Rusiyada daha uzaq məsafəyə malik yeni "Kub-10E" kamikadze PUA peyda olub
Dünən, 11:37
"Kub-10E" adlı yeni kamikadze dron düşmənin zirehli olmayan hərbi texnikasını və zirehli transportyorlarını, komanda məntəqələrini, hava və raketdən müdafiə obyektlərini məhv etmək üçün nəzərdə tutulub.
Rusiyanın "Kalaşnikov" konserninin mütəxəssisləri "Kub-10E" adlı yeni kamikadze dron hazırlayıblar.
Təfərrüatları konsernin baş direktoru Alan Luşnikov "TASS"a müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, yeni dron yüksək performansa malikdir. Belə ki, atış məsafəsinin uzunluğu və döyüş gücü bütün əvvəlki versiyaları "əhəmiyyətli dərəcədə üstələyir".
"Yeni kamikadze-dron düşmənin zirehli olmayan hərbi texnikasını və zirehli transportyorlarını, komanda məntəqələrini, hava və raketdən müdafiə obyektlərini məhv etmək üçün nəzərdə tutulub" - Luşnikov izah edib.
Kamikadze-dronun sayəsində, həmçinin radiotexniki kəşfiyyat, elektron müharibə və arxa təminat obyektlərini də məhvolma təhlükəsi gözləyəcək.
"Kub-10E" katapultla buraxılacaq. O, saatda 100 kilometrə qədər kreyser sürətinə çatmağa qadirdir. Hündürlük diapazonundan danışsaq, bu rəqəm uçuş zamanı 100 metrdən 2,5 min metrə qədər çata bilər.
Daha əvvəl bildirilmişdi ki, "Kalaşnikov" konserni "İnterpolitex-2024" beynəlxalq sərgisində təkmilləşdirilmiş "AK-12" avtomatını təqdim edib. Avtomat xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin şərhləri nəzərə alınmaqla yenilənib.