Üç ölkə səfirliyi qarşısında aksiya niyə keçirilmədi?

8-07-2017, 09:46           
Üç ölkə səfirliyi qarşısında aksiya niyə keçirilmədi?
Bəxtiyar Sadıqov: “Aksiya keçirmək uğurlu təşəbbüs deyildi”

İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini mərmi atəşinə tutmaları nəticəsində həlak olan 50 yaşlı Quliyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhra ilə bağlı ölkənin bir qrup gənclər təşkilatının təyin etdiyi mitinqin təxirə salınması suallar doğurdu. Qeyd edək ki, etiraz aksiyası ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri-Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirliklərinin qarşısında təşkil olunmuşdu.

Hətta aksiya təyin olunan gün Gənclər və İdman Nazirliyi ölkə gənclərini aktiv olmağa çağırmışdı. Lakin aksiya təyin olunan gün axşam saatlarında nazirlik etiraz mitinqinin təxirə salınması barədə rəsmi açıqlama ilə çıxış etdi. Açıqlamada aksiyanın təxirə salınmasını rəsmi qurum bu cür izah etdi: “Gənclər təşkilatları ilə keçirilən görüşün nəticəsi olaraq, belə qərara gəlindi ki, mövcud təcrübəyə görə beynəlxalq təşkilatlarla birbaşa görüşlər, bəyanatlar, müraciətlər və ən ümdəsi sosial resurslardan istifadə, ermənilərin Azərbaycana qarşı apardığı vandalizm və terrorizm aktlarını, azərbaycanlılara qarşı törətdikləri təcavüz və qəddar addımların dünya ictimaiyyətinə çatdırılmasında yürüşlə müqayisədə daha effektiv nəticə verir. Bu səbəbdən gənclər təşkilatları bu yürüşün keçirilməsinin təxirə salınmasına qərar verdilər”.


Amma bu açıqlama aksiyanın təxirə salınması səbəblərini tam üzə çıxarmadı. Bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən və mətbuatda gedən xəbərlərdən görmək olur. Yürüşün Dağlıq Qarabağ münaqişəsinin həllində açar rolunu oynayan üç həmsədr dövlətin Azərbaycanla münasibətlərinə zərbə vurmamaq üçün təxirə salınması barədə fikirlər daha çoxdur. Hökumətlə aksiyanın razılaşdırılmadığı üçün qərardan imtina edildiyini düşünənlər də az deyil. İstənilən halda yürüşün təxirə salınması qərarı sərt şəkildə qınanır.


YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında aksiyanın təxirə salınması ilə bağlı bunları dedi: “Mən o hadisənin içərisində olmadığımdan nəyə görə aksiyanın təxirə salındığı barədə danışmağa çətinlik çəkirəm. Gənclər belə təşəbbüslə çıxış etdilər, sonra saxladılar. Mən gənc deyiləm. Ermənilər növbəti dəfə faşist xislətlərini göstərdilər. Azərbaycan vətəndaşları ordusuna, prezidentinə, dövlətinə inanır. Həmsədr dövlətlərin səfirlikləri qarşısında aksiya keçirmək, məncə, düzgün olmazdı. Onsuz da həmsədrlərin fəaliyyətini çox yaxşı bilirik. Onların fəaliyyətsizliyini o dövlətə qarşı yönəltmək, səfirliyi qarşısında aksiya keçirmək düşünürəm ki, uğurlu təşəbbüs deyil. Dünyanın bütün dövlətlərinə, parlamentlərinə, Avropa Parlamentinə, AŞ PA-ya və digər beynəlxalq qurumlara müraciətlər olub. Sosial şəbəkələrdə gənclərimiz fəallıq göstərməlidirlər. Dünyanın hər yerində əlaqələri olanlara, eləcə də beynəlxalq qurumlara bu faktları göndərməli, 2 yaşlı Zəhranın şəkillərini çatdırmalıdırlar. Ən nəhayət, ATƏT-in Minsk Qrupundan tələb etməliyik ki, bəsdirin, sizin vəzifəniz vasitəçi olmaqdır. Amma siz hələ vasitəçilik etməmisiniz. BMT-nin 4 qətnaməsində qeyd olunur ki, erməni ordusu qeyri-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmalıdır. Amma bu məsələni Minsk Qrupu hələ də qaldırmayıb. Bu uşaq, nənə harada öldürülüb? Öz evində, torpağında öldürülüblər. Ermənilər Azərbaycan torpağında olmasalar bunları öldürə bilməzdilər. Çalışmalıyıq ki, ATƏT-in Minsk Qrupu qısa müddətdə sülh danışıqlarını təmin eləsin, BMT-nin qətnamələrinə əsasən Ermənistanı işğalçı adlandırsın, tələb etsinlər ki, qoşunlarını çıxarsınlar. Amma səfirlik vasitəsilə həmsədr ölkə kimi hər şeyi o dövlətlərin üzərinə yönəltmək məqbul variant deyil. Həmsədrlərin fəaliyyətsizliyi üzərində işləməliyik. Bizim vətənpərvər gənclərimiz yetişib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.