Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”

Bu gün, 08:36           
Bakı ilə bağlı qorxunc durum: nə etməli? –
Türkiyəli aktrisa Nurgül Yeşilçayın İstanbuldan köçməsi sosial şəbəkələrdə geniş müzakirə olunur. Bu tendensiya təkcə Türkiyədə deyil, dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə edilir. Məşhur simalar sıxlıqdan, tıxaclardan və insanların aqressiv davranışlarından yorularaq böyük şəhərləri tərk etməyə üstünlük verdiklərini bildirirlər. Məsələn, azərbaycanlı müğənni Abbas Bağırov da bu səbəbdən paytaxt Bakını tərk edərək Gəncəyə köçmüşdü. O, şəhərdəki tıxacların gündəlik həyatına mənfi təsir etdiyini bildirmişdi.

Bu proses gələcək üçün nə vəd edir

Globalinfo.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, sözügedən proses inkişaf etmiş dövlətlərdə azı 20-30 ildir, davam edir:

“Bir sıra Avropa ölkələrində, ABŞ-da, Yaponiyada şəhərlər ekoloji, sosial, iqtisadi, sağlamlıq, psixoloji cəhətdən yaşanmaz vəziyyətə çatıb. İmkanı olan şəxslər, xüsusilə də məşhur insanlar, biznesmenlər çalışırlar ki, kiçik şəhərlərə, kəndlərə köçsünlər, orada fəaliyyət göstərsinlər. Meqapolislərin yaranması qeyri-təbii həyat formasının ortaya çıxmasına səbəb olur. Şəhərlər artıq dəhşətli məkana çevrilib. Ona görə də bütün imkanlardan istifadə edərək, qaçmaq lazımdır. Digər tərəfdən, Avropa ölkələrində paytaxt əhalisi çox azdır. Azərbaycanda isə insanların 50 faizi Bakıda məskunlaşıb. Regionlarda yaşamaq üçün imkanlar yoxdur. İş yerləri azdır, sosial-mədəni obyektlər yoxdur və sair. Belə şəraitdə bizdə əks proses – şəhərə axın daha sürətli gedir, nəticədə kəndlər, regionlar boşalır”.

Sosioloq bildirib ki, Bakıda müşahidə olunan sıxlıq həm də xəstəlik mənbəyinə çevrilir:

“Yaxın 15 ildə şəhərlər dəhşətli vəziyyətə çatacaq. Yaşayış xərcləri həddən artıq bahalaşacaq, ekoloji durum pisləşəcək, hərəkət imkanları çətinləşəcək. Ona görə də indidən ağıllı insanlar şəhərlərdən kənara köçməyə çalışırlar. Regionları inkişaf etdirmək, Bakıdakı əhalinin ən azı yarısını regionlara yönəltmək lazımdır. Bu baxımdan, “Kəndə qayıdış” adlı böyük bir proqram hazırlanmalı, regionlarda müxtəlif vergi güzəştləri, dövlət yardımları, biznes kreditləri, özünüməşğulluq çərçivəsində dəstəklər və sair olmalıdır. Eyni zamanda işğaldan azad olunmuş ərazilər çox böyük potensiala malikdir, elə bir milyon insanı ora köçürmək mümkündür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.