Meydan TV-nin həbs edilən jurnalisti Aytac Tapdığın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq

Bu gün, 11:35           
Meydan TV-nin həbs edilən jurnalisti Aytac Tapdığın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq
Yanvarın 23-də Xətai rayon məhkəməsində Meydan TV-nin həbs edilən jurnalisti Aytac Tapdığın ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılacaq.

Bu barədə onun vəkili Cavad Cavadov Amerikanın Səsinə bildirib.

Müdafiə tərəfi hesab edir ki, jurnalistin həbsdə qalması üçün heç bir hüquqi əsas yoxdur.

Yanvarın 17-də Meydan TV-nin həbs edilən jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin edilməyib.

Ondan bir neçə gün əvvəl isə Meydan TV-nin digər əməkdaşı Xəyalə Ağayevanın ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib.

Jurnalistlərin vəkilləri məhkəmənin bu qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsi “Meydan TV”nin jurnalistləri barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən şikayətləri təmin etməyib.

Apellyasiya şikayətlərində qərarın ləğv edilməsi və jurnalistlərin həbsdən azad edilməsi və ya ev dustaqlığına buraxılması göstərilib.

Dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko, media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir.

“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib.

“Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub”, bəyanatda qeyd edilib.

“Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edib.

Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.

2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.

Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.

2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə kiberhücum olunub, materialları silinib.

2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum olub ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefonlarını dinləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.