Rusiya ABŞ-ın təklifini 'düzgün addım' sayır
7-07-2017, 14:54
Vaşinqtonun Suriyada əməkdaşlıq təklifi düzgün istiqamətdə atılmış addımdır, ancaq ABŞ-ın bu ölkədə qeyri-uçuş zonaları yaratmaqla bağlı təklifinə dair əlavə bilgiyə ehtiyac var.
Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.
«Soruşmuşuq, ancaq qeyri-uçuş zonalarının nəyi ehtiva etməsi barədə sualımıza cavab ala bilməmişik, bu haqda danışıq olmayıb», – Lavrov iyulun 6-da Parisə səfəri zamanı deyib.
Rusiya hazırda İran və Türkiyəylə birlikdə dörd «de-eskalasiya zonası»nın yaranması planını gerçəkləşdirməyə çalışır. Həmin zonalarda hava zərbələrinin dayandırılması nəzərdə tutulur.
ABŞ dövlət katibi Rex Tillerson iyulun 5-də deyib ki, Birləşmiş Ştatlar qeyri-uçuş zonaları da daxil olmaqla, sabitliyin təminatından ötrü birgə mexanizmlər yaradılması ehtimalını araşdırmağa hazırdır.
Bu gün –iyulun 7-də ABŞ və Rusiya prezidentləri Hamburqda görüşməlidir.
ABŞ prezidenti Donald Trump vəzifəyə keçəndən az sonra demişdi ki, Suriyada «təhlükəsiz zona»ların yaradılmasını istəyir. Ancaq o, detallı plan irəli sürməyib.