Siyavuş Novruzov general haqda: "Gələn kimi qandallanacaq"
17-12-2015, 21:34

"İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini, general Mənsur Həqiqətpurla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və o, bizim ölkənin ərazisinə daxil olduğu halda həbs ediləcək".
Bunu APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
S. Novruzov qeyd edib ki, İran ordusunun generalı olan M. Həqiqətpur 1993-cü ildə Azərbaycanda gizli fəaliyyət göstərib: “O, bizim hərbi hissələrə gedərək Azərbaycana aid hərbi məntəqələrin yerlərini müəyyənləşdirib və gizli ermənilərə ötürüb. Bununla bağlı 1994-cü ildə Azərbaycanın Milli Təhlükəsizlik Naziriyində cinayət işi qaldırılıb. Ona görə də Həqiqətpur Azərbaycana gələ bilmir, çünki gəldiyi təqdirdə həbs olunacaq. Həqiqətpurgilin o vaxt Bakının “8-ci kilometr” adlanan ərazisində böyük bazaları olub və oradan radio stansiya vasitəsilə günün müəyyən vaxtlarında məlumatlar ötürüblər. Bu işin, bu dəstənin də başında İran ordusunun generalı Həqiqətpur dayanıb.
O vaxt onunla çalışan insanların izahatları da var, xeyli fakt toplanıb. Onların arasında Azərbaycanın bəzi regionundan, o cümlədən Nardarandan olanlar da var. Onları özü ilə İrana aparıb gətirirmiş. Həmin şəxslər özləri də etiraf edirlər ki, o vaxt Həqiqətpurun dəstəsi İranda onlara təlim keçəndə o təlimlərdə ermənilər də iştirak ediblər. Təlimlər isə Azərbaycana qarşı təxribatlar həyata keçirməkdən ibarət olub. İranda indi də bəziləri Nardarandakı inanclı insanları müxtəlif yolla təsir altına salmaq istəyir”.