Suriya liderinin vəzifə verdiyi türkmən generaldan İLGİNC AÇIQLAMALAR

Bu gün, 11:22           
Suriya liderinin vəzifə verdiyi türkmən generaldan İLGİNC AÇIQLAMALAR
(Fotoda: Sağda Suriya müdafiə naziri Əbu Kəsra, solda onun müavini təyin edilən türkmən general Fehmi İsa)

Xəbər verdiyimiz kimi, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şara Suriya Milli Ordusunun II korpus komandiri türkmən general Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionu üzrə komandan təyin edib.

Fehim İsanın Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– İlk olaraq sizi bu mühüm təyinat münasibətilə təbrik edirəm.

– Çox sağ olun! Səmimi təbrikləriniz üçün təşəkkür edirəm!

– Cənab general, məlum olduğu kimi, qısa müddət öncə Suriya Prezidenti cənab Əhməd əş-Şara yeni hökumət kabinetinin tərkibini elan etdi. 22 nəfərlik keçid hökumətində etnik və dini azlıqlara yer verilməsi diqqət çəkdi. Sizin Suriya müdafiə nazirinin müavini və şimal regionu üzrə komandanı təyin edilməyinizlə türkmənlərə də lazımi diqqət göstərilmiş oldu. Cənab Əhməd əş-Şaranın və yeni Suriya hökumətinin türkmənlərlə bağlı mövqeyi necədir?

– Suriya etnik və dini azlıqlar baxımından zəngin ölkədir. Türkmənlər də bu ölkənin ayrılmaz hissəsidir. Türkmənlər hər zaman Suriyada ən çətin anlarda belə haqqın, ədalətin tərəfində olublar.

Türkmənlər Bəşər Əsəd zülmünə ilk qarşı çıxan, silaha sarılan, haqsızlığa göz yummayanlardandır. Yəni biz bu inqilabın hər zaman bir parçası olduq. Əli silah tutan bütün mərd türkmənlər Əsəd zülmünə qarşı çıxdı. Təkcə mən bu mübarizədə üç qardaşımı şəhid vermişəm. Həmd olsun ki, mübarizəmiz uğurla, qələbə ilə yekunlaşdı.

Cənab Əhməd əş-Şaranın hazırda türkmənlərə münasibəti çox yaxşıdır. Üç dəfə onunla görüşüb suallar vermişik. O da hər zaman bizim suallarımıza cavabında deyib ki, “türkmənlər bizim ürəyimizdədir”. Yəni o, türkmənləri özündən ayrı görmür. Cənab Prezident üçün bir ərəb nədirsə, bir türkmən də odur.

– 22 nəfərlik keçid hökumətində kürd, druzi, hətta xristian təmsilçi olsa da, türkmənlərə yer verilmədi. Bu nə ilə bağlı idi?

– İlk açıqlanan hökumət kabinetində türkmən nazir yox idi. Bu, Suriya xaricində, xüsusilə də Türkiyə və Avropada yaşayan türkmən soydaşlarımızın müəyyən narazılığına səbəb oldu. Lakin Suriyada yaşayan türkmənlər olaraq proseslərin içərisindəyik. Deyə bilərəm ki, Suriyada türkmənlər mövcud vəziyyətdən məmnundur. Onlara qarşı heç bir ayrı-seçkilik olmur.

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda iştirak etdi və burada cənab Əhməd əş-Şara ilə görüşdü. Azərbaycanla Suriya arasında bir çox sahədə, xüsusilə də hərbi sahədə əməkdaşlıq imkanları var. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

– Təbii ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivləri var. Bu, hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan bizim üçün vacibdir. Ürəyimiz, canımız Azərbaycanladır. Allahın izni ilə hər zaman birlikdəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.