Parlament seçkilərinin vaxtı açıqlandı
21-08-2015, 11:56
Bu gün Mərkəzi Seçki Komissiyasında Dairə Seçki Komissiyalarının sədrləri üçün müşavirə keçirilir.
“Qafqazinfo” xəbər verir ki, müşavirədə MSK sədri Məzahir Pənahiv, vitse-spiker Ziyafət Əsgərov, PA rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun birinci müavini Rüstəm Usubov, Daxili İşlər Nazirinin müavini Oruc Zalov, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və digərləri iştirak edir.
Tədbiri giriş sözü ilə açan MSK sədri M. Pənahov bildirib ki, seçkilərə rəsmi start bu ayın sonunda veriləcək: “Seçkilərin keçirilməsində müxtəlif dövlət orqanlarının məsuliyyəti var. Dünyanın istənilən ölkəsində müxtəlif qurumlar müəyyən səlahiyyətlərə malikdirlər və onlar bu səlahiyyətləri yerinə yetirilməlidir.
Aşağı seçki komissiyaları ilə bu qurumlar arasında əlaqələr olmalıdır. Demokratik seçkilərin keçirilməsi üçün bir sıra addımlar atılmalıdır. Ölkədə ictimai siyasi sabitlik olmalıdır. Azərbaycan da ictimai siyasi sabit ölkələrdən biridir.
İkincisi isə ciddi Seçki Məcəlləsi olmalıdır. Seçkilər şəffaf keçirilməlidir. Vətəndaşlara seçkini müşahidə etmək üçün şərait yaradılmalıdır. Şəffaflığın təmin olunması üçün məntəqələrdə veb kameralar quraşdırılıb. Bizdə də məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb”.