Tramp və Putin arasındakı görüşdə ajiotaj

7-07-2017, 21:17           

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin onların Hamburqda G20 sammiti çərçivəsində keçirilən ikitərəfli danışıqları ətrafında yaranan güclü ajiotaja baxmayaraq, görüş zamanı jurnalistlərin suallarını cavablandırmamağı üstün tutublar.

Axar.az xəbər verir ki, dövlət başçıları danışıqlar üçün ayrılan otağa keçdikdən sonra jurnalistlər ora dəvət olunub. Bu zaman liderlər artıq kreslolarda öz yerlərini tutmuşdular və xarici siyasət idarələrinin rəhbərləri də onların yanında əyləşmişdilər.

Otuzdan çox jurnalist bir andaca otağı doldurub. Əvvəlcə Tramp, sonra isə Putin bir neçə kəlmə söyləyərək, bu cür birbaşa dialoqun vacibliyini bildiriblər. Qısa bəyanatlar verən liderlər bununla da görüşün mətbuat üçün açıq hissəsinin başa çatdığına işarə ediblər.

Jurnalistlər isə bir-birilərinə macal vermədən öz suallarını səsləndirməyə başlayıblar. Tramp və Putin suallara məhəl qoymadan, öz aralarında astaca danışmaqda davam ediblər. Prezidentlər yenidən əl sıxmaq xahişinə də reaksiya verməyiblər.

KİV nümayəndələrinin bu vurnuxması həm prezidentlərdə, həm də nazirlərdə təbəssüm doğurub. Bundan sonra jurnalistlər otaqdan çıxıb və görüş qapalı şəraitdə davam edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.