Kremldən anons: Böyük toqquşma başlayır – Bu dəfə İrəvan…

27-07-2024, 11:14           
Kremldən anons: Böyük toqquşma başlayır – Bu dəfə İrəvan…
Rusiyanın yenidən Cənubi Qafqazda aktivləşdiyi və sülh danışıqlarına geri qayıtma təşəbbüsləri müşahidə olunur. Rəsmi Moskvanın ikitərəfli danışıqlar üçün Bakı və İrəvana vasitəçisiz platforma təklifi bu baxımdan diqqət çəkir.

Digər tərəfdən, Qərb və ABŞ da prosesdə fəallıqlarını qorumağa çalışırlar.

Rusiyanın sülh adı ilə aktivləşməsi bölgəyə nə vəd edir? Son təklif Moskvanın Vaşinqtonun təşəbbüslərinə cavabıdırmı? Cənubi Qafqaz iki gücün arasında yenidən poliqona çevrilə bilər?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, dünyada iki supergüc ABŞ və Rusiyanın maraqları tez-tez toqquşur:

“Bu toqquşma həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə özünü göstərir. Supergüclərin maraqlar uğruna mübarizəsini bir savaş kimi xarakterizə edə bilərik. Bu savaşın birinci episentri Ukraynadırsa, ikincisi Cənubi Qafqazdır.

Bu gün ABŞ başda olmaqla, Qərb koalisiyası regionu öz təsirinə salıb Rusiyanı buradan sıxışdırmaq istəyirlər. Hətta ABŞ və NATO Moskvanı düşmən elan edib. Bununla da Rusiyanın parçalanması və siyasi baxımdan sıradan çıxarılması istənilir.

Qərb Gürcüstan, Ukrayna və Ermənistanda buna nail oldu. Rəngli inqilablar nəticəsində bu ölkələrdə özünə sadiq qüvvələri hakimiyyətə gətirməklə Rusiyanın Cənubi Qafqaza təsirini zəiflədir. Özü də bunu demokratiya adı altında edir. ABŞ bu gün Ermənistan üzərindən regiona daxil olmağa çalışır. Bu işdə Nikol Paşinyan hakimiyyəti də canla-başla Vaşinqtona xidmət edir”.

Politoloqun sözlərinə görə, ABŞ xüsusilə Ermənistandakı hərbi varlığını gücləndirir:

“Fransa kimi ölkələr vasitəsilə isə İrəvanın hərbi potensialı arıtırılır. Bu isə ilk növbədə Rusiyaya qarşı yönəlmiş bir siyasətdir. Əgər Cənubi Qafqazda xaos yaranarsa, Qərb və ABŞ regiona daxil ola bilər.

Rusiya, şübhəsiz, proseslərə səssiz qalmayacaq. Kremlin Ermənistanda təsir gücü hələ də var. Belə olan halda deyə bilərik ki, bu mübarizə hələ davam edəcək və nəticədə Qərb Rusiyanın müqaviməti ilə qarşılaşacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.