İqtidar Smtin sanksiya qanununa qarşı ABŞ-da hərəkətə keçib

23-12-2015, 09:47           
İqtidar Smtin sanksiya qanununa qarşı ABŞ-da hərəkətə keçib
XİN: “Amerikadakı səfirliyimiz və Los-Ancelesdəki Baş Konsulluğumuz tərəfindən iş aparılır”
Manatın devalvasiyası hadisəsi Azərbaycan üçün ötən həftənin ən səs-küylü hadisəsinə çevrilmiş ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kris Smitin “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsini hazırlayıb qəbul edilməsi üçün Konqresə təqdim etməsi məsələsini arxa plana keçirib. Bir neçə gündür ictimaiyyətin, həmçinin hakimiyyət təmsilçilərinin gündəmindən sanki sözügedən qanun layihəsi məsələsi çıxıb. Halbuki həmin qanun layihəsi özündə manatın devalvasiyasından da ciddi təhlükələri daşıyır.

Tanınmış araşdırmaçı jurnalist Eynulla Fətullayev ANS-də “Hesabat” verilişində bəyan edib ki, bu, qanun layihəsinin tam mətni ilə tanışdır, belə bir təhlükəli layihənin qəbul olunmasının qarşısının alınması üçün Azərbaycan ABŞ-da iş aparmalıdır: “Bu, demokratiya haqqında aktıdır.

Bu ”Azərbaycan Demokratiya aktı" gizli səsvermə yolu ilə məhşur Helsinki Komissiyasında qəbul olunub. Bu, təşəbbüs deyil. Bəziləri təqdim edir ki, bu sanki hansısa, bir konqresmenin təşəbbüsüdür və yaxud sanksiyalara çağırışdır. Xeyr. Bu, qanunvericilik aktıdır, konqresmenlər tərəfindən hazırlanıb və Helsinki Komissiyasına səsverməyə qoyulub, nəticədə gizli səsvermə yolu ilə akt qəbul olunub. Helsinki Komissiyasına 9 senator, 9 konqresmen, Dövlət Departamenti və Pentaqonun hərəsindən bir nümayəndə daxildir. Biz əlbəttə ki, bilmirik Dövlət Departamenti və yaxud Pentaqon bu sənədin lehinə, əleyhinə səs verib və yaxud bitərəf qalıb. Çünki səsvermə qapalı keçirilib. Amma məsələ ondan ibarətdir ki, sənəd Helsinki Komissiyasında qəbul olunub. Artıq Konqresin gündəliyinə salınıb. Və fevral ayının ilk yarısında bu sənədlə bağlı konqresin aşağı palatasında səsvermə keçiriləcək.
Məhz ona görə də biz həyəcan təbili çalırıq. Vaşinqton və Londondakı həmkarlarım bu sənəd haqqında məni məlumatlandırdılar. Konqresin saytına daxil olub həmin sənədi oxudum. Açıq deyirəm, Oqtay Əsədova rəğmən şoka düşdüm. Çünki indiyə qədər heç bir dövlətlə bağlı bu qədər sərt, konkret və total sanksiya haqqında qanunverici akt ABŞ Konqresində, qanunverici orqanın hər iki palatasında müzakirə olunmayıb. Hətta müzakirəyə belə çıxarılmayıb".



Qətnamə layihəsinin qəbul ediləcəyi təqdirdə konkret hansı məhdudiyyətlərin tətbiq oluna biləcəyinə gəlincə isə E.Fətullayev hesab edir ki, ilk növbədə viza ilə bağlı qadağalar tətbiq oluna bilər. Həmçinin Azərbaycanla bütün iqtisadi əlaqələrin kəsilməsindən söhbət gedə bilər.

Bizim haradasa 1 ay vaxtımız qalır. Vaxt az qalıb. Biz dövlət, cəmiyyət olaraq konsolidə olmalıyıq. Dövlət dövlət orqanları ilə, ictimaiyyət ictimaiyyətlə fəal işə keçməlidir. Azərbaycanın ABŞ-da ənənəvi dostları var. Bu, ilk növbədə yəhudi lobbisidir. ABŞ-da neft lobbisi var və Konqresdə ciddi mövqelərə malikdir. Onlarla iş aparılmalıdır. Çalışımalıdır ki, onları inandıra bilək. Bu layihənin Konqresdə qəbul qəbul edilməsinin qarşısını almalıyıq.
Amerika qanunvericiliyində qəbul olunmuş düzəlişlərin ləğvi mexanizmi çox mürəkkəbdir. Bu sanksiya qəbul olunsa ləğv etdirmək çətin olacaq. Mən həm Vaşinqtonda, həm Londondakı siyasi texnoloqlarla müzakirə aparmışam. Deyiblər ki, bu sanksiyaların qəbul olunma ehtimalı yüksəkdir.

Azərbaycan Avrotlantik məkanla inteqrasiyaya gedirsə, Azərbaycan bəzi məsələlərdə güzəştlərə gedib ABŞ-la anlaşmalıdır. Əgər biz digər siyasi fəlsəfəni seçiriksə, məsələn Kuba kimi, Vyetnam kimi ABŞ-la antoqonist və mübarizə yolunu seçiriksə konsolidə olunub mübarizə aparmalıyıq. Məncə artıq biz çox təhlükəli dönəmə qədəm qoymuşuq. Bütün geosiyasi qüvvələr Azərbaycanı bir şeyə təhrik edir-Azərbaycan öz geosiyasi mövqeyini müəyyən etməlidir. Biz ABŞ siyasi dairələri ilə iş aparmaqla yanaşı, xarici siyasət orientasiyamızı müəyyən etməliyik".

Bəs, Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizə qarşı olan qanun layihəsinin Konqresdə qəbul edilməsinin qarşısını almaq üçün ABŞ-da iş aparmağa başlayıbm?




Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirdi ki, ABŞ-la iş mütəmadi olaraq aparılır. ABŞ-da Azərbaycanın dostları kifayət qədərdir: “O cümlədən, həmin layihənin təqdim olunduğu Konqresdə də Azərbaycanın dostları vardır. Azərbaycanın ABŞ-dakı Səfirliyi və Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən də bu istiqamətdə fəaliyyət davam etdirilir. Ümumiyyətlə, bu məsələdə ölkəmizin digər ictimai və dövlət təşkilatları ilə də, o cümlədən Milli Məclislə, deputatlarımızla əlaqələndirilmiş iş aparılır”.

Azərbaycana qarşı hazırlanmış sözügedən layihənin Konqresdə qəbul edilməsinin qarşısının alınması üçün ABŞ-da hansısa tədbirlər, konfranslar təşkil edilməsi planlarının olub-olmadığına gəlincə, Hikmət Hacıyev dedi ki, nəzərdə tutulan haqqında indidən məlumat vermək düzgün olmazdı: “Bu məsələnin təfərrüatlarına indi varmaq istəməzdim. Amma ümumiyyətlə deyə bilərəm ki, iş aparılır”.

“Helsinki Komissiyasının üzvünün hazırlayıb Konqresə təqdim etdiyi məlum layihə ilə bağlı XİN ABŞ-ın Azərbaycandakı səfirliyinə hər hansı şəkildə etiraz, müraciət edibmi? Səfirlikdən məsələyə münasibət bildirməsi istənilibmi” sualına isə Hikmət Hacıyevin cavabı belə oldu: “Ümumiyyətlə, bildiyiniz kimi, ABŞ-ın dövlət idarəçilik sistemində hakimiyyətin üç qanadı vardır-qanunverici, icraedici və məhkəmə hakimiyyəti. Azərbaycana qarşı həmin layihə qanunverici hakimiyyət orqanında, yəni ABŞ Konqresində fərdi bir konqresmen tərəfindən hazırlanıb irəli sürülüb. Bu, məsələ fərdi təşəbbüs xarakteri daşıyır və ABŞ Konqresində hər bir konqresmenin fərdi təşəbbüslə çıxış etmək səlahiyyəti var. Ona görə də bu, qanunverici hakimiyyət orqanında olan ibtidai bir məsələ olduğu üçün hələ ki, bununla əlaqədar icraedici hakimiyyət orqanlarına müraciət etməmişik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.