Zamanlama da Xankəndini deyir – Azərbaycan səbrlə İranın başının üzülməsini gözləməlidir
18-10-2022, 09:34

Zamanlama baxımından da Azərbaycanın fokusu Zəngəzur yox, Xankəndində olmalıdır. Artıq elə bir zaman yetişib ki, Rusiya İrandan asılı vəziyyətə düşüb. İrandan aldığı dronlar Rusiyanı İran qarşısında diligödək edib. İranın Rusiyaya verdiyi dronların müqabilində Zəngəzur üzərində nüfuz istəməsi ehtimalı yüksəkdir. Vəziyyət 2021-ci ilin payızından fərqlidir. O vaxt Rusiya İranın regiona burun soxmasına yox demişdi. Amma indi Rusiyanın o halı yoxdur. Arazın güneyində son hərbi təlimlər də əbəs deyil. İranın Ermənistanı müdafiə üçün gözlənilməz hərəkətlərinə Qərb də səssiz qalasıdır.
İran onsuz da Ukrayna müharibəsinin tərəfinə çevrilməklə özünün intiharına könüllü imza atıb. Azərbaycan səbrlə İranın başının üzülməsini gözləməlidir.
Avropa İttifaqının 40 nəfərlik missiyasının da Ermənistan sərhəddinə yerləşdirilməsi də Azərbaycanın diqqətinin sərhəddən Xankəndinə yönəldilməli olduğunu diqtə edir. Gözlənildiyi kimi Ermənistan Aİ missiyasının orada olduğu 2 ay müddətində Azərbaycanı təxribata çəkməyə başlayıb.
İranın gözlənilməz hərbi təlimləri və Aİ missiyasının tələsik Ermənistan sərhəddinə yerləşdirilməsi kordinasiya edilmiş tədbirlərdir.
Azərbaycan Ermənistanı və onun hamilərini gözləmədikləri yerdə – Xankəndində yaxalamalıdır. Türkiyə ilə birgə Rusiyadan Xankəndini boşaltmağı tələb etməlidir. Siyasətdə rəqibi gözləmədiyi yerdən yaxalamağın verdiyi üstünlüyü heç nə əvəz etmir. Ermənistan və onun havadarlarının Azərbaycandan gözləmədiyi hücum istiqaməti Xankəndidir. Azərbaycan rəqibə hücumu Xankəndindən etməlidir.
Elnur Sadiqov