Məmmədyarovla müzakirədən saatlar öncə Nalbandyan Lavrovla niyə görüşüb? - QAPALI GÖRÜŞÜN SİRRİ

12-07-2017, 10:24           
Məmmədyarovla müzakirədən saatlar öncə Nalbandyan Lavrovla niyə görüşüb? - QAPALI GÖRÜŞÜN SİRRİ
Dünən Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu görüşdən öncə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qeyri-formal iclasında iştirak edən Rusiya xarici işlər naziri Sergey Lavrovla bağlı qapılar arxasında müzakirələr aparıb.

Publika.az xəbər verir ki, Nalbandyanla Lavrovun bağlı qapılar arxasında nələri müzakirə etdiyi dəqiq bilinmir. Lakin Məmmədyarovla görüşdən saatlar öncə Nalbandyanın Lavrovla qapalı görüşməsi və nələr müzakirə etməsi maraq doğurur.

Hesab etmək olar ki, Nalbandyan Lavrovla Rusiya-Ermənistan münasibətlərinə dair hansısa nüansları müzakirə edib. Ermənistan tərəfinin rəsmi məlumatında isə bildirilir ki, görüşdə Dağlıq Qarabağla bağlı Vyana və Sankt-Peterburq razılaşmaları haqda da fikir mübadiləsi aparılıb.

Minsk qrupunun həmsədr ölkəsi olan Rusiyanın baş diplomatının Məmmədyarov-Nalbandyan görüşündən saatlar öncə Qarabağ məsələsini Nalbandyanla müzakirə etməsi şübhələrə yol açır. Və ortaya iki yanaşma çıxır:

Birinci: Lavrov Nalbandyanı Məmmədyarovla görüşdə hansı şərtlər irəli sürəcəyi, yaxud nəyə razılaşıb, nədən imtina edəcəyi ilə bağlı təlimatlandırıb.

İkinci: Hesab etmək olar ki, Lavrov Məmmədyarovla görüşə gedən Nalbandyana danışıqlardan geri çəkilməməyi, xüsusilə Sankt-Peterburq razılaşmaları (Rusiyanın təşəbbüsü ilə irəli sürülən razılaşmalar: ərazilərin qaytarılması və mövcud status-kvonun dəyişməsini özündə ehtiva edir. Moskvanın əsas marağı münaqişəni bu çərçivədə həll edib öz qoşunlarını sülhməramlı missiya ilə regiona yerləşdirməkir) ilə bağlı məsələyə mane olmamağı tövsiyə edib.

Məmməyarov-Nalbandyan görüşünün detalları məlum olmadığı üçün bu haqda konkret nəsə demək mükün deyil.

Lakin o da mümkündür ki, Lavrov-Nalbandyan görüşündə Qarabağ məsələsinə toxunulub, əsas müzakirə mövzusu isə ikitərəfli məsələlər olub. Nəzərə alsaq ki, iyulun 9-da Azərbaycanın Rusiyadan aldığı silahların yeni partiyası Bakıya gətirildi və bu, Ermənistanda ciddi narazılığa səbəb oldu, ehtimal etmək olar ki, Nalbandyan fürsət yaranmışkən rusiyalı həmkarına narazılığını ifadə etmək üçün görüşüb.

Ermənistan mediasında Lavrov-Nalbandyan görüşünə dair yer alan xəbərlər də diqqət çəkir.

“1in.am” saytı yazır ki, Nalbandyan Lavrovla görüşdə Rusiyanın Azərbaycana göndərdiyi silahlar haqda ümumiyyətlə danışmayıb.

“Edvard Nalbandyanın cəsarəti çatmadı ki, rusiyalı həmkarından Azərbaycana verilən silahların izahatını tələb etsin. Görünür, görüşdə Nalbandyan sadəcə susub, Lavrov isə diktə edib”, - deyə sayt qeyd edir.

Ermənistan mediasının bu yanaşması “Lavrov Nalbandyana Məmmədyarovla görüşdə razılaşmalardan qaçmamağı tövsiyə edib” fikrini gücləndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.