Bayden uzun fasilədən sonra üzə çıxdı – Və Trampı “sürüdü”
16-04-2025, 15:16

ABŞ-nin keçmiş Prezidenti Co Bayden vəzifəsindən getdikdən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
“AzPolitika” xəbər verir ki, CNN-in yayımladığı çıxışında Bayden Donald Trampı və onun administrasiyasını kəskin tənqid edib.
Sabiq Prezident “Ümid çırağı” mükafatını alması şərəfinə nitq söyləyib. Bayden ABŞ-dəki irqi ədalətsizliyə görə təəssüfləndiyini deyib və həmçinin varisi Donald Trampı miqrantlarla bağlı tədbirlərə görə tənqid edib.
Bayden Trampı hökumət işçilərinin sayında kütləvi ixtisarlara görə də sərt qınayıb. Trampın adını çəkməyərək, ona “bu oğlan” deyə müraciət edən Bayden yeni administrasiyanın sosial təminata yanaşmasını pisləyərək, kütləvi ixtisarların hökumət dəstəyinə arxalanan milyonlarla amerikalı üçün risk yaratdığını söyləyib: "Sosial təminat hökumət proqramından daha vacibdir, bu, verdiyimiz müqəddəs vəddir. Biz heç vaxt, heç vaxt bu etimada xəyanət etməməli və öhdəliklərimizdən üz döndərməməliyik".
Bayden hesab edir ki, respublikaçılar "əvvəlcə atəş açıb, sonra nişan alırlar": "Onlar məhv etmək istəyirlər ki, sonra talan etsinlər. Niyə talan etmək istəyirlər? Milyarderlər və iri korporasiyalar üçün vergiləri azaltmaq üçün. 100 gündən az müddətdə bu yeni administrasiya o qədər ziyan və dağıntılar törədib ki...”
O, həmçinin hesab edir ki, respublikaçıların hərəkətləri ABŞ-nin xarici borcunun əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Bayden ticarət naziri Hovard Lutniki tənqid edərək, onun orta statistik amerikalıdan da zəif olduğunu söyləyib.
Ağ Evin sözçüsü Stiven Çanq Baydeni bu çıxışına görə kəskin tənqid edib və onun "ağlını itirdiyini" deyib.
“AzPolitika.info”