Rusiya dondurulmuş vəsaitlə ABŞ-dən "Boeing" almaq istəyir
17-04-2025, 15:34

Ukraynada atəşkəs razılaşması əldə olunarsa, Rusiya dondurulmuş dövlət aktivləri hesabına ABŞ-dən "Boeing" təyyarələri almaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Moskvadakı mənbə "Bloomberg"ə bildirib.
Agentlik qeyd edir ki, bu təklif atəşkəs razılaşması üçün şərt deyil, lakin Rusiya dondurulmuş vəsaitin atəşkəs olmadan xərclənməsinin mümkünsüzlüyünü başa düşür.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes "Bloomberg"ə bildirib ki, ABŞ atəşkəs əldə olunmayana qədər heç bir iqtisadi öhdəlikləri müzakirə etməyəcək.
Təyyarələrin alınmasına icazə verən müqavilə, hərbi əməliyyatlar bitərsə, sanksiyaların aradan qaldırılması paketinin bir hissəsi ola bilər.
Rusiyanın yeni "Boeing" alması rus aviaşirkətlərinin köhnəlmiş donanması problemini qismən həll edə bilər.
“The Bell” qeyd edir ki, Rusiyanın dondurulmuş ehtiyatlarının yalnız kiçik bir hissəsi ABŞ-ın payına düşür: Müxtəlif hesablamalara görə, onlar təxminən 5-7 milyard ABŞ dolları təşkil edir. Bu məbləğ onlarla "Boeing" təyyarəsi almaq üçün kifayətdir.