Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri - II HİSSƏ

18-08-2018, 13:16           
Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri - II HİSSƏ
"Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir. Artıq azad mətbuatın formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas istiqamətlərindən biridir. ...Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bəzən kütlə mahiyyətcə terror və terrorçuya xidmət edən şayiəni, yalanı, uydurmanı düzgün təhlil etməyi, ona tənqidi yanaşmağı, başqa sözlə, həqiqəti uydurmadan ayırmağı bacarmır. Bu səbəbdən də insanların, bütövlükdə cəmiyyətin informasiya terrorizmindən qorunması müasir dünyada xüsusi aktuallıq kəsb edir. Məsələ burasındadır ki, yüksək texnologiyaların inkişafı terrorizm, o cümlədən informasiya terrorizmi üçün yeni imkanlar açır. Artıq təyyarəni ələ keçirib, insanları girov götürməyə ehtiyac qalmayıb, yerdən təyyarəni idarə edən kompüter şəbəkəsinə müdaxilə kifayətdir ki, bəd məqsədini həyata keçirəsən. Hansısa dövlətin başçısı, məşhur siyasi xadim hospitalda müalicə alırsa, onu aradan götürmək üçün də nə silaha, nə də partlayıcıya ehtiyac var. Hospitalın lokal şəbəkəsinin müdafiəsini sındırmaq və xəstənin həyat təminatı sisteminə yol tapmaq kifayətdir. Bu faktlardan da görünür ki, dövlətlər və beynəlxalq təşkilatlar dünya informasiya məkanını bizi təhdid edən qorxunc və çeşidli təhlükələrdən qorumaq üçün yetərli proqramlar həyata keçirməyə tələsməlidirlər.

İnformasiya-psixoloji müharibə məfhumu altında təbliğat, dezinformasiya, cəmiyyətin sosial-siyasi təşkilinə yeni baxışlar formalaşdırılması üçün manipulyasiya yolu ilə informasiyanın fərdin, qrupların və kütlənin şüuruna latent təsiri nəzərdə tutulur. İnformasiyanın destruktiv təsirini səciyyələndirərkən onun transmilli xarakterini, istənilən ərazidə, hər hansı bir sahədə təzahüretmə imkanını unutmaq olmaz. Bu zaman düşmənin mədəniyyət sferası, siyasi, iqtisadi, maliyyə məkanı, hərbi proqramları hücum obyekti kimi seçilə bilər. Bəla burasındadır ki, hücum obyekti olan ölkə bəzən bunu uzun müddət anlaya, dərk edə bilmir.

“Narıncı inqilablar”, “Ərəb baharı”, “Ukrayna böhranı” – bütün bunlar ictimai şüurun idarə olunması imkanlarını genişləndirən kiberməkanın effektiv vasitələrindən məharətlə istifadə sayəsində mümkün olmuşdur. Bu gün hər bir ölkənin kiberməkanı dünya kiberməkanının tərkib hissəsidir. Odur ki, bütün ölkələr vahid kiberməkanı təhdid edən təhlükələrə məruz qalırlar. Cinayətkarlıq və informasiya terrorizminə qarşı mübarizə, qlobal informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi bəşəriyyətin qarşısında duran mühüm vəzifədir. Bunu görməzliyə vurmaq ağır nəticələr verə bilər.

Radikal müxalif və diniekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə qarşı yönəlmiş qanlı terror hadisələri törədərək, şəhər icra hakimiyyətinin başçısı, işgüzarlığı, dövlətçilik təfəkkürü, memarlıq zövqü ilə seçilən Elmar Vəliyevə, onun mühafizəçisinə sui-qəsd edib, asayişin keşiyində dayanan, iğtişaşların qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetirdilər. İyulun 15-də isə Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalif ünsürlərin Gəncədə baş verənləri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimaisiyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla keçirdiyi əməliyyat nəticəsində alındı.

Kütləvi informasiya vasitələrinin böyük əksəriyyəti bu hadisələrə dərhal obyektiv münasibət sərgiləyərək törədilən cinayətləri qətiyyətlə pislədi, ictimai rəyin çaşdırılmasına imkan vermədi. Təəssüf ki, bəzi saytlar və sosial şəbəkə istifadəçiləri bu hadisələr zamanı müxtəlif üsul və bəhanələrlə terrora və terrorçulara dəstək verdilər. Bu və ya digər səbəbdən düşmən dəyirmanına su tökdülər. Belələrinə bir daha xatırlatmaq istərdik ki, böyük və şərəfli dövlətçilik tarixi olan bu xalq tarix boyu yaşamağa, ağır sınaqlardan alnıaçıq, üzüağ çıxmağa layiq olduğunu dəfələrlə sübut edib, düşmənin arzularını gözündə qoyub. Əlbəttə, bu, o demək deyil ki, təhlükə sovuşdu deyə arxayınlaşmalıyıq. Düşmən dairələrin yenidən əl-qol açmaması, yeni həmlələrin olmaması üçün mövcud boşluqlar aşkar edilərək qabaqlayıcı tədbirlər görülməlidir.

Bəs, məlum terror hadisələri zamanı sosial şəbəkə pərdəsi arxasında gizlənib ictimai rəyi çaşdırmağa çalışan, reallığı təhrif edən, terrorçulara və cinayətkarlara haqq qazandırmağa səy göstərən, terrorçunu, cinayətkarı “milli qəhrəman” obrazında ictimai şüura sırımağa çalışan sosial şəbəkə dəllallarının mənfur tipləri kimlər idi?!

Gəncəbasarlı “qəhrəman”, “cəsur qisasçı” kimi qələmə verilən Yunis Səfərov Rusiya vətəndaşıdır. Anası ermənidir və Federal Təhlükəsizlik Xidmətinin kitabxanaçısıdır. Y.Səfərov 2016-cı ildə 8 ay İranın Qum şəhərində təlim keçdikdən sonra Suriyada silahlı birləşmələrin tərkibində döyüşüb, onlarca insanı, qocanı, qadını, uşağı öldürüb. Bu peşəkar qatil neçə-neçə ailənin ocağını söndürüb, nəslini kəsib. 2017-ci ildə Yunis Səfərov yenidən Azərbaycana qayıdıb. “Kapital Bank”ın Gəncə filialında “postda duran” polis əməkdaşının başına küt alətlə zərbə endirib, “Makarov” markalı xidməti silahını ələ keçirib. Elmar Vəliyevi izləyərkən şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən, tutulmamaq üçün asayiş keşikçisini yaralayaraq qaçıb. İyulun 3-də Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gələrək icra başçısı Elmar Vəliyevə, onun mühafizəçisinə atəş açaraq onları qətlə yetirməyə çalışıb. Xüsusi təhlükəli cani hazırda istintaq altındadır. Terror aktlarını törətməzdən əvvəl o, “Müsəlman birliyi hərəkatı” adından videomüraciət hazırlamış, konstitusion quruluşu devirməyə çağırış etmişdir.

Bəzi sosial şəbəkə istifadəçilərinin digər “qəhrəmanı” Rəşad Böyükkişiyevdir. Bu bədnam cani 2007-ci ildə öz doğma anasını qətlə yetirib. Həbsdən azad edildikdən sonra Rusiya Federasiyasına gedərək 9 ay sonra soyğunçuluğa görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncədə polis zabitini qətlə yetirməkdə şübhəli bilinən Böyükkişiyev onun tutulması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şəmkirin Moranlı kəndində polis əməkdaşlarına silahlı müqavimət göstərdiyindən iyulun 13-də orada məhv edilib.

Bədnam “Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərindən biri də Muraz Rəhimovdur. 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində paytaxtda partlayış törətmək niyyətinə düşsə də, hüquq-mühafizə orqanları terrorun qarşısını alıblar. Cəzaçəkmə müəssisəsində Muraz Rəhimov yenidən cinayət məsuliyyətinə cəlb edildiyinə görə məhkumluq müddəti artırılıb. İyulun 10-da Gəncə şəhərində iğtişaşlarda fəal iştirak etdikdən sonra Bakıya qaçaraq gizlənib. Burada yeni cinayət planı hazırlayaraq, 2018-ci ildə Aşura mərasimi zamanı Gəncə şəhərinin imamını və polis əməkdaşlarını qətlə yetirməyi qərara alıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat zamanı terrorçu Muraz Rəhimov silahlı müqavimət göstərdiyindən məhv edilib.

Sosial şəbəkə dəllallarının “sosial ədalət uğrunda” qəhrəmanlarından biri də Vidadi İsgəndərovdur. Avropadan efirə çıxan bədnam İsgəndərovun nə qədər “ədalətli”, “obyektiv” bir zat olmasını təkcə bir fakt açıq-aydın göstərir. Bu abdal Avropadan Azərbaycana bağırır ki, guya onun atası Sovet İttifaqı Qəhrəmanıdır. Yalan ayaq tutar, amma yeriməz. Vidadi İsgəndərovun atası Sovet İttifaqı Qəhrəmanı deyil. Görünür, adam ağ yalan danışmağa adətkar olub.

Sosial şəbəkənin bədnam “qəhrəmanlarının” siyahısını uzada da bilərdik. Amma buna ehtiyac görmürük.

Nəhayət, informasiya terrorizmi nədir? İnformasiya terrorizmi hakimiyyət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, beynəlxalq təşkilatların, sosial qrupların, hüquqi və fiziki şəxslərin qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) istifadə etməklə informasiya məkanı daxilində informasiya, informasiya texnologiyaları və informasiya resursları vasitəsilə əhaliyə ideoloji cəhətdən əsaslandırılmış təsir göstərilməsidir. Burada vəziyyəti çətinləşdirən əsas cəhətlərdən biri odur ki, informasiya məkanı sərhədsiz olduğundan, informasiya terrorunun da sərhədi yoxdur. Milli ərazi sərhədlərindən asılılığın olmaması terrorçunun imkanlarını daha da genişləndirir. Amma beynəlxalq və milli hüquq normalarına əsaslanan bəzi məhdudiyyətlər olsa da, informasiyanın qorunmasının qanunvericilik təminatının zəifliyi üzündən problemlər yaranır. Qloballaşan informasiya şəraitində kiberterror aksiyasının həyata keçirilməsi təhlükəsi olduqca realdır.

Terrorizmə qarşı mübarizə terrorizmin profilaktikası, xəbərdarlıq, terror yönümlü cinayətlərin aradan qaldırılması, günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi və digər kompleks tədbirləri əhatə edir. Ümumiyyətlə, qeyd edək ki, terrorizmə qarşı sistemli mübarizə informasiya terrorizminə qarşı məkrli tədbirlər dairəsinin tam olmasa da bəzi istiqamətlərini müəyyənləşdirir:

- terrorizmə qarşı qabaqlayıcı hüquqi tədbirlərin həyata keçirilməsi;
- terrorizmə qarşı xüsusi mübarizə tədbirləri;
- təşkilati tədbirlər, terrorizmə qarşı mübarizənin təşkilati əsaslarının səmərəliliyinin yüksəldilməsi;
- terroryönümlü cinayətlərin qarşısının alınması;
- müəssisə və təşkilatların daxili təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
- terrorla mübarizədə beynəlxalq əməkdaşlıq;
- əhalinin və sosial şəbəkə istifadəçilərinin hüquqi maarifləndirilməsi;
- terrorun səbəblərinin aradan qaldırılması;
- terror və digər cinayətlərin təşkilinə və həyata keçirilməsinə cəhd göstərən şəxslərin və təşkilatların dairəsinin müəyyənləşdirilməsi və onların qarşısının alınması;
- antiterror qüvvələrinin mükəmməl təlimi və hər an mübarizəyə hazırlanması;
- insanların, obyektlərin, həyat təminatlı obyektlərin daimi mühafizəsi;
- terrorçuluq ideyalarının yayılmasının qarşısının alınması;
- antiterror mübarizəsi üzrə tədbirlərə dair informasiya-təbliğat işinin fəallaşdırılması.

Elə buradaca qeyd edək ki, terrorizm getdikcə yeni formalar alır. Birləşmiş Millətlər Təşkilatı terror anlayışına aydınlıq gətirməyə, vahid bir formul müəyyənləşdirməyə dəfələrlə cəhd göstərsə də, hələlik ümumi bir mövqe ortaya qoya bilməmişdir. Məlum olan odur ki, terror dövlətlər və xalqlar arasında dostluq münasibətlərini sarsıdır, dövlətin təhlükəsizliyini və ərazi bütövlüyünü təhdid edir, beynəlxalq sülhə və təhlükəsizliyə, əməkdaşlıq mühitinə, insan hüquq və azadlıqlarına, cəmiyyətin demokratik əsaslarına ağır zərbə vurur. Bu bəşəri bəla milli və sosial qruplar arasında barışmaz düşmənçiliyə, sosial ziddiyyətlərə və kataklizmlərə səbəb olur. Nəticədə dövlətlər və cəmiyyətlər parçalanır, dağıntı, böhran və tənəzzül baş verir.

Tarixi təcrübə göstərir ki, mütərəqqi ideyalar olmadan insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, birləşdirmək mümkün deyildir. Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə, lokomotivinə çevrilməsi üçün mühüm konseptual proqramlar həyata keçirən ulu öndərimiz Heydər Əliyev ümumxalq birliyinin fundamental politoloji-nəzəri əsaslarını formalaşdırmışdır.

Xalqımızın ötən yüzilliyin sonunda öz müstəqilliyini yenidən bərpa etməsi dahi şəxsiyyət, zəngin idarəçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyevin sayəsində müstəqil Azərbaycan dövlətinin yaradılması ilə nəticələndi. Müasir hüquqi dövləti və onun bütün təsisatlarının səmərəli fəaliyyətini, bir tərəfdən şəxsiyyət və cəmiyyət, digər tərəfdən vətəndaş və dövlət strukturları arasında qarşılıqlı münasibətləri sivil yollarla tənzimləməklə cəmiyyətin mikromodeli qismində çıxış edən, hüquq sisteminin əsasını özündə ehtiva edən, şəxsiyyətin cəmiyyətdə yerini müəyyənləşdirən, dövlətlərin demokratik prinsiplərlə idarəçiliyini təsbit edən konstitusiyasız təsəvvür etmək qeyri-mümkündür.

Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi, suverenliyin daşıyıcısı olduğunu bəyan edən, vətəndaşların hüquq və azadlıqlarını ali dəyərlər kimi təsbit edən, onun təmin olunmasını dövlət hakimiyyətinin əsas vəzifəsi elan edən, hüququn aliliyi prinsipini tanımaqla onu dövlət hakimiyyətinin fövqünə qaldıran Azərbaycan Respublikasının Konstitusiyası demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda mühüm rola malikdir. Bütün bunlara görə, etiraf etməliyik ki, aparılan siyasi, sosial-iqtisadi, məhkəmə hüquq islahatlarının böyük uğur qazanmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır.

Dünya miqyaslı siyasətçi Heydər Əliyevin müəllifi olduğu demokratik hüquqi dövlət quruculuğu konsepsiyası, sosial-siyasi inkişaf strategiyası, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi proqramları, milli qanunvericiliyin ratifikasiya edilmiş beynəlxalq hüquqi aktlara uyğun olaraq təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi, konstitusion islahatların, dövlət hakimiyyəti mexanizmini müəyyən edən müddəaların bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yaradıcılıqla, böyük uğurla davam etdirilməsi Azərbaycan dövlətinin insan hüquq və azadlıqlarına real təminat vermək imkanlarını müasir dünya standartları müstəvisinə yüksəldir. Bununla da ölkədə hüquq sisteminin davamlı inkişafı bütünlüklə təmin edilmiş olur, Şərq və Qərbin qovşağında yerləşən respublikamızda hər iki sivilizasiyanın parametrlərini özündə birləşdirən modern bir dövlət meydana gəlir.

Həsən Həsənov,
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist
TREND.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.