Deputat Adil Əliyev məmurları hədələdi, onlara Mahmudovun taleyini xatırlatdı
16-01-2016, 01:46
Deputat Adil Əliyev özünün facebook hesabında maraqlı status yazıb. O, məmurları vurulmuş nazirlərdən ibrət götürməyə çağırıb.
Musavat.com A.Əliyevin həmin statusunu təqdim edir. "Deyirəm görəsən bəzi məmurlar nəyə görə gözü çıxmış kolleqalarından ibrət dərsi götürmürlər.Bəlkə elə bilirlər ki, bunlar toxunulmazdılar? Vəzifədən çıxan və tutulan generallar da sizin kimi fikirləşirdilər".
A.Əliyev "vəzifədən çıxan və tutulan generallar" dedikdə çox güman ki, Eldar Mahmudovu və onun keçmiş komandasını nəzərdə tutur. Deputat konkret ad çəkməsə də hər halda iqtidardakı iri ranqlı məmurları, generalları nəzərdə tutduğu sirr deyil.
Son günlər bəzi deputatlar hakimiyyətə yönəlik tənqidlərin dozasını ciddi şəkildə artırıb. Əvvəllər ölkədə siyasi gərginlik olduqda, iqtidar vahid komanda şəklində müxalifətin üzərinə hücuma keçirdi. Belə görünür, müxalifət zəiflədildiyi, siyasi proseslərə ciddi təsir imkanı qalmadığı üçün iqtidardakılar bir-birilərinin "ətini yeməyə" başlayıb.
Xatırladaq ki, Adil Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general Məhərrəm Əliyevin qardaşıdır.