“Mehdiyevin otağından dal - dala çıxdığın zamanları xatırla!” – Millət vəkilindən Eldar Sabiroğluna sərt cavab

14-01-2016, 16:13           
“Mehdiyevin otağından dal - dala çıxdığın zamanları xatırla!” – Millət vəkilindən Eldar Sabiroğluna sərt cavab
“Bilmirəm, nə zamansa diqqət edib fərqinə varmısınız ya yox, amma evdə hər otağın güzgüsü fərqli və fərdi olur. Hamam otağı qarışıq. Biri adamı olduğundan daha gözəl, cazibədar, digəri arıq, eybəcər, şişman, başqa biri kobud, bir başqası yorğun ya da miskin göstərir. O evdə yaşayan hər kəs də dolayı desək, özünə sərf edən güzgünü seçir. Yəni ən yaxşı göründüyünü. Beləcə adamlar həmin güzgüyəcə qapılıb özgüvənini, bəzən isə hətta həyat eşqini təyin edirlər. Fəqət..., bir tip də güzgü var ki, Tanrı hər kəsi ondan qorusun – bədəni arıq saxlayıb başı iri göstərir. Beləsi ən çox evin kuluarlarında olur. Qapının tam çıxacağında. Yol üstdə. Yekəbaşlığın da, nadanlığın da təməli bax həmin güzgüdür. Elə yol üstdəcə səni aldadır, bu eyforiya ilə səni cəmiyyət içinə yönəldir, sənə fətva verir, səndə qəhrəman təcəssümü yaradır, səni ovsunlayır, səni öz qəlibindən çıxarır. Ya da elə əsl qəlibinə oturdur”

(Ertil, “Nadanlar” əsərindən)



****

Eldar Sabiroğlu üsyan havasındadır, od püskürür. Nə vaxtdır. Ramiz Mehdiyevə qarşı. Dediyini deyib, uydurduğunu uydurub, malaladığını malalayıb. Amma dayanmır. Çəninin qırmızı işığı yanan maşınlar kimi “zapravka” görünməyən “alan”da dirəşib qalıb. Balaca uşaqlar “samokat”ı necə avtomobil zənn edib sürürərlərsə, bu da əlinə qələmini alıb haralarasa gedir. Öz aləmində nəsə edir. Mehdiyevdən bir cavab, bir reaksiya gəlsin deyə. O da gəlmir ki, gəlmir...

Əslində yazmayacaqdım bu yazını. Çün, Sabiroğlu özünün və “polatalemdarlıq” eşqinə düşən oğlunun ekskluziv açıqlamalarını hamıdan öncə, təmənnasız dərc edən “Yeni Müsavat”ı sifarişli yazı yazmaqda, kiminsə ruporu olmaqda ittiham etməyi bacarıbsa, bu damğanı mənim alnıma dünəndən yapışdırar. Heç uf demədən. Söhbətə də elə bu minvalla davam edim. Demək, dünən “Azadlıq”da belə bir sərlövhə gedib: “Eldar Sabiroğludan “Yeni Müsavat”a sərt cavab”. Məğz də budur ki, sayt adamın cavab haqqını tanımayıb və demə Arifoğlu iqtidara işlədiyi üçün əvvəldən Eldar bəyə qıcıqlı imiş. Bu fakt isə nəhayət Elşad Paşasoyun məqaləsində özünü açığa çıxarıb. Özü də o divan-kreslo ustaları pərçimli parçaları bir-birinin içinə taxanda deyərlər e...”aldada-aldada sal”, bax Sabiroğlu da eyni taktikadan istifadə edərək “Yeni Müsavat”ın GUYA iqtidara xidmətini sübut və təqdir edibmiş kimi “xoş” sözlər deməyi, bu addımın media camiəsi üçün əslində pozitiv hal olduğunu xatırlatmağı, əlqərəz, söhbətə “aldada –aldada” girməyi və sonuc etibarilə Kərimlinin qurumuş dəyirmanına su tökməyi də unutmayıb. Olsun. Sözüm yox. Zatən 60 il yediyi qaba kor baxanın Arifoğlunu ittiham etməyi deyil, etməməyi absurd olardı. Amma Rauf bəydən küsənlər niyə alt qapı, dublyor, ikinci əl kimi “Azadlıq”ı seçirlər, bax bir tək bunu anlamadım getdim. Əslində anlayıram da...fəqət, anladığıma anlam verə bilmirəm. Və ya özünə müxalifətçi deyən kəs bütün manşet, tribuna verdikləri qarşısında “Rauf Arifoğlunun əleyhinə nəsə de” öhdəliyini qoyursa, əsas hədəfini (hakimiyyətə gəlməyin başını buraxaraq) Arifoğlunu zəiflətmək eqosu ilə məhdudlaşdırırsa, o zaman adamın bizimlə alıb-verə bilmədiyi nədir? - əsas da bu məqamı dərk etməkdə çətinlik çəkirəm. Ciddən. O ki qala Ramiz Mehdiyevə...məncə Ramiz müəllimin Eldar Sabiroğlu monoloquna münasibətdə susqunluğu belə özündə bəlli bir cavabı ehtiva edir. Təxminən, “Ay uşaq, get o yanda oyna” kimi bir formatda. Zatən Mehdiyev kimi təcrübəli, səbrli insan hər yoldan keçənin cavabını versəydi, Mehdiyev olmazdı.

Dahi Tolstoy isə eynən məhz bu cür məqamları nəzərdə tutan əsrarəngiz bir ifadə işlədib: “Bəzən qapazın tam ətrafında fırlanarsan. Sağa-sola. Vurulub qəhrəman olmaq istərsən. Amma bu qapazı belə sənə çox görərlər. Layiq olmadığın üçün”. Odur ki, Eldar Sabiroğlu! İnsanlar haqda bu qədər hədyan, iftira söyləyəcəyinə, o bəyənmədiyin və 35 yaşında vətən təəssübkeşliyi yadına düşən “yurist” oğlunu da al yanına, millətə fayda ver. Hətta arada boş zamanın olarsa keçmişi də yadına sal. Məsələn, Ramiz Mehdiyevin qəbuluna sanki pir qapısına gedirmiş kimi qabaq – qabağa girib dal-dala çıxdığın vaxtları...

Deyirsən, Arifoğludan fərqli olaraq dəyişməmişəm, yerimdəyəm, həminki adamam. Cümlənin ikinci hissəsi ilə mən tam razı. Dəyişməmisən. Amma köndələn durmusan axı, barı bunu etiraf elə. Variant yoxdur! Siyasət meydanında kəllə mayallaq dayanıb düz danışmaq luksu...- bu da yoxdur, mümkün deyil! Hələ -hələ müvəqqəti məskunlaşdığın meydan şeytana papışı tərs geyindirən Əli Kərlimlinin nəzarətində ola – bu heç mümkün deyil!

Ramiz Mehdiyev mövzusu gerçəkdən əla mövzudur. ”Raskrutka” üçün. Zatən həyatı və həyatın boyu sənə xeyirxahlıqdan savayı heç nə etməyən və üstəlik bir çox şeyi borclu olduğun insanı, yəni Ramiz Mehdiyevi yaxşı tanıdığından onun bütün mərhələlərdə sərgiləyə biləcəyi reaksiyalara da gözəl bələdsən. Və əminsən ki, elan etdiyin müharibə sənə ziyan və zərər yetirməz. Mehdiyev yüz il qala sənə əl sürməz, acıq çıxmaz, bunu sənin şəxsiyyətinə yaraşdırsa da öz şəxsiyyətinə yaraşdırmaz. Bax ona görə günü-gündən xoşallanırsan, müştəbehləşirsən, bir könüldən min könülə Eldar Sabiroğluna vurulursan...

İnsan 60 yaşında mövqe dəyişirsə, bu artıq qüsurdur, Eldar Sabiroğlu! İnsan yalnız vəzifəsini itirincə, pulsuzlaşınca, ona-buna iş yükləyə bilməyincə, həyatda öz köhnə komfortunu bulamayınca azğınlaşırsa, bəsirət gözünü açma isterikasına girirsə, bu artıq nankorluqdur, Eldar Sabiroğlu! Evinin kandarındakı güzgünün təyinatı nədir, bilmirəm. Arzun, məqsədin, məramın nədir – onu da bilmirəm. Amma lütfən cəmiyyət - filan qalsın bir yana, elə yalnız bloka çıxarkən o güzgüyə hər dəfə diqqətlə bax. Mütləq bax. Və Allah xətrinə, sinədən yuxarı deyil, bütöv bax. Ki, gövdə ilə baş arasındakı ahəngi, proporsiyanı aydınca sezə biləsən...

***

P.S. Guya yazının formatını elə düzənləyəcəkdim ki, söhbəti Eldar Sabiroğlu ilə başlayıb, İŞİD vurğunu İnqilab Kərimovla bitirim. Olmadı. Araya heç cür körpü atammadım. Haqq kəsənlə baş kəsəni bir arada çözəmmədim. Həm, sonradan düşündüm: İnqilab haqda guya nə yazıb, nə təftiş edəcəkdim ki? Adamın elə ancaq adına sorğusuz-sualsız 7 il iş düşür...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.