Putin niyə COP29-a qatılmamağa qərar verdi? - ŞƏRH
20-10-2024, 10:24
"Rusiya Prezidenti Vladimir Putin noyabr ayında Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirində iştirak etməməklə doğru qərar verib. Görünür, Kreml sahibi Bakıda tədbirin işinə zərər vurmaq istəməyib".
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Putin Bakıdakı tədbirə qatılsaydı, Azərbaycan paytaxtındakı tədbirə qatılmağı planlaşdıran bir çox ölkənin lideri, rəsmisi və diplomatı toplantıda iştirakdan imtina edəcəkdi:
"Bununla tədbir gözlənilən effekti verməyəcəkdi. Məsələ burasındadır ki, Ukraynaya qarşı işğalçı müharibəyə görə, Qərb ölkələrinin liderləri nəinki Putinlə əl verib görüşmək, onunla bir masada oturmaq istəmirlər. Putin bütün bunları doğru hesabladığına görə, Bakıdakı tədbirə baş nazirini göndərəcək. Rusiya Prezidenti avqustun əvvəlində Bakıda olub, Prezident İlham Əliyevlə müxtəlif mövzuları müzakirə edib. Azərbaycan Prezidenti bir neçə gün əvvəl Müstəqil Dövlətlər Birliyi çərçivəsində Moskvada ikinci dəfə Putinlə görüşüb. Üçüncü görüş bu ay BRİKS toplantısı çərçivəsində Kazanda olacaq. Putin düşünüb ki, bu onun üçün yetərlidir".