Gürcü qüruru ilə Avropaya.

2-12-2024, 10:34           
Gürcü qüruru ilə Avropaya.
- Gürcüstanda məişət rüşvəti, korrupsiya varmı? Yoxdur.
- Gürcüstanda seçki institutu varmı? Var.
- Gürcüstanda bələdiyyələr, yerli özünüidarə institutları güclüdürmü, seçkilidirlərmi? Bəli.
- Gürcüstanda vergi-gömrük tarifləri normaldırmı, şəffaf işləyirlərmi? Bəli.
- Gürcüstanda investisiya şəraiti yaxşıdırmı? Əlbəttə.
- Gürcüstanda məhkəmələr ədalətlidirmi? Bəli.
- Gürcüstanda hüquq-mühafizə orqanları vətəndaşlara xidmət edirlərmi? Bəli.
- Gürcüstan diktatura, avtoriratizmləmi idarə olunur? Təbii ki, yox.
- Gürcüstanın indiki hökuməti “ruspərəsdirmi”? Bu iddanın özü belə absurddur, diplomatik əlaqələr yoxdur, Rusiya bütün rəsmi sənədlərdə işğalçı kimi tanınıb, Ukraynanın ərazi bötövlüyünü Gürcüstan bütün beynəlxalq tədbirlərdə tanıyıb, bu ölkə həm də Ukraynaya tam dəstək olan “Ramşteyn” qrupunun üzvüdür.
- Gürcüstan Rusiya ilə normal münasibətlər istəyirmi? Nədən istəməsin – ildə 1,4-1,5 mln. turist gəlir, onlar 2,5-3 mlrd. dollara yaxın vəsait xərcləyirlər. Gürcüstanın əsas ixrac malları olan spirtli içki bazarı Rusiyadadır, çünki, Avropa bazarı aşırı tənzimlənir, ora çıxmaq çətindir, onlarla sertifikat istəyirlər, bahadır, həm də orada İspaniya, İtaliya, Fransa kimi şərab ölkələri ilə rəqabət aparmaq çətindir. Amma urusa nə verirsən içir, hətta yenə istəyir, daha çox alır. Gürcüstan tək bu ilin ilk 10 ayında Rusiyaya 500 mln. dollarlıq spirtli içkilər satıb.
- Rusiya ilə normal münasibətlər qurmağa çalışmaq günahdırmı? Baxır hansı sahədə, Gürcüstan örnəyində günah deyil, hətta labüddür. Avropa Birliyi, Qərb bu münasibətlərə görə Gürcüstanı qınayırsa, onlara anti-demokratik deyirsə, bəs Rusiyaya göbəyindən bağlı olan, Kremlin başçılıq etdiyi KTMT, Avrasiya, Gömrük İttifaqlarının üzvü, Moskvaya sanksiyalardan yan keçməyə tam dəstək olan Ermənistanı nədən tərifləyib onlara “demokratiya” deyir?! Bu absurddur axı.
Gələk hadisələrin analizinə: “Gürcü Arzusu” seçkilərdə parlamentə düşən 4 müxalif partiyanın hamısından çox səs alıb. Müxalifət də bunu etiraf edir, sadəcə hökumətin 53% deyil, daha aşağı səs aldığını iddia edir. Yaxşı, lap 49-50% səs alıbsa, onlara səs verən gürcü xalqı deyilmi? Bəli, ölkə yarıya bölünüb, yarısı etiraz edir – onlara gürcü xalqı deyirlər, yarısı isə etiraz etmir, səs verib, hökuməti dəstəkləyib, bəyəm onlar xalq deyilmi?!
Bəs sönməkdə olan hadisələr nədən qızışdı?! Bir çoxları məntiqi ardıcıllığı itiriblər: 1) AB Parlamenti məntiqsiz və hüquqsuz, hətta alçaldıcı bir qərar çıxartdı ki, biz seçkilərin nəticələrini tanımırıq və Gürcüstan hökumətinə daha yardım-qrant verməyəcəyik. Gürcüstan hökumətinin emosional (burası yanlış idi) cavabı isə belə oldu ki, biz 2028-ci ilə qədər AB üzvlük danışıqlarını dondururuq, yardımınız da başınıza dəysin. Yəni, eskalasiyaya ilk AB getdi, zatən onlar danışıqları dondurmuşdular, yardımları kəsirdilər – Gürcüstan hökuməti sadəcə buna ağılla yox, emosiya ilə cavab verdi, öncədən addım atdı. Bəs niyə emosional cavab gəldi – deyim, gürcü xalqı sözün yaxşı mənasında dikbaş, qürurlu, konservativ, dindar xalqdır. Belə bir topluma, “pul vermərik ha, biz deyəni edin”, söyləmək AB-nin növbəti axmaq yanaşması idi. Bu yanaşma da, bir daha qeyd edim, səhv olan emosional yanaşmanı doğurdu.
Yaxşı, etiraz edənlər kimlərdir? Bəli, onlar da xalqdır, gənclərdir, gürcülərdir, amma, Gürcüstanda 10 mindən çox QHT var, bu təşkilatlarda 65 min insan birbaşa, 30 minə yaxın isə dolayısı ilə çalışırlar. Etirazın nüvəsini onlar təşkil edid, amma sadə xalqı da etiraza, “baxın, siz daha Avropaya vizasız gedə bilməyəcəksiz”, deyərək cəlb edirlər. Halbuki, vizasız gediş-gəlişin ləğvi ilə bağlı hələ heç müzakirələr belə yoxdur.
Yaxşı, bu işin arxasında olanlar niyə tələsirlər? Çünki, Tramp 20 yanvardan sonra Gürcüstanla normal əlaqələrin davamını istəyəcək, etirazın moderatorları bu zamana qədər nəticə əldə etmək istəyirlər. Tramp isə normallaşma şərti kimi seçki məsələsini qoymayacaq – tək şərt Gürcüstanın Çinə verdiyi Qara dəniz limanı tikintisini geri almaq olacaq. Çin Gürcüstana yaxın 5 ildə 8 mlrd. dollar investisiya qoymaq istəyir, Tramp bunun üzərindən alver edəcək. Yəni, indiki hökumət yanvara qədər dözsə, sonrası asan olacaq.
AB-nin, Qərbin bəzi dairələrinin bölgəni, xalqları, toplumları tanımadıqları, köntöy və savadsız davrandıqları bir daha üzə çıxdı. Gürcü xalqı, indiki hökumət də daxil Qərbə, Avropaya inteqrasiya istəyir, amma qürurla, öz milli dəyərlərini qorumaqla bu addımı atmaqda israrlıdırlar. Bu yolda dost gürcü xalqına uğurlar diləyirəm, Gürcüstanın demokratik, Qərbyönümlü olması bizim üçün də vacibdir, amma həm də sabit, xaos ortamı olmayan məmləkət olması da vacibdir. Çünki, Gürcüstan Azərbaycanın iqtisadi uzantısı, bizim də mütləq gedəcəyimiz yolun “karvanbaşıdır” – onlar uğurlu olmalıdırlar ki, biz də açdıqları yolla irəliləyək.
Natiq Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.