Azərbaycan Fransaya nota verdi
20-05-2015, 18:31
Azərbaycan Xarici İşlər Nazirliyi Fransaya nota təqdim edib.
TEREF.İNFO xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Fransaya səfəri məsələsini şərh edib. O bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin 17-19 may 2015-ci il tarixində Fransaya səfəri ilə əlaqədar Fransanın Azərbaycan Respublikasındakı Səfiri Paskal Mönye 20 may tarixində Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Fransa səfirinə etiraz notası təqdim edilib. Nazir müavini Xələf Xələfov tərəfindən bu kimi faktların, eləcə də Fransa Milli Məclisinin deputatlarının bu ilin 3 may tarixində qondarma rejimin “parlamenti”nə keçirilmiş “seçkilər”də “müşahidəçi” kimi iştirakının Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, eləcə də Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyi qeyd olunub. İkili standartların təzahürü kimi qiymətləndirilən bu kimi halların Azərbaycan ilə Fransa arasındakı münasibətlərin mövcud vəziyyətinə də mənfi təsir etdiyi diqqətə çatdırılıb.
Səfir Paskal Mönye təqdim olunan notanın və Azərbaycanın ciddi narahatlığının ölkəsinə çatdırılacağını bildirib.