“Müxalifətin zirvə görüşü”nə 10 gün qaldı - dəvətlərə start verilib
15-12-2018, 08:54
İsgəndər Həmidov: “Ya hərəkat elan olunacaq, ya da...”; İxtiyar Şirin: “Birlik yaratmaq istəyənlərin niyyətləri...”
Dekabrın 25-də saat 12:00-da VHP-nin qərargahında “Müxalifət zirvəsi” keçiriləcək. Tədbirin təşkilatçısı sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidovdur. Dəyirmi masaya 36 siyasətçi dəvət olunub.
Artıq bu günlərdə qonaqlara rəsmi dəvətlər göndəriləcək. Eyni zamanda, İ.Həmidov zirvə görüşü ilə bağlı görüşlərə başlayıb.
Bu barədə onun özü “Yeni Müsavat”a məlumat verdi: “Bu tədbir bir dəyirmi masadır. Orada yaranmış vəziyyət və ondan çıxış yolları müzakirə ediləcək. Qalan şeylər ondan sonra olacaq. Hazırda görüşlər keçiririk. Dəvətnamələr artıq hazırdır və paylanılacaq. Bu tədbirin məqsıdi müxalifəti birləşdirməkdən ibarət deyil. Müzakirələr aparılacaq və gedişatda nələrsə ola bilər. Məsələlər necə həll olunacaq, bunu ora yığılan insanlar müəyyən edəcəklər. İnsanı daim ümid yaşadır. Bu olmasa insan yaşaya bilməz.
Keçirdiyimiz görüşlər zamanı ümumi nəticələrə gəldiklərimiz də var, gəlmədiklərimiz də. Ümumiyyətlə, dəyirmi masada iştirak etmək istəməyənlər də var. Bütün qərarlara hörmətlə yanaşırıq. Ona əminik ki, sonunda çıxış yolu üçün hamı birarada olacaq. Toplantıda iki variant var. Ya hərəkat elan olunacaq, ya da digər nələrsə baş verəcək. Mənim şəxsi fikrim odur ki, nə zamansa hərəkata çevrilək. Hər kəs tədbirə dəvətlidir”.
Zirvə görüşünə dəvətlilər sırasında olan Milli Konqres Partiyasının sədri, sabiq baş prokuror İxtiyar Şirin dəvət gələrsə, iştirak edəcəyini bildirdi: “Tədbir barədə eşitmişəm. Mənə İsgəndər bəy də müraciət edib. Dəvət gəlməyib, amma çox güman ki gələcək və orada iştirak edəcəm. Hansı məsələlərin orada müzakirə ediləcəyindən də xəbərsizəm. Hələ ki toplantı barədə verilən sualları cavablandırmaqda çətinlik çəkirəm. Çünki ilkin olaraq zirvə görüşü barədə tam məlumat yoxdur. Orada gündəlikdə hansı məsələlərin müzakirə ediləcəyi çox vacibdir. Hər şey gündəlikdə olan məsələlərdən asılı olacaq. Amma onu deyim ki, ən azından bu tədbirdə uzun illərdən bəri görmədiyimiz dostları, tanışları görmək imkanımız yaranacaq, fikir mübadiləsi aparacağıq. Bunun da hər halda heç bir zərəri yoxdur. Hərəkatın yaradılacağı yönündə gedən müzakirələrdən xəbərsizəm. Amma mətbuatdan oxuyuram və belə çağırışların olduğu barədə söz-söhbətlər gəzir. Birlik yaratmaq istəyənlərin niyyətləri, nə üçün bunu etmək istəkləri barədə nəsə deyə bilmərəm. Hər şey üzdə tam olandan sonra daha doğru cavablar vermək olar, addımlar da atmaq mümkündür”.