Prezident Dünya Azərbaycanlılarının Qurultayında mühüm çağırışlar etdi

4-06-2016, 10:17           
Prezident Dünya Azərbaycanlılarının Qurultayında mühüm çağırışlar etdi
İlham Əliyev xaricdə yaşayan zəngin, bizneslə məşğul olan soydaşlarımızı Azərbaycana sərmayə qoymağa səslədi; Sabir Rüstəmxanlı: “50 milyonluq azərbaycanlının potensialı hələ ortaya çıxmayıb”
İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb. İki gün davam edəcək Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.

Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Tədbirdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev qurultayın açılış mərasimində nitq söyləyib. (AzərTAc)

Dünya Azərbaycanlılarının IV Qurultayının açılışı münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev bu qurultayın soydaşlarımızın birləşməsi üçün mühüm addım olduğunu bildirdi.
Müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlərdən, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan prezident tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin keçmişi saxtalaşdırdıqlarını, qədim Azərbaycan toponimlərini dəyişdiklərini bildirdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalı soyqırımının törədildiyini diqqətə çatdırdı. Bu məsələdə informasiya mənbələrinin genişləndirilməsinin, diasporun internet və yazılı mətbuat resurslarından daha geniş yararlanaraq münaqişə ilə bağlı həqiqətlərin geniş miqyasda yaymasının zəruriliyinə toxunan dövlətimizin başçısı aprel döyüşlərində ermənilərin yalan informasiyaya əl atmaq niyyətlərinin puça çıxdığını, bu döyüşlərin Ermənistanın növbəti təxribatı olduğunu, Azərbaycan ordusunun onlara layiqli cavab verərək düşməni yerində oturtduğunu bildirdi.

Prezident dedi ki, Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə yalan danışaraq bildirib ki, qondarma “Dağlıq Qarabağ ordusu” vəziyyətə nəzarət edir və Azərbaycan döyüşlərin dayandırılması ilə bağlı guya Rusiyadan xahiş edib. Bu iddianın tamamilə cəfəngiyata söykəndiyini deyən İlham Əliyev Dağlıq Qarabağın “ordusu”nun bir mif və ermənilərin beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün atdığı addım olduğunu konkret faktlarla əsaslandırdı. Əslində isə atəşkəsin bərpa edilməsi ilə bağlı Ermənistanın xahişi Rusiyanın baş qərargah rəisi və dövlət başçısı tərəfindən Azərbaycana təklif olunub.
Musavat.com-un əməkdaşı xəbər verir ki, prezident xaricdə yaşayan zəngin, bizneslə məşğul olan soydaşlarımızı Azərbaycana sərmayə qoymağa çağırıb. O deyib ki, son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub. Onun yarısı xaricdən cəlb olunub. Bu da ölkəmizdə biznes mühitinin sağlam olmasının, şəffaflığın, bürokratik əngəllərin aradan qaldırılmasının göstəricisidir. Prezident deyib ki, xaricdəki azərbaycanlılar hər il, heç olmasa bir dəfə ailələri ilə Azərbaycana gəlməyə çalışmalıdırıar. Bu, həm vətənlə əlaqələrin qırılmaması üçün vacibdir, həm də ölkəmizə faydalıdır. Azərbaycanın hər cür turizm təsisləri var, istirahət üçün infrastrukturlar mövcuddur: “Qoy hər kəs öz ailəsi ilə istirahətini vətənində keçirtsin". Ölkə prezidenti həm də imkanı olan soydaşlarımızı Azərbaycanda bizneslə məşğul olmağa səsləyib.



“Dünya Azərbaycanlılarının Bakıda keçirilən IV qurultayında Azərbaycan Prezidenti İlham Əliyev proqram xarakterli çıxış etdi. Hesab edirəm ki, bütün diaspora üzvləri böyük ruh yüksəkliyi ilə cənab Prezidentin çıxışından sonra yaşadıqları ölkələrdə daha qətiyyətli fəaliyyət göstərəcəklər və Azərbaycanın haqq səsini bütün dünyaya daha yüksək səviyyədə çatdıracaqlar”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultayla bağlı jurnalistlərə açıqlamasında belə dedi.

Qurultay daha sonra “Fairmont Baku hotel”-də paralel panellərdə öz işini davam etdirdi. İlk panel müzakirələri “Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusu ətrafında oldu. Müzakirələrə moderatorluq edən deputat Elman Nəsirov informasiya təhlükəsizliyi məsələlərinin xüsusi önəm kəsb etdiyini bildirdi.

AMEA-nın üzvü, akademik Rasim Əliyev təklif etdi ki, Azərbaycan vikipediyada fəal olmalı, Azərbaycanın uğurları barədə məlumatlar yerləşdirilməlidir.

Özbəkistandan gələn tədqiqatçı, Qarabağ üzrə araşdırmaçı Şöhrət Salamov Azərbaycan və özbək xalqının dostluğundan, qardaşlığından danışdı. Dedi ki, Özbəkistan erməni işğalına qarşıdır: “Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq. Ancaq silah yolu ilə deyil, sülh yolu ilə çözülməsini istəyirik”-deyə, bildirdi.



Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov ölkə başçısının fikirlərinə istinad edərək informasiya mübarizəsində daha aktiv olmağı vacib saydı və konkret təkliflərini verdi. “İstənilən media qurumu təbii ki, biznes qurumudur, onlarla əməkdaşlıq etmək üçün şübhəsiz ki, maliyyə lazımdır”-deyə, bildirdi. Əlavə etdi ki, informasiya müharibəsində daha çox xarici ölkələrin jurnalistlərindən istifadə olunmalıdır, bu, daha çox effekt verir.

H.Cavadov informasiya sahəsində uğurlu fəaliyyət üçün koordinasiya şurasının yaradılması təşəbbüsü ilə çıxış etdi.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev azərbaycanlıların soyqırımı və Qarabağın işğalı ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün bir sıra xarici ölkələrin təcrübəsindən istifadə edildiyini vurğuladı. Dedi ki, əvvəllər Qərb mətbuatında münaqişə Dağlıq Qarabağ kimi təqdim olunurdusa, indi “Artsax” ifadəsindən istifadə olunur. Bu da bir sıra işlərin yerində olmadığını göstərir.



Təşkilat sədri təklif etdi ki, erməni diasporu ilə effektli mübarizə aparmaqdan ötrü Avropa qurumları və NATO ilə işləyən işçi qrupu təşkil edilsin, koordinasiya şurası yaradılsın.
DAK sədri, xalq şairi Sabir Rüstəmxanlı tənqidi fikirlərini səsləndirdi: “Xaricdə yaşayan soydaşlarımızın mətbuatda fəal olmasına böyük ehtiyac var. Belə adamlar var, amma onların heç biri bura dəvət olmayıb. Diaspor işini parçalayan adamlar var, 20-30 il əvvəl adı siyahıya düşüb və bura dəvət edilib. Bu adamlar gözləyiblər ki, Azərbaycandan yardım olsun, onlar da bir iş görsün. Çox təəssüf edirəm ki, Almaniyadan Orxan Araz bura dəvət olunmayıb. DAK həmsədri Firudin Pərviznia burda yoxdur. Bunlar burda olmaya-olmaya necə ürək açıqlığı ilə deyə bilərik ki, diaspora bir araya gəlib? Bu gün dünyada yaşayan azərbaycanlılara bu iqtidara münasibətinə görə qiymət verməli deyilik. Ayrı-ayrı məmurlarla yaxın olmaq əsas deyil, millətlə yaxın olmaq əsasdır”.



S.Rüstəmxanlı xaricdə diaspor telekanalının olmasını, Bakıda diaspor kitabxanasının olmasını istədi: “Avropa və Amerikada bir Azərbaycan institutu yaradılmalıdır. Təhsil qanunumuza görə xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda təhsil almasına güzəşt olmalıdr. O güzəşt hanı? Bir nəfər güneyli burada güzəştli təhsil ala bilmir. Yaxud deyək ki, xaricdə yaşayan azərbaycanlının nəsə yazmaq imkanı yoxdur. Heç olmasa 3-5 dollardan 5-ini al, 5 almana, ingilisə bağışla. ”Ömür kitabı" ermənilərin atasına od vuran kitabdır. Amma görək bizim xaricdə yaşayan azərbaycanlılarımız neçə kitab alıblar?"

Xalq şairi Almaniyada qəbul olunan anti-türk qərarına da diqqət çəkdi: “Bu gün hökmən bir bəyanat qəbul olunmalıdır. Almaniya Bundestaqı Türkiyəyə qarşı son dərəcə ədalətsiz qərar qəbul etdi. Hamı bilir ki Türkiyədə erməni soyqırımı olmayıb, türklərə qarşı soyqırım olub. Toplu məzarların açılışında mən iştirak etmişəm, hamısı bizim soydaşlarımızdır. Bu, bizim zəifliyimizdir ki, 5 milyon türk yaşayan Avropada ermənilərin xeyrinə qərar qəbul edilir. Amma bilirik ki, bu, siyasi qərardır. Belə olan halda biz bu hadisəyə biganə qala bilmərik. Soyqırım Xocalı soyqırımımıdır, bununla bağlı qərar qəbul etməlidir”.

S.Rüstəmxanlı Türkiyə diasporu ilə bir yerdə işləməyi təklif etdi: “Bir olsaq, güclü olacağıq. 50 milyonluq azərbaycanlının potensialı hələ ortaya çıxmayıb”.

Türkiyədən gəlmiş həmyerlimiz Aygün Attar isə doğmalarının məzarının erməni tapdağında olduğunu söylədi: “Gündə bir dəfə Qarabağın və tarixi Azərbaycan ərazilərinin Ermənistan işğalı altında olduğunu bildiyimiz dünya dillərində yazaq”.

Moskva Vilayəti Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev “bu gün qarşımızda çox güclü təşkilatlanmış erməni diasporu, onun qarşısında isə zəif təşkilatlanmış Azərbaycan təşkilatları var”-söyləyərək çıxışına tənqidlərlə başladı: “Təşkilat rəhbərləri var ki, özünün azərbaycanlı olduğunu göstərmək istəmir. Təşkilat rəhbəri var ki, Azərbaycanın tarixini bilmir, o, nə yazacaq? ”Qardaş, biz ermənilərə toxunmasaydıq, yaşayırdıq da" deyən adam təşkilat komitəsidir. Ona dedim utanmırsan, mən Qarabağda döyüşmüşəm, bilirsən hadisələr necə olub. Hərə öz adamını dəvət edir, buna son qoymaq lazımdır".



Xocalıdan olan jurnalist Səriyyə Müslümqızı “biz hələ Xocalı soyqırımı baş verəndə informasiya müharibəsinə düşdük və 24 ildir oradan çıxa bilmirik”-deyə birliyə çağırdı.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının mətbuat katibi, beynəlxalq münasibətlər sahəsində ekspert Arie Qut dedi ki, yeyib-içməyi bir kənara qoyub informasiya savaşında ciddi fəaliyyət göstərək.

O, “Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan” deyək çıxışını bitirdi və zalın sürəkli alqışını qazandı.

“Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova öncə Texas ştatından Diaspor Komitəsinin sədri Nazim İbrahimova, həmçinin qurultay iştirakçılarına göndərilən salamları çatdırdı və təbrik məktubunu oxudu.

Kopenhagen Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi xaricdəki bütün türk toplumlarının birgə fəaliyyətini zəruri saydı: “Biz mütləq türk diasporunun gücündən istifadə etməliyik. Daha fəal iş görmək üçün yaşadığımız ölkələrin parlamentlərində Azərbaycanı sevənlər qrupunu yaratmalıyıq ki, Azərbaycanın sözünü həmin qruplar desin”.

O, sonda Ali Baş Komandana müraciət etdi: “Biz artıq aprel döyüşlərindən sonra yaşadığımız ölkədə ermənilərin üzünə dik baxa bilirik. Əgər müharibə yolu ilə torpaqlarımız azad edilirsə, xaricdə yaşayan azərbaycanlıları nəzərə alsın, biz var gücümüzlə bu prosesdə iştirak etməyə hazırıq”.

İsvçrə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov dövlətdən maliyyə dəstəyi istəyənləri qınadı. “Bəs, bizim azərbaycanlılığımız, gücümüz harda qaldı?” Təşkilat rəhbəri dedi ki, İsveçrə parlamentində Xocalı soyqırımı ilə bağlı müzakirələrə nail olub: “Əgər biz bunu bacarmışıqsa, deməli, çox şeyi bacararıq. Ona görə də öz gücümüzü çox da kiçiltməyək”.

“Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya” mövzusundakı müzakirələrdə isə gənclər aktiv şəkildə iştirak edirdilər.
Qurultay iyunun şənbə günü öz işini davam etdirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.