdi, sırf ədəbi baxımdan qiymətiniz maraqlı olardı? Bu əsərlərə təşkil edilən hücumları qoyaq kənara, onları Ramiz Mehdiyev təşkil edirdi, indi "Ramiz amili” yoxdur. Amma əsər konyunkturaya bağlı olmalı deyil. Bu əsərlər konyunktura çalarlı deyilmi? Yəni, yüz ildən sonra bu əsərlər qalacaqmı? Şübhəsiz ki, kitab yandırmaq bağışlanılmaz hərəkətdir. Fransis Veberin çəkdiyi, Pyer Rişarın oynadığı film var - "Oyuncaq”. O filmdə deyildiyi kimi, kim daha qəddardı, kitab yandıran, ya buna onu sövq edən? Bu gün Ramiz Mehdiyevin göstərişi ilə Əylislinin kitabını yandıran, sabah elə onun öz kitabını yandıracaq. Ümumiyyətlə, necə bilirsiniz, kitablar indiki internet əsrində insanın formalaşmasına kömək edirmi? Bir fərq var ki, interneti yandırmaq mümkün deyil...

- Əgər Yazıçılar Birliyi normal müzakirələr təşkil etsəydi, bunlar baş verməyəcəkdi. Məsələ ondadır ki, Yazıçılar Birliyi heç də müstəqil, ictimai təşkilat deyil, qərarları özü vermir və həmişə də belə olub... Anar-Əkrəm məsələnin kökünü də elə bu amildə axtamaq gərəkir.

- "Köhlən atı nallamaq” əsəri gözlədiyiniz qiyməti aldımı? Bu əsər də yəqin ki, yaxın illərdə Azərbaycan dilində dərc edilməyəcək...

- Demək istədiyimi dedin - minnətdaram!.. Tarixin quyruğu uzundur...

P.S. Növbəti sualları ünvanladım və cavabları gözləyirdim. Əslində, gedişi ilə ən mükəmməl cavabını verdi. Mirzə Fətəli Axundovdan sonra ən böyük fikir adamını itirdik. Zamana və məkana sığmayan bir ziyalını…
Azər Rəşidoğlu
qaynarinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.