“Həmsədr ölkələr münaqişənin həllinə ciddi və ədalətli yanaşmır” - PA rəhbərinin müavini
12-12-2015, 14:21
“Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar, bu ay görüş olmalıdır”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
Görüşünün dəqiq vaxtının hələ məlum olmadığını söyləyən N. Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmırlar: “Bu da həmin dövlətlərin münaqişənin həllinə ciddi, ədalətli yanaşmadıqlarını göstərir. Qərb ölkələri və digər dövlətlər bir dəfə deməyiblər ki, Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü necə yerləşdirəcək, yaşadacaq? Amma indi 500-600 min qaçqının qarşısında bütün Avropa bilmir ki, nə etsin. Qərb dövlətləri və digər dövlətlər bir dəfə də demirlər ki, qaçqın və məcburi köçkünlərin fundamental hüquqları pozulub”.