Ukraynaya hərbi müdaxilə enerji bazarına necə təsir edəcək? - "Avropa asılılıqdan yaxa qurtara bilər..."

26-02-2022, 08:01           
Ukraynaya hərbi müdaxilə enerji bazarına necə təsir edəcək? -
"Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Avropanın enerji təchizatında köklü dəyişiklər yaradacağını proqnozlaşdırmaq olar".

"AzPolitika.info" xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.


Ekspertin sözlərinə görə, xam neftlə bağlı problem ciddi deyil - Rusiyanın qlobal təchizatda cəmi 10% pay var.

"İranın bazara qaytarılması, digər iri istehsalçıların istehsalını artırmaqla Rusiya hesabına yaranan boşluğu aradan qaldırmaq o qədər də çətin görünmür",- o qeyd edib.

R. Ağayev əlavə edib ki, qısamüddətli dövrdə əsas problem Avropanın qaz təchizatı ilə bağlı ola bilər, çünki Avropa bazarına Rusiya ildə orta hesabla 160-170 mlrd. kub təbii qaz göndərir. Bu da Avropanın bütün istehlakının təxminən üçdə biri qədər.

"Amma hətta bu münaqişəyə qədər də Avropanın qaz təchizatının strukturunda dəyişiklik baş verməyə başlayıb. Belə ki, 2010-2020-ci illərdə Avropanın qaz idaxalında sıxılmış (LNG) qazın xüsusi çəkisi 27%-dən 35%-ə yüksəlib. Həmin dövrdə ABŞ-ın Avropaya qaz ixracatında ciddi irəliləyiş olub. ABŞ 10 il əzrində özünün qaz idxalını 35% azaltmaqla çox kiçik bir rəqəmə endirə bilib. Amma əvəzində qaz ixracını 4,5 dəfə artırıb. LNG ixracını 50 dəfədən çox artaraq 65 mlrd. kubmetrə qədər yüksəlib. Hazırda Avropanın LNG idaxlında 40% payla ABŞ liderdir. Bu dövrdə Rusiyanın qlobal qaz təchizatının həcmi isə demək olar ki, dəyişməyib - təxminən 220 mlrd. kub",-iqtisadçı qeyd edib.

R.Ağayevin sözlərinə görə, Avropanın Rusiyanın qaz asılılığından tam qurtarması üçün təxminən 120 mln. ton LNG tələb olunur: "Hazırda 5 aparıcı LNG ixracatçısının (Avstarliya, Qətər, Əlcəzair, ABŞ və Malayziya) ümumi ixracı 300 mln. ton LNG təşkil edir. Orta dövrdə bu ölkələrin əsas ixrac bazarına çevrilməklə Avropanın Rusiyanın enerji hökmranlığından qurtarması real görünür".

Ekspert hesab edir ki, SWIFT-dən qopartmaqla daxil Rusiyaya qoyulan maliyyə və iqtisadi sanksiyalar da öz təsirini göstərəcək: "Amma Rusiyanın aqressivliyini yalnız onun enerji asılılığına son vermək durduracaq. Müasir elmi-texnoloji transormasiyada heç bir rolu olmayan bu qoca imperiya hamını nefti-qazı ilə şantaj edir. Ona görə keçmiş rəhbəri Medvedyev dünən Avropaya göz-dağı olmaq üçün "2000 dollarlıq qaza xoş gəldiniz" yazmışdı".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.