Müxalifət ölkə boyu yürüş keçirmək arzusunda - marşrutlar

11-07-2017, 09:53           
Müxalifət ölkə boyu yürüş keçirmək arzusunda - marşrutlar
Demokratik düşərgə təmsilçiləri yürüşün marşrutu ilə bağlı çeşidli ünvanlar göstərdi


Türkiyədə ana müxalifət partiyası olan CHP-nin təşkilatçılığı ilə 25 gün davam edən yürüş başa çatdı. Yüz minlərlə insanın qatıldığı “Ədalət yürüşü” Ankaradan başlanmışdı və 425 kilometr məsafə qət edilərək İstanbulda mitinqlə başa çatdı.

Yürüşün önündə əvvəldən sonadək CHP lideri Kamal Kılıcdaroğlu şəxsən gedirdi. Türkiyənin siyasi gündəmini 25 gün ərzində zəbt edən belə bir uzun məsafəli yürüş Azərbaycanda da diqqətlə izlənilirdi. Bəs Azərbaycanda da müxalifət belə bir yürüş keçirə bilərmi? Keçirmək istəsə, başlanğıc və son ünvan kimi hansı ünvanları seçər?


AXP sədri Pənah Hüseyn bildirdi ki, CHP-nin aksiyası öyrənilməli hadisədir. Lakin eyni ilə olduğu kimi Azərbaycan müxalifətinin də onu tətbiq eləməsinə bəlkə də ehtiyac yoxdur: “Həm buna, həm də belə bir yürüş barədə qərar olmadığına görə onun haradan başlayıb harada yekunlaşması barədə bir fikir söyləyə bilmərəm”.


Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Türkiyədəkinə bənzər yürüş etmək barədə heç vaxt düşünməyib: “Belə bir düşüncəmiz və ya qərarımız olarsa, o zaman yürüş üçün hansı marşrutu seçmək barədə fikir bildirmək olar. Düşünmədiyim bir şey barədə də fərziyyələr irəli sürmək ciddi olmaz”.


AĞ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, Türkiyə ilə Azərbaycanın belə məsələlərdə müqayisə edilməsi mümkün deyil: “Birincisi ona görə ki, Türkiyədəki demokratik durumla Azərbaycandakı demokratik durumun vəziyyəti fərqlidir. Orada kifayət qədər demokratik azadlıqlar var, hansı ki, bu azadlıqlardan da müxalifət geninə-boluna istifadə edir. Baxmayaraq ki, mənim subyektiv yanaşmam bu yürüşün Türkiyə Cümhuriyyətinin maraqlarına və qarşısına qoyduğu böyük hədəflərə qətiyyən uyğun olmadığı yönümündədir. Buna baxmayaraq, Türkiyə hökuməti bu yürüşün təşkilinə heç bir əngəl törətmədi, müxalifətə tam şərait yaratdı və bütüm marşrut boyu yürüşçülərin təhlükəsizliyi dövlət tərəfindən ən yüksək səviyyədə qorundu. Ancaq Azərbaycanda nəinki günlərlə davam edəcək 100 km-lik yürüşlərə, heç dəqiqələr çəkən 100 metr yürüşə belə bu cür şərait yaradılmır. Əgər biz AĞ Partiya olaraq belə bir yürüş təşkil etmək istəsəydik, yəqin ki, başlanğıc nöqtəsi kimi cümhuriyyətimizin banilərinə sayğı olaraq Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuş Gəncə şəhərindən başlayaraq, Qarabağımız uğrunda şəhid olmuş minlərlə şəhidlərimizin müqəddəs ruhlarına sayğı olaraq işğaldan azad edilmiş Lələtəpə yüksəkliyindən keçərək, bu gün Azərbaycanın demokratikləşməsi uğrunda azadlıqlarından keçmiş bütün siyasi məhbuslara sayğı nümayişi kimi Kürdəxanı təcridxanasından keçərək, Bakımızın və bütün Azərbaycanımızın erməni-rus bolşevik terrorçularından azad edilməsi üçün şəhid olmuş yüzlərlə Osmanlı-türk əsgərlərinin ruhuna sayğı olaraq Türk şəhidliyindən keçərək, 1990-ci illərdə Azərbaycanın SSRİ-dən ayrılması üçün canlarından keçmiş “20 Yanvar” şəhidliyindən və Qarabağ şəhidlərinin məzarı önündən keçərək, son nöqtə kimi Azadlıq meydanında möhtəşəm mitinqlə yekunlaşdırardıq. Məncə, sadaladığım marşrut üzrə təşkil olunacaq yürüş indiki məqamda Azərbaycan xalqını daha da birləşdirər, xalqa özgüvəni qaytarar və bütün dünyaya da Azərbaycanın hələ ayaqda olduğunu və öz haqları uğrunda bütün dünya gücləri ilə üzləşməyə hazır olduğu mesajını verər. Ancaq təəssüf olsun ki, hələlik belə bir yürüşü təşkil etmək üçün nə siyasi mühit, nə maddi texniki baza və nə də xalqın və müxalifətin birliyi yoxdur. Əminəm ki, bu şərait yaxın zamanlarda sürətlə müsbətə doğru dəyişəcək".


KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirdi ki, Azərbaycanda da Türkiyədəki kimi yürüş keçirmək mümkün ola bilər, amma ölkədəki siyasi durum, hakimiyyətin buna necə yanaşacağı bəllidir: “Tutaq ki, Gəncədə toparlanıb Bakıya yürüş olsa, hökumət buna imkan verəcək? Əlbəttə yox. Yürüşün qarşısı anındaca alınacaq. Yürüş iştirakçılarını Zazalı polis postundan bəri buraxmayacaqlar”.


VİP sədri Əli Əliyev də hesab edir ki, Türkiyədəki siyasi şəraiti bizimlə müqayisə etmək mümkün deyil. Çünki kökündən fərqli münasibətlər sistemidir: “Təsəvvür edirsinizmi ki, Azərbaycanda müxalifətin kiçik məsafəli tədbirinə razılıq verilsin? Türkiyədə 25 gün terror təhlükəsinə rəğmən polis yürüşü mühafizə etdi. Belə şəraitdə siyasi rəqabətə qiyməti seçici verir. Bizdə belə aksiya təşəbbüskarlarına hansı epitetləri tapacaqlarını heç düşünürsüzmü? Əlbəttə ki, imkan yaradılsaydı Şəhidlər Xiyabanından başlayıb təmas xəttindəki mövqelərimizə uzanan marşrut üzrə yürüş həyata keçirərdik”.
VHP İcra Aparatının rəhbəri Samir Əsədli də dedi ki, Azərbaycanda da müxalifətin gücü və potensialı imkan verir bu formalı yürüşlər keçirməyə. Lakin təəssüf ki, hökumət bu cür aksiyalara imkan vermir: “Əvvəllər 20 Yanvar meydanından Qələbə meydanına yürüş keçirilirdi. İndi buna icazə verilmir. Hökumət qarşısını almasa Gəncədən və ya Şəkidən yürüşə başlayıb Bakı və ya Sumqayıtda bitirməklə yürüş keçirmək olar. Bizdə azad televiziyalar olmadığı üçün bunun tam təbliğatını aparmaq da çətindir. Bircə sosial şəbəkələr, azsaylı saytlarda bu təbliğatı aparmaq olar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.