Proporsional seçki sistemi lazımdırmı...

28-11-2019, 09:05           
Proporsional seçki sistemi lazımdırmı...
Taliyət Əliyev: “Bu, dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir”
Gürcüstanda islahatların müvəffəqiyyətsizliyinə, Gürcüstan parlamentinin qanunverici orqana qarışıq seçki sistemindən proporsional sistemə keçidi nəzərdə tutan konstitusiya düzəlişlərini qəbul edə bilməməsindən sonra etirazlar davama edir. İki gündür parlamentin binası qarşısında yenidən etirazlar başlanıb və bina mühasirədə saxlanır. Bütün müxalifət qüvvələri hökumətə qarşı birləşib, onlar növbədənkənar seçkilərin keçirilməsini və keçid hökumətinin təyin olunmasını tələb edirlər.

Beləliklə, proporsional seçki sisteminə tam keçid məsələsi qonşu dövlətdə çox böyük siyasi gərginliyi tətikləyir.

Azərbaycanda isə bu məsələ zaman-zaman qaldırılsa da Gürcüstandakı səviyyəsinə qalxmayıb.

Lakin Azərbaycanda müxalifət indi də proporsional seçki sisteminin bərpasını istəyir.

Vətəndaşların seçkilər prosesinə etimadını qaytarmağın mexanizmlərindən biri kimi proporsional seçki sisteminin bərpasının vacibliyini bəyan edirlər. Bundan əvvəl də bir sıra partiyalar proporsional seçki sisteminin bərpası üçün hakimiyyətə yazılı təkliflər paketi ünvanlayıblar. Hələ ki, bu təkliflər və çağırışlar müsbət nəticə verməyib. Lakin hakim partiyanın təmsilçiləri zaman-zaman açıqlamalarında bildiriblər ki, gələcəkdə nə vaxtsa proporsional seçki sisteminin bərpası istisna deyil.

Müxalifət düşərgəsi isə proporsional seçki sisteminin majoritar sistemdən üstünlüklərinin olduğunu əsas gətirirlər və bu məsələdə israrlı mövqelərindən geri durmurlar.

Bu barədə “Yeni Müsavat”a şərhində ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev bildirdi ki, proporsional seçki sistemi çoxpartiyalı dövlət sistemini stimullaşdıran əsas şərtlərdən biridir: “Proporsional seçki sistemi ilə parlamentə seçilən şəxslər bir siyasi komanda kimi dövlət quruculuğunda fəal iştirak edir. Bu komandanın hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq ölkədə islahatların bilavasitə həyata keçirilməsi və ya həyata keçirilməsi təklifləri ilə çıxış etməsi üçün imkanlar əldə olunur. Eyni zamanda siyasi partiyalara cəmiyyətdə ehtiyac daha da artır. Demokratik cəmiyyət quruculuğuna yeni başlayan postsosialist ölkələrində proporsional seçki sistemi tətbiq olunur. Beynəlxalq birliyin də bu seçki sistemini tələb etməsinin səbəblərindən biri çoxpartiyalı sistemin formalaşıb güclənməsində bu seçki sisteminin ciddi əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Demokratik ölkələrin mütləq əksəriyyətində yalnız proporsional seçki sistemi mövcuddur. Azərbaycan ilk növbədə hələ postsovet məkanında və Şərqi Avropa ölkələrinin təcrübəsindən istifadə edərək demokratiyaya doğru inkişafa nail olmağa çalışmalıdır. Proporsional sistem demokratiyanın atributlarından biridir, partiyaların inkişafına stimul verir. Majoritar sistemdə isə partiya inkişaf edə bilmir. Diqqət edirsinizsə, Azərbaycanda siyasi partiyaların zəifləməsi, siyasi sistemdə mövqelərinin azalması daha çox məhz proporsional seçki sisteminin ləğvindən sonra sürət götürdü”.

Ekspert həmçinin qeyd etdi ki, proporsional qaydada seçilmək millət vəkilinə daha çox hüquq verir. Proporsional seçki sistemi həm demokratikləşmənin inkişafı, həm də siyasi inkişaf və partiyaların siyasi həyatda iştirakı baxımından vacibdir: “Çoxpartiyalı siyasi sistemlərdə baş aktyor partiyalardır, şəxslər deyil. Majoritar sistemdə isə fərdi keyfiyyətlər əsas götürülür ki, bunun da ümummilli məsələlərə elə də aidiyyəti yoxdur. Bütün bunları nəzərə alsaq, bəlli olur ki, siyasi partiyaların proporsional seçki sisteminin bərpasını istəməsi tamamilə məntiqlidir. Gürcüstanda müxalifətin tam olaraq proporsional seçki sisteminə keçid tələbində israr etməsi bu baxımdan da məntiqlidir”.

Qeyd edək ki, Azərbaycanda hazırda proporsional seçki sistemi mövcud deyil. Azərbaycan Konstitusiyasına görə, parlament və bələdiyyə seçkiləri majoritar qaydada keçirilir. Majoritar seçki sistemində ayrı-ayrı dairələrdən namizədliklərini irəli sürənlər səs çoxluğu ilə deputat mandatı qazanırlar. Azərbaycanın müstəqilliyi yenidən elan olunandan sonra proporsional seçki sistemi də tətbiq olunurdu. Amma 2002-ci ilin 29 avqustunda keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub. Bundan sonra parlament seçkilərinin ya tamamilə proporsinoal, ya da həm majoritar, həm də proporsional qaydada keçirilməsi təklifləri vaxtaşırı gündəmə gəlib.

Onu da bildirək ki, seçki sisteminin dəyişdirilməsi yalnız o halda mümkündür ki, qanunvericilikdə dəyişiklik həyata keçirilsin.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.