Sanksiyalar tətbiq ediləcəyi halda Bakı Vaşinqtonu cavab tədbirləri ilə hədələyir
23-12-2015, 15:53
Dövlət başçısının köməkçisi Əli Həsənov Kristofer Smitin Azərbaycan dövlət məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi haqqında qanun layihəsini rəsmi Vaşinqtonun mövqeyini əks etdirməyən “düşməncəsinə addım” adlandırır.
Həsənov qanun layihəsi müəllifini “erməni soyqırımı”nın tanınmasına nail olmağa çalışan “ermənipərəst” adlandırıb.
“Buna görə bu məsələyə ciddi yanaşmaq lazım deyil. Ümid edirik ki, Smitin bu əməli rəsmi ABŞ nümayəndələri tərəfindən rədd olunacaq və bu layihə tarixə erməniyönlü qüvvələrin həyata keçirilməmiş növbəti arzusu kimi yazılacaq”, deyə Həsənov bildirib.
Daha sonra o qeyd edib ki, Azərbaycanda ABŞ-la strateji tərəfdaşlığa son qoymağı, Azərbaycana qarşı qərəzli münasibətə adekvat cavab verməyi tələb edən qüvvələr var. “Lakin qeyd etdiyim kimi, biz, ABŞ-la münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq”.
“Amma ABŞ bu qərəzli layihəni rəsmi olaraq dəstəkləsə, Azərbaycan hakimiyyəti müvafiq şəkildə reaksiya verəcək. Bundan heç kimin şübhəsi olmasın”, deyə Əli Həsənov qeyd edib.