“Erməniləri tarixi faktlarla susdurduq” – Rəfi Qurbanov

3-07-2017, 12:29           
“Erməniləri tarixi faktlarla susdurduq” – Rəfi Qurbanov
22-23 iyun 2017-ci il tarixində Avstriyanın paytaxtı Vyanada şəhərində keçirilmiş ATƏT-in İnsan ölçüsü üzrə birinci əlavə görüşü baş tutub. Görüşdə 57 ölkədən dövlət və hökumət rəsmiləri, 70-ə yaxın beynəlxalq QHT və təşkilatlardan nümayəndələr iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov hafta.az-ın suallarını cavablandıraraq tədbirin əhəmiyyətindən və Azərbaycanın konfransdakı iştirakından danışıb.

-Rəfi müəllim, ATƏT çərçivəsində keçirilən tədbirdə əsasən hansı mövzulara toxunuldu?

-Görüşün gündəliyinə əsasən tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqi, irqi və dini ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, eləcə də fikir, əqidə, din və inanc azadlıqları və digər fundamental hüquqların təmin edilməsi kimi məsələlər daxil edilmişdi. Bundan əlavə, ATƏT məkanında yaşayan müsəlmanlar, yəhudilər və xristianlara qarşı dözümsüzlük və nifrət zəminində cinayətlərin artmasının qarşısının alınması sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin, baş verən bu kimi hallarla mübarizə üsullarının inkişaf etdirilməsi tədbirin əsas müzakirə mövzusu idi.

-Tədbirdə Azərbaycan hansı məsələləri müzakirə mövzusu kimi tədbirin gündəliyinə daşımışdı?

-Ermənistanın Azərbaycana təcavüzü və işğal faktı sonrası oradakı yüzlərlə tarixi, maddi-mədəniyyət nümunələrinin dağıdılmasını gündəliyə daxil etdirdik. Ermənilərin qabağına elə faktlar qoyduq ki, səslərini belə çıxara bilmədilər. Fotolar, tarixi sənədlər... Hamısını oradakı xarici ölkə təmsilçilərinə də göstərdik. Qeyd etdik ki, onlar bizim məscidlərimizi, müsəlman və qeyri-müsəlman tarixi abidələrimizi təhqir ediblər, dağıdıblar. Eyni zamanda ATƏT-nin fakt araşdırıcı missiyasının hesabatında göstərilən sübutları təqdim etdik. Bütün bunlar erməni vandalizmini, saxtakarlığını sübut edən faktlardır. Təbii ki, biz Azərbyacan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizin haqq işinə layiqli qiymətin verilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

-Bəs Azərbaycan nümayəndə heyətinin qaldırdığı məsələlərə üzv dövlətlərin münasibəti necə oldu?

-Biz bütün çıxışlarımızda beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması və bunun üçün aidiyyəti ölkə və təşkilatlardan adekvat addımların atılması üçün məsələlər qaldırdıq. ATƏT-ə üzv ölkələrin çoxu beynəlxalq hüquq normalarının bərpa olunmasını, eləcə də nüfuzlu beynəlxalq təşkilatların qətnamə və qərarlarının yerinə yetirilməsinin vacib olduğunu bildirdilər. Çox təəssüf ki, bu məsələdə bəzi Qərb dairələri sadəcə sözdə bizimlə həmrəylik nümayiş etdirir.

-Tolerantlıq müstəvisində müsəlman ölkələrə basqının kökündə daha çox hansı amillər dayanır? ATƏT çərçivəsində təmisl olunan müsəlman dövlətləri - Türkiyə, Albaniya və Azərbaycanı nəzərdə tuturam...

-Bəzi ölkələrdə tolerantlığın və dinlərarası dialoqun təşviqində siyasi iradənin olması bu sahədə müxtəlif ölkələrin tərcrübələrinin öyərnilməsi çox vacibdir. Dini qruplara və etnik azlıqlara qarşı dözümsüzlük, həmçinin, nifrət çıxışlarının artması kimi məsələlər bu gün çox aktualdır. Bütün bunların qarşısının alınması sahəsində həm hüquqi normativ bazananın, həm də institutsional çərçivənin olması çox vacibdir. Düşünürəm ki, bu sahədə müsəlman dünyası tərəfindən Azərbaycan təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi əhəmiyyətli olardı.

-Bəs xristian ölkələrdəki islamafob amillər müzakirə predmeti oldumu?

-Görüşdə iştirakçı ölkə və təşkilatlar tərəfindən qaldırılan əsas məsələlərdən biri də xüsusilə xristian ölkələrində müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması və bu halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməməsini gələcəkdə qarşısıalınmaz təhlükələrə gətirib çıxaracağını bildirilməsi idi. Digər tərəfdən, bəzi hallarda islamafobiyanın artmasının müsəlmanların özləri ilə bağlı olduğu müşahidə olunur. Bu tendensiyanın artmasına gətirib çıxaran digər amillərdən birinin də onlayn və yazılı mətbuatın rolu böyükdür. Görüş zamanı iştirakçı ölkələrdən Azərbaycan, Türkiyə, Qazaxıstan və digər ölkələr İslamafobiya ilə mübarizənin aparılması üçün ATƏT və digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən təkliflərin və xüsusi proqramın hazırlanmasının səmərəli olacağını təklif etdik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.