Putinin yaxın adamının şirkəti Ermənistanda mis çıxardacaq?..
12-12-2018, 12:51
Rusiya prezidenti “Rusiya Mis Kompaniyası”nın əsas səhmdarı İ.Altuşkini “Dostluq” Ordeni ilə mükafatlandırıb...
Rusiya prezidenti V.Putinin yaxın adamlarından birinin rəhbərlik etdiyi “Rusiya Mis Kompaniyası” (“RMK”) Ermənistanda fəaliyyətini dayandırmış Texut mis-molibden yatağının istismarına hazırlaşır. Moderator.az bu xəbəri işğalçı ölkə mediasına istinadla yazır.
Noyabrın 26-da erməni mətbuatında belə bir informasiya yayılıb ki, mədənin səhmlərinə sahiblənmiş Rusiyanın “VTB” Bankı ölkənin ikinci ən böyük səhmdar şirkəti olan “Rusiya Mis Kompaniyası” ilə Texut mədəninin istismarı ilə bağlı razılığa gəlib. Şirkət, “VTB” bankı, rusiyalı sahibkar Norayr Petrosyan və Ermənistan hökuməti arasında yataqdakı işləri bərpa etmək üçün razılıq əldə olunub.
“Gəlir əldə edib-etməməyimizdən asılı olmayaraq biz yatağın istismarını bərpa etməliyik Bu haqda mən baş nazir Nikol Paşinyana da söz vermişəm. ", - deyə Norik Petrosyan yerli sakinlərlə söhbətində bir neçə dəfə vurğulayıb.
Noyabrın 27-də erməni saytı “RMK”-nın doğrudan da Ermənistandakı yatağın istismarına hazırlaşıb-hazırlaşmaması, bu barədə danışıqların aparılıb-aparılmaması, Virciniya adalarında “Russian Copper Company Ltd” ofşor kompaniyası kimi qeydiyyatdan keçmiş şirkətin əsl səhmdarının kim olduğunu və s. dəqiqləşdirmək üçün Rusiya şirkətinin ofisinə bir neçə dəfə müraciət edib. Yazılı sorğu tələb edən Rusiya şirkətindən yalnız dekabrın 11-də “şərh verməyəcəyik” cavabı gəlib.
Erməni jurnalistlərin araşdırmasından bəlli olub ki, “Forbes” jurnalının yazdığına görə, “Rusiya Mis Kompaniyası”nın ən iri səhmdarı Rusiya prezidenti V.Putinin yaxın adamlarınadan olan multi-milyonçu, sözügedən şirkətin direktorlar şurasının sədri İqor Altuşkindir. 2017-ci ilin mayında Putin bu iş adamını “Dostluq” Ordeni ilə mükafatlandırıb. “RMK” Rusiyanın ikinci ən böyük dağ-mədən şirkəti kimi tanınır.
Xatırladaq ki, Ermənistanın şimalındakı Lori mərzində, Gürcüstanla sərhədə yaxın ərazidə yerləşən Texut mis-molibden yatağı Kacaran mədənindən sonra ölkədə ikinci belə yataq hesab edilir. Yatağın planlaşdırılan ehtiyatları 8-12 milyon ton filizdir ki, ondan 70 min ton mis və 1200 ton molibden konsentratı əldə edilməsi nəzərdə tutulur.
P.S. Ermənistan hökuməti üçün gəlir baxımından həmin layihənin həyata keçməsi çox vacibdir. Qərbpərəst hesab edilən N.Paşinyanın seçkilərdəki qələbəsindən sonra V.Putini öz yaxın adamının bu işdə ermənilərə dəstək verməsinə şərait yaradacaqmı?..