440 min manat ziyan vuranın yeri-yurdu bəllidir... - Amma onu İnterpol axtarır...

25-02-2016, 21:40           
440 min manat ziyan vuranın yeri-yurdu bəllidir... - Amma onu İnterpol axtarır...
Ötən ilin dekabrında ölkə mətbuatında bildirilmişdi ki, Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluq edən şəxs barəsində beynəlxalq axtarış elan edib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 38 yaşlı Rəvan Əliyev dələduzluqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. R. Əliyev vətəndaşların 440 min manat məbləğində pulunu mənimsəyib.

Xatırladaq ki, bu barədə geniş olaraq 2015-ci 17 fevral tarixində Qafqaznews.az saytında dərc olunan “Dələduzluğun qurbanı olan vətəndaş Fuad Ələsgərovdan kömək istəyir” başlıqlı yazıda bəhs olunurdu. Həmin yazıda Bakı şəhəri, Binəqədi rayon sakini Malıyev Elşən Böyükağa oğlu Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcə dövlət müşaviri cənab Fuad Ələsgərova müraciət etmiş, ona 440 min manat ziyan vuran şəxslərin məsuliyyətə cəlb olunmasını xahiş etmişdi. Biz Elşən Malıyevlə əlaqə saxladıq, məsələnin araşdırılmasında nələrə nail olunduğunu soruşduq.

O qeyd etdi ki, ötən il onun Fuad Ələsgərova müraciətindən sonra məsələ təkrarən hüquq mühafizə orqanlarının gündəminə gətirilib, lakin Rəvan Əliyevin ölkədən qaçdığına görə, barəsində cinayət axtarışı elan edilib. “Rəvan Əliyev 2014-cü il oktyabrın 18-də ölkədən çıxıb, Moskvaya uçub. Hazırda da Moskvada yaşadığını güman edirik. Lakin bu istiqamətdə hələ bir nəticə yoxdur. Ümid edirəm ki, Rusiya daxili işlər orqanları da dələduzun yaxalanaraq Azərbaycana təhvil verilməsində əllərindən gələni edəcəklər.

Birinci dəfə şikayətim hüquq mühafizə orqanları tərəfindən ciddiyə alınmadı və Rəvan Əliyev kimlərləsə razılaşaraq ölkədən qaçdı”, – deyə E.Malıyev bildirib. O, araşdırmanın yalnız Rəvan Əliyevin ətrafında getməsindən də razı deyil: “Ruhin istintaqa cəlb olunmayıb, ifadə verib, amma nə dediyindən xəbərim yoxdur. Onu məsuliyyətə cəlb etməli idilər. Bu məsələ Ruhin Əliyevin də rolu olub, əminəm ki, Rəvanın harda olmasından xəbəri var. İnanıram ki, ciddi araşdırma getsə, telefon zəngləri də araşdırılsa, mütləq Rəvan Əliyevin barəsində məlumatlar üzə çıxacaq”. Mövzunu diqqətdə saxlayacağıq. Əlavə fikir və iradları da dərc etməyə hazırıq.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.