Qubad İbadoğlunun həbsi barədə vəkili, həyat yoldaşı, hüquq müdafiəçisi danışıb

25-07-2023, 08:49           
Qubad İbadoğlunun həbsi barədə vəkili, həyat yoldaşı, hüquq müdafiəçisi danışıb
İyulun 24-də Bakının Nərimanov rayon Məhkəməsində ADR Partiyasının sədri Qubad İbadoğlu barədə həbs qətimkan tədbiri seçilməsi ilə barədə istintaq orqanının vəsatətinə baxılacağı barədə xəbərlər yayılsa da bu hələ baş tutmayıb.

Məhkəmənin binası polis tərəfindən mühafizə olunur və İbadoğlunun çoxsaylı tərəfdarları, hüquq müdafiəçiləri, ictimai-siyasi fəallar məhkəmə binasının qarşısına toplaşıb.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, istintaq davam etdirilir, Qubad İbdaoğlu satış məqsədi ilə saxta pulun hazırlaması, habelə əldə edilməsi və ya satışı ittihamı üzrə şübhəli şəxs qismində saxlanılır.
“Qubad İbadoğlu ittihamı qəbul etmir. Evdən 40 min dolar tapılıb. Onun saxta olub-olmamasını hələ deyə bilmərik. Qubad bəy bildirdi ki, pul ona məxsus deyil. O ev sadəcə sənəddə onun adınadır. Qubad bəy o evdə yaşamır, o evdən istifadə etmir, Uzun müddət Azərbaycanda olmayıb”, vəkil Amerikanın Səsinin suallarının cavabında bildirib.

İyulun 23-də Qubad İbadoğlu ilə bərabər onun həyat yoldaşı İradə Bayramova da saxlanılıb.

Qubad İbadoğlunun həyat yoldaşı İradə Bayramova iyulun 24-də bəyanatla çıxış edib. O və həyat yoldaşı Qubad İbadoğlu saxlanılan zaman zorakılığa məruz qaldığını bildirib.

“ADR Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də İlham Əliyevin sifarişi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Hökümət yenidən nağıl uydurub, onu saxta pul satışı ilə ittiham edir, eyni zamanda həm Tükiyə, həm Azərbaycan mediası ona Fetö-çu deyə böhtan atır. Həm mən, həm də Qubad İbadoğluya zorakılıq tətbiq olunub. Hər ikimizin bədənində xəsarət izləri var. Biz ona dərmanlarını çatdıra bilmirik. Qubad bəy xəstədi və gün ərzində dəfələrlə bir çox dərman qəbul etməlidir. Buna icazə verməyərək onu sadəcə öldürmək istəyirlər”, o qeyd edib.
Qubad İbadoğlunun qardaşı Qalib Bayramov bildirib ki, Qubad İbadoğlu və həyat yoldaşı saxlanılan zaman azı 6 polis avtomobili onların yolunu kəsib.

“İradə xanım və Qubad bəy ayrı-ayrı avtomobillərə oturduraraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib. Onlar ayrı-ayrı otaqlarda saxlanılıb. İradə xanım yalnız axşam saat 19-da sərbəst buraxılıb”, o qeyd edib.

ADR Partiyasının İdarə Heyətinin üzvü Ellada Məmmədli Amerikanın Səsinə bildirib ki, Qubad İbadoğluna verilən ittiham partiya üzvləri tərəfindən qəbul edilmir və insanları təəccübləndirir.

“Belə bir aydın insanı, ziyalını nəyə görə şərləyib tutublar? Qubad bəy nə vaxtdan Fetö-çu oldu? Bunun bir əsası varmı?Qubad bəy ehtiyatlı davranan, hər şeyə nəzər yetirən adamdır. Düşünürsünüz ki, Qubad bəy kiməsə pul versin, kiminsə sifarişini icra etsin. Bu qeyri- mümkün məsələdir. Qubad bəy istənilən pul məsələsində hər zaman hesabatlılığı sevən adamdır”, o qeyd edib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə deyib ki, 2016-cı ildən bəri bir neçə müxalifətçini Fetö-çuluqda ittiham etsələr də sonradan ittiham dəyişib.
“Bu ittiham Faiq Əmirli, Fuad Əmədli, Elgiz Qəhrəman da tutulanda belə oldu. İstintaq orqanı əvvəlcə tutur, sonra ittiham düşünür. Qubad İbadoğlu üçün də bir maddə tapacaqlar”, o qeyd edib.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində Ankara hökumətinin ittiham etdiyi ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Daxili İşlər Nazirliyi bildirir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkədə Gülən tərəfdarları (Türkiyə hakimiyyəti Gülən tərəfdarlarını "FETÖ" adlandırır) ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

“Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Qubad İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir” - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.