"Bu dəfə Vaşinqton fərqli qərar verdi" - Obamanın dəvətinə siyasi şərh
6-01-2016, 17:44
“ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından vacibdir”
Avropa.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu sosial şəbəkədə yazıb. O bildirib ki, Barak Obama ötən dəfəki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Serj Sərkisyan Vaşinqtona getmişdi və bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu: “Bu dəfə Vaşinqton fərqli qərar verdi. Tədbir 31 martda keçiriləcək. Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə, bu həm İlham Əliyevin Vaşintona səfərinin əhəmiyyətini artıracaq, həm iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılacaq, həm də Konqresdə Kristofer Smitin qanun layihəsinin, o cümlədən "Maqnitski qanunu"nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq”.