Təhlükəsizlik ekspertindən Azərbaycandakı “təsir agentləri” barədə mühüm açıqlamalar
3-07-2017, 10:35
İlham İsmayıl: “Bura bir çox kəşfiyyatların bəlkə də ən rahat işlədikləri ölkədir”
Azərbaycanın qonşu ölkələrin və Qərbin xüsusi xidmət orqanlarının maraq dairəsində olması ilə bağlı hər zaman fikirlər səslənir. Rusiya-Qərb əlaqələrinin soyumasından və Amerikada prezident dəyişiklərindən sonra belə iddiaların sayı durmadan artır. Artıq rəsmi Bakının seçim etmək zamanının olduğu barədə mövqelərə də rast gəlmək mümkündür.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirdi ki, əgər bir dövlətin digər dövlətdə maraqları varsa, mütləq xüsusi xidmət orqanlarının həmin dövlət marağında olacaq: “İlk növbədə dövlət qonşularının maraq dairəsində olur. Bizim də qonşular məlumdur. Su sərhədi kimi Qazaxıstan da qonşumuzdur. Amma bu dövlətin Azərbaycanda marağı yoxdur. Rusiya, İran, hətta qonşu dost Gürcüstanın da ölkəmizdə maraqları hər zaman olub. Ermənistan məlumdur. İki düşmən ölkənin daim xüsusi xidmət orqanları digərinin ərazisində işləyir, məlumatlar toplayırlar. Geopolitik baxımından da dövlətlərin digər yerlərdə maraqları olur. Aydın məsələdir ki, ABŞ və digər beynəlxalq güclərin də Azərbaycanda maraqları var. Amma bu maraqlar səviyyə baxımından fərqlənir. Məsələn, Rusiya və İranın xüsusi xidmət orqanlarının ölkəmizdəki maraqları qədər Fransa və başqa Qərb dövlətlərinin maraqları yoxdur. İsrailin də ölkəmizdə maraqları çoxdur. Yeri gələndə dostluq, yaxın əlaqələrdən istifadə edib, qonşularımız haqqında məlumat toplayırlar. Hər bir dövlətin siyasi və iqtisadi baxımından özünəməxsus maraqları olur. Dost, qardaş ölkə Türkiyənin də Azərbaycanda maraqları az deyil. Amma bu fəaliyyət Azərbaycan əleyhinə yönəlməyib. Azərbaycan elə bir ölkədir ki, burada xarici xüsusi xidmət orqanları fəaliyyət göstərirsə, bunun dövlətimiz əleyhinə başa düşmək doğru deyil. Bura bir çox kəşfiyyatların bəlkə də ən rahat işlədikləri ölkədir. Çünki bu kəşfiyyatlar bizim əleyhimizə fəaliyyət göstərmir. Məsələn, İsrail kəşfiyyatının bizə qarşı bir marağı yoxdur, əksinə Azərbaycan vasitəsilə Rusiya, İran kimi dövlətlər barədə məlumat əldə edir. Bu məlumatlar da müəyyən məsələlərə təsir edə bilər.
Amerika da burada rahat işləyə bilir. Bu dövlət Azərbaycan əleyhinə işləyəsi deyil. Azərbaycan şimal və Qərbin maraqlarının toqquşduğu yerdir. Hər iki tərəf burada möhkəmləmək istəyir. Bu baxımdan Amerika Rusiya barədə buradan rahat şəkildə məlumatlar əldə edə bilər. Birmənalı başa düşmək lazımdır ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanda fəaliyyət göstərməsi dövlət əleyhinə deyil. Xüsusi xidmət orqanlarının fəaliyyət göstərmək üçün əraziləri genişdir. Azərbaycanda hansı ölkənin marağı varsa, həmin dövlətin xüsusi xidmət orqanının burada olması normaldır".
İ.İsmayıl xüsusi xidmət orqanlarının ölkələr daxilində fəaliyyət göstərmələrinin mənfi və ya müsbət olması ilə bağlı yaranan suallara da aydınlıq gətirdi: “Tutaq ki, hər hansı bir dövlət, məsələn, Rusiya və İran olsun, Azərbaycanın hazırkı mövqeyindən, apardığı siyasətdən razıdır, amma ölkəmiz daxilində dövlət əleyhinə hər hansı bir iş aparılır. O zaman aparılan bu iş həmin dövlətlərin də mənafelərinə ziddir. Ona görə də dərhal həmin məlumat dövlətə çatdırılır. Çünki onlar marağında olurlar ki, indiki dövlət, hakimiyyət sarsılmasın. Rusiya və İranın adını biz çox hallandırırıq, amma o demək deyil ki, bizə düşmən münasibəti bəsləyirlər. Digər tərəfdən, mümkündür ki, Azərbaycan daxilində fəaliyyət göstərən bir ölkənin xüsusi xidmət orqanı digər dövlətlərin maraqlarına cavab verməsin. Lap Ermənistanın özü belə olar bilər ki, apardığı siyasət Kremlin maraqlarına uyğun olmasın. Məsələn, o zaman Rusiya Azərbaycana deyə bilər ki, filan vaxt Xankəndindən ərazilərinizə top atılacaq. Əslində xüsusi xidmət orqanlarının bir-birilə əməkdaşlığı bu şəkildə olur”.