Paytaxt meriyası parkomatları ağacların arasına da "əkir"... - FOTOFAKT

30-03-2016, 11:33           
Paytaxt meriyası parkomatları ağacların arasına da "əkir"... - FOTOFAKT
...Bakıda artıq hamı öyrəşib ki, qulaq gündə meriyanın hoqqalarından bəhs edən bir təzə nəsə eşitməsə, göz nəsə görməsə, adam özünü nəsə birtəhər hiss edər... Bu "nəsə"lərdən sonuncusu Bakı Şəhər İcra Hakimiyyətinin parkomat siyasətidir... Heç kimə qəribə gələ bilməz ki, məsələn, yatıb səhər yuxudan duranda bir də görə bilər ki, Hacıbala Abutalıbov onun yaşadığı blokun girişinə parkomat quraşdırıb, sayğac qoyub. Bircə tualetimiz qalıb ki, sayğac qoyulmasın!
Bəli, indi Bakıda harda gəldi və hara gəldi parkomat quraşdırılır, kiminsə hardasa bekar-behdin qohumu var, bir forma geyindirib əlinə də bir dubinkafason nəsə verib deyir ki, get, maşın saxlayanlardan pul qopart. Və bu bekar zümrə düşür Bakının küçə və parklarına, yol kənarı və ya küçə boyu, binaların həyətində boş yer görən kimi dərhal "Rəis, boş yer tapmışam" sevinci ilə parkomatlaşdırmaya başlayır...

Parkomat tıxacların aradan qaldırılması üçündür, yoxsa onsuz da kasıb əhalinin cibinə girmək siyasətidir?

Bəli, özümüzü hərdən oxşatmaq istədiyimiz Avropa ölkələrində parkomatlar avtomobillərin parklanmasını nizamlamaq, yollardakı pərakəndəliyi, nəqliyyatın normal hərəkətini tənzimləmək üçün tətbiq edirlər. Məsələn, bu sətirlərin müəllifi olaraq Gürcüstanda, Türkiyədə... olarkən bunu ayrıca araşdırmışam... Bakıda isə məqsəd tamam fərqlidir. Yuxarıda dedim, insanların istirahət etməli, oturub durmalı yerlərini zəbt edib parkomat quraşdırırlar. Məsələn, bu gün Bakının Dənizkənarı Bulvarına çıxıb diqqət yetirsəniz, bulvarı bomboş görəcəksiniz. Ona görə ki, Bulvara ailə üzvləri ilə gəzməyə gəlmək istəyən 1-2 saatlıq gəzintinin əvəzində avtomobilini Azadlıq meydanının altındakı parklamaya 4-5 manat pul verməklə təmin etməlidir.
Paytaxtın digər yerlərindəki istirahət parkları da eyni aqibəti yaşayır. Çünki həmin parkların dörd tərəfini parkomatlarla doldurub istirahət etmək, əsəblərini sakitləşdirmək istəyənlərin kefinə 5-6 manatlıq pul ödəməsi ilə soğan doğrayırlar. Təsəvvür edin, bu minvalla hava udmağa görə ayda Meriyanın parkomat fırıldaqçılarına 150-200 manat pul verməlisən. Bəs bu istirahət parkları kimdən və nədən ötrüdür? Dövlət külli miqdarda pul xərcləyib istirahət parkları yaradır və adı da olur əhalinin səmərəli istirahəti üçün yaradılmış parklar! Elə isə, bunun harası səmərəli istirahət oldu? Belə çıxır ki, Bakı Meriyası parklarda oturub hava udmağı da pullu edib, bu parkları əhaliyə icarəyə verib.
Yaxşı, bu məsələyə də Prezident qarışmalıdır??? Evdən çıxan artıq yolunu necə getmək barədə yox, avtomobilini iş yerinin qarşısında saxlayarkən nə qədər pul ödəmək barədə düşünür... Əhalinin vergi ödənişləri sayəsində yaradılan istirahət parkları niyə əhaliyə pullu edilməlidir?

Parklardakı ağacların arasına "əkilmiş" parkomatlar!

Dünən Bakının 8 km qəsəbəsində, məşhur bazarın qarşısındakı 9 mərtəbəli biunada yaşayan sakinlərdən biri "Təzadlar"ın elektron poçtuna şikayət yazmışdı. Şikayətdə bildirilirdi ki, bina sakinlərinin istirahəti üçün nəzərdə tutulmuş parkdakı ağacların düz arasına, parkın içərisinə parkomat basdırıblar, parkı "avtostoyanka"ya döndəriblər...
Bu gün şikayətdə bəhs olunan əraziyə baş çəkdim. Həqiqətən də Hacıbala Abutalıbovdan hər cürə sensasiya eşidib görmüşdüm, amma beləsini yox. Fotokameranın yaddaşına köçürdüyüm bu şəkillərə baxıb təəssüf hissi ilə Bakı Meriyasının bu hərəkətinə hüquqi-mənəvi qiyməti qoy oxucular versin! Yaşıllaşdırma işçiləri illərdən bəri əkib qoruduğu bəzək ağaclarının dibində parkomat "əkənin" ağlına necə şübhə etməyəsən.
İnanırıq ki, bu acı mənzərə aidiyyəti qurumların, xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nizami rayon şöbəsinin işçiləri bu rüsvayçılığa aydınlıq gətirəcəklər...














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.